Ramilə Əliyeva: “Arzum səmalarda hey qanad çalır…”

10 min read

Əliyeva Ramilə Zahid qızı – 1977-ci il dekabrın 13-də Bakı şəhərində do­­ğulub. Orta təhsilini 1995-ci ildə bi­­­tirib, elə həmin ildə Bakı Dövlət Üni­versitetinin biologiya fakultəsinə qə­­bul olunub. Bioloq-fizioloq ixtisa­sı­na yiyələnib. Ailəlidir. 3 övladı var.

Ədəbiyyata olan dərin marağı, öz duy­ğu və dü­şün­cələrini mis­ralara çevirməyə imkan verib. 2021-ci ildən da­vamlı şeirlər yaz­mağa başlayıb. İlk şeirini anasına ünvanlayıb. Analı dün­ya­sı­nı misralara köçürüb.

Azər­baycan ədəbi fikrinə yeniliklər gə­tirmək arzusunda olan Ramilə xanımın duyğu və düşüncələrini ifadə edən şeirləri müx­­təlif dövrü mətbuat orqanlarında, o cümlədən, “Bütöv Azər­­baycan”, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “Tur­k­ay” aylıq ədəbiyyat dərgisində, zim.az, zirve.info, zir­ve.in­fo.az, zefer.info.az, yurd.info.az və s. internet saytla­rında, “Zir­və” və “Zəfər” ədəbi-bədii, elmi-publisistik məcmuələrin­də, “Şam işığı” ədəbi-bədii məcmuəsində, “Nur ocağı” ədəbi-bədii məc­lisinin antologiyalarında, “Kəlağayı əlvan-qıy­qacı”, “Anam kəlağaylı bir muğamıydı” və s. kitablarda çap olunub.

Qəmgin naxışlara tuş gəldi ömrüm,

Mən baharda xəzan ömrü yaşadım.

Cəhd elədim ağlamayım, hey gülüm,

Xəyalları pozan ömrü yaşadım.

– deyən Ramilə xanım hazırda “Borçalı” nəşriyyatının re­dak­­toru, “Yurd.info.az” saytının şöbə müdiridir.

“Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər” “Qızıl qələm” mükafatları lau­reatlarıdır.

Biz də Ramilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşa­ğı­da onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

 

ANALAR

Qəlbimdə bir gözəl nəğmə dolaşır,
Bir həzin şeirin sətri duyulur.
Hissim qanadlanır, dolaylar aşır,
Anamın o kövrək ətri duyulur.

Nə şirin kəlmədir, “Ana” kəlməsi,
Ürəyim titrəyir, əllərim əsir.
Bizə həyat verən ruhu, nəfəsi,
Əbədi cənnətə yaman tələsir…

Duyğular hissimin ifadəsidir,
Mənə ümid verən analı dünyam.
Bircə dəfə can söyləsə bəs edir,
Rahat olam, mışıl-mışıl uyuyam.

Övladına bəxş etdiyi sevgiylə,
Zirvələr fəth edir,ucalır ana.
Sonsuz zəhmətiylə,əziyyətiylə,
Hər gün damla-damla qocalır ana…

Cənnətin müjdəsi, gözəl analar,
Sizsiz dünya sıxıntıdır, qəfəsdir.
Sevgisi təkrarsız, özəl analar,
Qayğınız, sevginiz ruhdur, nəfəsdir!

Sevgisin ilmətək, düzər analar,
O sevgi övlada bir ömür bəsdir!

ANA ÜRƏYİ

Sevgidən yaranıb sevinc payımdır,
Şeirimdir,nəğməmdir ,duyğularımdır,
Gündüzlər günəşim, gecə ayımdır,
Sirli kəhkəşandır, ANA ÜRƏYİ.

Qayğısı tükənməz, istəyi sönməz,
Müqəddəs yolundan, eşqindən dönməz,
Bəzən susqun olar,danışmaz,dinməz,
Bir sirli məkandır, ANA ÜRƏYİ.

Sarsılsan, yorulsan, yanlışa uysan,
Qəlbinə həsrətdən qəm yükü qoysan,
Hüzura, sevgiyə ehtiyac duysan,
Ən doğru ünvandır, ANA ÜRƏYİ.

Varlığı dünyanın özü qədərdir,
Yoxluğu hüzündür, qəmdir, kədərdir.
Sakit bir limandır, coşqun Xəzərdir,
Dalğalı ümmandır, ANA ÜRƏYİ.

Laylası həzindir, duyğusu dərin,
Baxar, hey yollara qəmli gözlərin,
Nigaran baxışın, müdrik sözlərin
Dərdlərə dərmandır,ANA ÜRƏYİ,
Tədbiri-loğmandır, ANA ÜRƏYİ.

Sevgisini səxavətlə paylayar,
Bəzən küsər,için-için ağlayar,
Duyğuları coşar,daşar çağlayar
Şeirdir, dastandır,ANA ÜRƏYİ.
Əlvan bir bustandır*, ANA ÜRƏYİ.

*Bustan – gül bağçası

ANAMLA SÖHBƏT

(Anamın məzarını ziyarət edərkən…)

Gəlmişəm mən yenə məzarın üstə,
Yenə fikirlisən, yorğun mələyim.
Güllər gətirmişəm mən dəstə-dəstə,
Bilmirəm… heç buna varmı gərəyin..?

Sənin nəvazişin çırağım idi,
Daim nur saçırdı ömür yoluma.
Sənin hər tumarın darağım idi,
Gözəllik verirdi sağım-soluma.

Sən mənim tükənməz sevgi dənizim,
Mən sənin köksündə ləpələr idim.
Ay mənim dəyərlim,ruhum əzizim,
Sevgini şəfəqtək səpələr idin…

Bir bahar ömrünə qonaq oldun sən,
Borandan xəbərsiz, çəndən xəbərsiz .
Mənə həmdəm oldun, dayaq oldun sən,
Keçmədi günlərin qəmsiz-kədərsiz.

İndi dayanmışam məzarın üstə,
Kövrək xatirəylə, duyğuyla dolu.
Kimini şah etdi,kimini xəstə,
Kimiyə dərd verdi bu ömür yolu…

KƏLAĞAY

Zərif naxışların incə çələngi,
Yaraşır gəlinə, qıza kəlağay.
Keçmişlə bu günün birgə ahəngi
Gözəllik bəxş edir gözə kəlağay.

Sanki nənələrin tül boğçasıdır,
Bağban becərdiyi gül bağçasıdır.
Butalar düzülüb dürr taxçasıdır,
Abırsan, ismətsən bizə kəlağay.

Tarix yaşadırsan özündə hər an,
İtmir gözəlliyin keçsə də zaman.
Şöhrətinə şahid külleyi – cahan,
Sığmır gözəlliyin sözə kəlağay.

ATA

Sənə əl uzatdım,çatmadı əlim,
Səslənmək istədim, dönmədi dilim,
Sənsiz keçir artıq hər ayım, ilim
Nəm olub gözümə dolmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA.

Hər il dünya yaz libasın taxacaq
Çox sevdiyin bənövşələr çıxacaq
Bu sənsizlik məni daim sıxacaq
Könlümə həsrətdən yolmusan, ATA?
Kövrək xatirəmdə qalmısan, ATA.

Şirin-acı xatirələr hallanır,
Qəmli gözlər keçmişlərə boylanır
Fikrim sənli günlərimə yollanır
Qəlbimə bir niskil salmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Kədər kölgələnib yetim gözündə,
Artıq itib yanlış,doğru sözümdə
Səndə gördüm iradə də,dözüm də
Yenə fikirlərə dalmısan, ATA
Kövrək xatirəmdə qalmısan, ATA.

Qəmli xatirələr ruhumu didir
Sənsizlik duygusu məni incidir
Agriya-acıya dözmək çətindir
İndi soyuq məzar olmusan, ATA,
Kövrək xatirəmdə qalmısan, ATA.

MÜƏLLİM ÖMRÜ

Qayğıyla, sevgiylə zəhmətlə dolu,
Coşqun bir ümmandır, müəllim ömrü.
Kövrək qədəmlərin, titrək qəlblərin,
Sirrini duyandır,müəllim ömrü.
***
Hər şagirddə ürəyinin odu var,
Hər sahədə zəhmətinin dadı var.
Çıraq olar, qaranlığa nur saçar,
Aşkardır, əyandır,müəllim ömrü.
***
Ömür yolu coşub daşan bir dəniz,
Hər kəlməsi məna dolu tər-təmiz.
Gah yorular, gah incilər şübhəsiz,
İnləyən kamandır,müəllim ömrü.
***
Bilik verər, yol göstərər hər zaman,
Söz-söhbəti çox dəyərli bir insan.
Paylaşar sevgisin heç usanmadan,
Nağıldır, dastandır, müəllim ömrü.
***
Kədəri də ,sevinci də gözəldir,
Bilikləri faydalıdır, özəldir.
Ürəklərdə özünə taxt düzəldir,
Qəlblərə sultandır, müəllim ömrü.

DÜŞÜNCƏM

Yorulub düşüncəm, yorulub hissim,
Bu soyuq gecədə oyaq biriyəm.
Mən kimdən inciyim, mən kimdən küsüm,
İnləyən kamanın qırıq simiyəm.

Xəyalım yol gedir, fikrim uzanır,
Mənim arzularım üşüyür yenə…
Bəzən ruhum belə məndən usanır,
Rahatlıq verməyir bu həsrət mənə.

Yenə səssiz qalıb ömür sarayım,
Orda dünya boyda ürəyim yatır.
Yeni ümidləri harda arayım?
Zaman öz işində ömürsə bitir…

 

BAHARIM

Bahar, çiçək ətri verir nəfəsin,
Ruhum gözəlliyin seyrinə dalır.
Səndən ilham alır duyğum, həvəsim,
Arzum səmalarda hey qanad çalır.

Gəlişin hissimə min ahəng qatır,
Ay, mənim gülüzlü, nazlı baharım.
Kol dibində qəmgin bənövşə yatır,
Gəl, qoy çiçək açsın, getsin qübarım.

Təbəssüm bəxş elə,solğun üzlərə,
Həyat təzələnsin qoy gülüşünlə.
Kədər pərdələnən qəmli gözlərə,
Nicat ver, ümid ver, sən gəlişinlə.

Nəğmələr qoşarıq, bahar, sehrinə,
Təbiət yamyaşıl libas geyinər.
Könlüm hey tələsər yazın seyrinə,
İstək qanad açar, duyğu sevinər.

Səninlə cücərib saf niyyət,arzu,
Yaralı qəlblərə məlhəm kimisən.
Ana təbiətin ay, şıltaq qızı,
Kövrək duyğuların sarı simisən.

DÜNYANIN

Sevinci bir anlıq, qəmi bir qucaq,
Qəmdən pərdələnib gözü dünyanın.
Verdiyi hər şeyi bir gün alacaq,
Əbədi deyildir özü dünyanın.
*
Bir an düşünürsən nağıldı dünya,
Kimiyə düşüncə, ağıldı dünya.
Pis gözdən, əməldən dağıldı…dünya,
Sovruldu bir ovuc közü dünyanın.
*
Bəlkə imtahandır, bu bir sınaqdır…?
Dəyəri tükənməz, hisləri haqdır.
Gələn də, gedən də yalnız qonaqdır,
Yalandır əllisi, yüzü dünyanın.
*
Hər anı dəyərli, yaşa, ey insan,
Bu gün bir hədiyyə sabahsa güman.
Birdə baxırsan ki,olubdu viran
Qalmayıb bir parça bezi dünyanın
*
Qəlb Allahın evi,qorumaq gərək,
Haqqın sədasıyla döyünsün ürək.
Yaşanan hər günü qənimət bilək,
Qoy gülsün, hər zaman üzü dünyanın!

KEÇİR

Bəzən göz yaşına bürünür insan,
Əyninə kədərdən bir libas biçir.
Ağrıya-acıya güc gəlmək üçün,
Özünə dözümdən bir qalxan seçir.
***
Bəzən də duyğusu min ahəng alır,
Sanki səmalarda o, qanad çalır.
Qəmli xatirəsi silinmir,qalır
Kövrək yaddaşından,ruhundan keçir.
***
Tənhalıq qəlbinə hakim olanda,
Duyğusu,istəyi nakam qalanda,
Könül dünyasını xəzan alanda,
İnsan sanki zəhər şərbətin içir.
***
Hər kəs taleyinin yolçusu olur,
Gül bağçası bəzən zamansız solur.
Bir yandan boşalır, bir yandan dolur.
İnsanlar beləcə dünyadan köçür.
***
Qəlbə saf duyğular qoy hakim olsun,
Ürəklər sevincə, sevgiyə doysun .
Dünya,ədalətin bərqərar olsun,
Haqsızlıq qılınctək qəddini biçir.

ÖMRÜN PAYIZI

Yağar ömrümüzə payız yağışı,
Damlalar bir qəlbin pıçıltısıdır.
Köçər ömrümüzə həsrətin qışı,
Qar da kövrək hislər xırçıltısıdır.

Birdən solğunlaşar ömür sarayın,
Dumana bürünər, çənə bürünər.
Köksündə taxt qurmuş eşqin harayı,
Bəzən adiləşər,cılız görünər.

Ömrünə çiçəkli yaz axtararsan,
Çoxdan usanarsan,az axtararsan.
Hissinə köklənmiş saz axtararsan,
Mizrabın qırılar əlindən düsər.

Solar sir-sifətin,nəm olar gözün,
Tez-tez bldbinləşər çöhrən,bənizin.
Etdiyin əməlin,getdiyin izin,
Adını qoymağa söz axtararsan.

Bir-bir vərəqlənər ömrün kitabı,
Bəzi duyğuların vardır niqabı.
Sönüb tüstülənən odun-ocağın,
Külündə qığılcım, köz axtararsan.

 

“Zirvə” İnfo.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir