Elçin Hüseynbəyli: “Şair və şah” (Hekayə)

7 min read
Hər bir şəraitdə ləyaqətini və qürurunu qoruya bilən şair dostlarıma həsr edirəm…
–Salaməleykim!
–Ay əleykimə salam!
–Məmələkətdə nə var, nə yox?
–Söz qızıldan qiymətlidir…
(Dünyanın dağılan vaxtı…)
… Məmləkətin bir başında Şah, o biri başında şair yaşayırdı. Hər ikisinin sözü vardı: birinin sözü hökmlə deyilirdi, o birisininki nəzmlə.
Yaxşı başlamadım, deyəsən. Ləzzət eləmədi yəni. Standart və şablon. Halbuki yaxşı hekayədir. Yalan deyirəmsə, özünüz görəcəksiniz, düz deyirəmsə, eşidəcəksiniz. Söz təkcə yazılmır, həm də eşidilir…
Nəsə. Aldı görək nə dedi.
Deməli belə. Məmləkətdə iki kişi vardı. Şəxsiyyət vəsiqəsinə görə yox e, əsl kişi. Birinin sözü, birinin hökmü vardı. Amma söz hökmdən üstündür. Çünki hökm zəmanəyə, söz əbədiyyətə bağlıdır.
Bir gün onların hər ikisi öz hücrəsində oturub dünyanın fikrini edirdi. Şah sarayda, şair daxmada oturmuşdu. Saray da nə saray! Müşkü-ənbər qoxulu. Xoşgördülər bayılar, pisgördülər ayılar. Daxmada ki!.. Özünüz bilrisiniz də. Şairin daxmasından şeir qoxusu gələr…
Şair istəsəydi, bu cahcəlallı sarayda da qala bilərdi, amma Şahın bu təklifinə etiraz eləmişdi. “Şair xalqın arasında olmalıdır!” demişdi.
Təbii ki, Şairin təklifdən imtinası Şahın xoşuna gəlməmişdi. Ona görə də Şairdən incik düşmüşdü. Fürsət gəzirdi ki, onu cəzalandırsın. Amma Şairə olan xalq sevgisi onu bu addımdan çəkindirirdi…
Şah ona görə fikirliydi ki, qocalır, başladığı işləri yarımçıq qoymaq istəmir, həm də, düzünü deyək də, ömrünün qurtaracağının xiffətini çəkirdi. Mənim kimi. Mən getdim, bu gözəl hekayələri kim yazacaq, bəs? Eqoistliyə bax e. Boş yer olmur. Boş oturacaqlar olur…
Şair də ona görə darıxırdı ki, xalqa şeir deyən, daim onu gözləyən kütlədən ayrılıb bu dünyadan köçəcəkdi. Xalq qalacaqdı, buna söz yox. Sözü yaşadan xalqdır. Deməli, Şairin də sözü yaşayacaqdı.
Kəsəsi, Şair ölmək istəmirdi. Çünki özünü xalqsız təsəvvür edə bilmirdi. Şairsiz nə xalq, xalqsız nə şair? Şairin dolanışığı xalqdan çıxırdı, axı. O, hər şənbə, bazar günləri dükan-bazara gedər, meydanlara çıxar, şeir oxuyar, əvəzində ona ənam verərdilər. Hərdən həcvlər də yazardı. Həcvlərdə əsasən şahın ətrafındakılar ələ salınar, özünün adı çəkilməzdi, ancaq son təpik ona dəyirdi, axı.
Deyim ki, Şah müdrik adam idi. Gərək bayaqdan deyəydim. Daha keçdi.
Bir gün Şahın söz yasavulu şairin qapısını döydü. Başqa vaxt olsaydı, fərraşlar da onunla gələrdi. Amma bu dəfə tək gəlmişdi. Dedim axı, Şah müdrik adam idi.
Söz yasavulu:
–Şahımız səni çağırır, dedi.
Şair sözçünün gözlərinin içinə diqqətlə baxdı. Amma bir şey anlamadı: nə pisliyə, nə də yaxşılığıa yozdu. Bununla belə:
–Sən get, mən özüm gələrəm, – sakitcə dedi…
Şairin arvadı səsə gəldi. Elə bildi ki, şair yenə də öz yazdığı şeiri hündürdən oxuyur. Bəlağətini yoxlayır, arvadını da oyatmaq istəmir, yazığı gəlir…
Şahın sözçüsü şairə baxdı və ağzından belə bir söz qaçırdı:
–Birdən…
Şair təmkinini pozmadan:
–Mənim ağzımdan yalan çıxdığını görmüsən? – deyə soruşdu.
–Əlbəttə ki, yox, qurban sənə.
Şair:
–Sözlərin hamısı yalandır, buna söz yox, amma mən Məcnun deyiləm, – dedi.
Sözçü Şairin nə dediyin anlamadı, amma hörmətindən də qalmadı.
–Qurban sənə…
Şair onun sözünü yenə kəsdi:
–Şahımız da istəməz ki, sən məni qabağına qatıb saraya aparsan. Özüm gələrəm. Camaat arasında söz-söhbət də olmaz.
Söz yasavulu heç nə demədi və sağollaşmadan çıxıb getdi. Onsuz da bir azdan görüşəcəkdilər də.
Söz hakimdir!
Yasavul gedəndən sonra Şair əbasını çiyininə saldı, təsbehini əlinə aldı, çarığını ayağına keçirib küçəyə çıxdı, təsbeh əlində zikr eləyə-eləyə çağırılan yerə getdi…
Dükan-bazar adamları, söz yox, yasavulu görmüşdülər, amma əhəmiyyət verməmişdilər. “Yasavuldu da gəzir özü üçün”.
Hər şeyi indidən bilmək istəyirsiniz? Peyğəmbərlikdən əl çəkin!..
Şair Uca minarəli saraya yaxınlaşdı. Sarayın qapısında nizəli-qalxanlı qarovulçular dayanmışdı. Şairi görəndə təzim eləmək istədilər, amma bu, yasaq olduğuna görə eləcə başlarını tərpətdilər.
Qapılar açıldı və Şair içəri girdi.
Şah taxtda oturmuşdu, vəzir-vəkil də yanındaydı. Yaltaq əsabələri də öz yerində. Onları çağırmasa da, özləri gələcəkdilər.
Məkan dəyişər, zaman dəyişməz.
Şair içəri girib bağır basdı, başqaları kimi diz çökmədi.
Şah onun bu xasiyyətini bildiyindən heç nə demədi.
Şah yuxarıda, Şair aşağıdaydı.
Şah:
–Bilirsən səni niyə çağırtdırmışam? – hökmlə soruşdu.
Şair bir daha bağır basdı və təmkinlə:
–Deyərsən bilərik, xudavəndialəm, – dedi.
–Məni ələ salırsan? Nə xudavəndə!?
Şair istehzayla ətrafı göstərib:
–Onlara xoş gəlsin deyə…
Şah duruxdu, sonra özünü ələ aldı, guya Şairin dediklərini eşitmədi:
–Xub! Son zamanlar çox darıxıram, düşünürəm ki, bəlkə bir yaxşı şeir kefimi aça. Bir şeir de, əgər xoşuma gəlsə, ənam verəcəm, gəlməsə, məndən inicmə.
Şair son zamanlar bir şeir yazmışdı. Amma indiyə kimi heç kimə oxumamışdı. Şeir dünyanın faniliyndən idi. Şair deyirdi ki, dünya fani, əcəl gerçəkdir. Heyf ki, həyata əlvida deyəndən sonra vətəninin bu gözəlliyini görüb vəsf edə bilməyəcək.
Şair dedi, Şah qulaq asdı. O, sevinəndə sevindilər, qüssələnəndə kədərləndilər.
Şeir Şahın xoşuna gəlmişdi, ona görə də üzünü xəzinədara tutub dedi:
–Şairin ağzına sağlıq. Ağzı tutduğu qədər ona qızıl verin.
Xəzinədar otaqdan çıxdı və bir azdan Şahın adına kəsilmiş qızıl dolu sini qayıtdı. Ətrafdakılar bir siniyə, bir də Şairin ağzına baxırdılar.
Amma Şair ağzını açmadı.
Söz sözdü, qızıl qızıldı. Birincisi əbədi, ikincisi müvəqqətidir… Gərək bunu deməyəydim. Daha keçdi. Söz quş kimidir. Ağzından çıxdı sənin deyil. Uçdu, tuta bilməzsən. Mənim sözüm deyil ha!..
–Niyə ağzını açmırsan? – Şah sınayıcı və şübhəli nəzərlə Şairə baxdı.
Şair başını aşağı salıb durmuşdu. Əslində kənardan elə görünürdü, o isə hamını görür, hiss edirdi.
“Dramaturgiyasız hekayə olar?” Mən yox ha, Şahımız belə düşünürdü.
Birdən Şair başını qaldırdı və Şahın gözlərinin içinə baxıb dedi:
–Şahımızın lütfü artıq olsun. Ancaq mən bunu edə bilmərəm.
Ətrafda pıçhapıç başladı. Heç kim Şahın hökmünə qarşı çıxa bilməzdi. Amma Şair bunu elədi.
Saray əyanları acıqdan yox, qısqanclıqdan Şairin dar ağacına aparılmasını istəyirdilər. Çünki özləri belə cəsarət göstərə, ləyaqətlərini qoruya, tamahlarını uda bilməzdilər. Amma bunu necə deyəydilər? Bayaq dedim, axı. Şahın hökmü, Şairin sözü vardı. Onlarınsa heç nəyi yox idi.
Müqəvvanın ruhu olmaz!
Şahı maraq götürdü, ona görə də:
–Səbəbini bilmək olarmı? – deyə soruşdu.
Zalda uğultu qopdu. Şah əlini qaldırdı, yəni sakit olun. Sizin hay-küyünüz mənə lazım deyil, əsas Şairin sözdür.
Şair başını dik qaldırdı, Şahın üzünə qürurla baxdı və dedi:
–Şah sağ olsun, ağzıma sözdən başqa heç nə ala bilmərəm, çünki mən orucam!
Qurbağalar səslərini kəsdilər…
Şah azacıq susdu, qəfildən qəhqəhə çəkdi…
Şair də istədi gülsün, amma gülə bilmədi…
Səbəbini deməyəcəm. Özünüz tapın…
Ay sizi çoxbilmişlər!!! Yormadım sizi?!
Demişdim axı, yaxşı hekayədir…
Dekabrın əvvəli, 2023
“Zirvə”
.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir