DOĞUM GÜNÜNÜZ MÜBARƏK, CƏNAB GENERAL CAVANŞİR MƏMMƏDOV!..
9 min readTƏBRİK EDİRİK!..
Yanvarın 3-ü
dəyərli eloğlumuz,
çox hörmətli ziyalı,
Azəbaycan Respublikası
Daxili İşlər Nazirliyinin
Baş İctimai Təhlükəsizlik
İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan
polis general-mayoru,
“Azərbaycan Bayrağı” ordenli,
«Abdulla Şaiq», «Qızıl Qələm»,
«Zirvə» və «XXI Əsrin Ziyalısı»
Mükafatları Laureatı
cənab
Cavanşir Məmmədovun
Ad günüdür!..
Cavanşir Qəhrəman oğlu Məmmədov – 1953-cü il yanvarın 3-də qədim qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub.
1959-cu ildə Şahmarlı ibtidai məktəbinin birinci sinfinə gedib, 1963-cü ildə həmin məktəbi bitirib. 1963-1967-ci illərdə Dmanisi rayonunun Qəmərli səkkizillik məktəbində, 1967-1969-cu illərdə isə Bolnisi rayonunun İmirhəsən kənd orta məktəbində oxuyub. 1969-cu ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunub. 1974-cü ildə həmin institutu bitirib. Bir il doğma Şahmarlı kəndindəki səkkizillik məktəbdə müəllim işləyib.
Cavanşir Məmmədov 1975-ci ildə hərbi xidmətə çağırılıb. Sibirdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra Krasnoyarsk şəhərindəki Oktyabrsk rayonunun daxili işlər şöbəsində inspektor vəzifəsində çalışıb. 1977-1979-cu illərdə Marksizm-Leninizm Universitetində oxuyub və buranı Fərqlənmə diplomu ilə bitirib. 1979-cu ildə bölmə rəisi vəzifəsinə təyin olunub. Elə həmin il Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1983-cü ildə universiteti müvəffəqiyyətlə bitirib. Həmin il SSRİ DİN-in Akademiyasına qəbul olunub. 1985-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirib və elə həmin il Krasnoyarsk Şəhər Milis İdarəsində şö’bə rəisi, 1987-ci ildə isə Oktyabr rayon daxili işlər şö’bəsi rəisinin birinci müavini təyin olunub.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edən Cavanşir Məmmədov 1988-ci ilin sentyabr ayından Bakı şəhərinə köçüb, ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparıb.
1988-ci ilin oktyabrından Bakı şəhərinin Kirov (indiki Binəqədi) RPŞ-si rəisinin müavini işləyib. O, burada da özünün peşəkarlığı, yüksək ixtisaslı kadr olması və səriştəsi ilə seçilərək qısa müddətdə böyük nüfuz qazanmış və 1989-cu ildə ona etimad göstərilərək Bakı Şəhər Daxili İşlər İdarəsində şö’bə rəisi, 1990-cı ildə isə BBPİ-də idarə rəisinin müavini vəzifəsinə tə’yin olunub. 1992-ci ildə Qaradağ Rayon Polis İdarəsinin rəisi, 1993-cü ildə Bakı Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 1994-cü ildə DİN-də İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini işləyib. 1995-ci ilin iyun ayından isə həmin idarəyə rəis vəzifəsinə irəli çəkilib. 2001-ci ildə həmin idarə Baş İdarəyə çevrilib və Cavanşir Məmmədov həmin Baş İdarənin, yəni Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub. Bu çətin, məsuliyyətli və şərəfli vəzifədə düz 15 il (ümuilikdə isə düz 21 il) ləyaqətlə çalışıb.
Hazırda təqaüddədir.
Polis general-mayoru Cavanşir Məmmədovun polis orqanlarında xidməti fəaliyyəti rəhbərlik və ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.
O, ictimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə ona
polis general-mayoru xüsusi rütbəsi verilmişdir.
Cavanşir Məmmədov həmçinin “Milis əlaçısı”, “Daxili işlər orqanlarında əla xidmətlərinə görə” döş nişanları, sabiq SSRİ-nin I, II, III dərəcəli medalları, 2001-ci ildə Rusiya Federasiyasının Daxili İşlər Nazirinin əmri ilə
“Za boevoye sodrujestvo” medalı ilə və Fəxri Fərmanlarla təltif olunmuş, üç dəfə “Ən yaxşı bölmə rəisi” adına layiq görülmüşdür. O, Qarabağ müharibəsinin iştirakçısıdır, Tərtər və Goranboy rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. ABŞ, Yaponiya, Türkiyə, Sloveniya və başqa dövlətlərdə xidməti ezamiyyətlərdə olmuşdur.
Gənc yaşlarından Gürcüstanın Dmanisi rayonunun “Trialeti”, Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetlərində, sonralar Tbilisidə nəşr olunan “Gürcüstan” qəzetində, daha sonralar isə Azərbaycanın və bir sıra xarici ölkələrdə çıxan mərkəzi qəzetlərdə məqalələri çap olunub. Haqqında onlarla məqalələr və şeirlər yazılıb. Tərcümeyi-halı bir neçə ensiklopediyaya daxil olunub. Dəfələrlə Fəxri fərman və Fəxri mükafatlarla, o cümlədən, «Abdulla Şaiq», «Qızıl Qələm», «Zirvə» və «XXI Əsrin Ziyalısı» Fəxri mükafatlarına layiq görülüb.
Ailəlidir. İki övladı var.
Bütün şüurlu həyatını ictimai asayişin mühafizəsi kimi müqəddəs vəzifəyə həsr etmiş
xalqımızın qeyrətli oğlu, tanınmış hüquq-mühafizə işçisi, xeyirxah el adamı,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi,
hazırda təqaüddə olan polis general mayoru Cavanşir Məmmədov doğma Borçalını da unutmur,
müntəzəm olaraq doğma el-obasına – qədim Başkeçid ellərinə baş çəkir,
orada yaşayan soydaşlarımızın qayğı və problemləri ilə maraqlanır,
əlindən gələn maddi və mənəvi köməkliyi əsirgəmir.
Bütün borçalılar adından Cavanşir müəllimə bu diqqət və qaygı üçün təşəkkürümüzü bildiririk.
Və fürsətdən istifadə edərək, biz də
çox hörmətli Cavanşir Məmmədovu
doğum günü, eləcə də, bu günlərdə
qeyd etdiyimiz – 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il Bayramı münasibətilə
bir daha ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti, bir sözlə,
şəxsi həyatında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az
CAVANŞİR
(Polis general-mayoru
Cavanşir Məmmədova
həsr edirəm)
Bu səfər eylədin doğma yurduna,
Çıxmadı səfərin boşa, Cavanşir.
Böyük hökmü oldu hər bir sözünün,
Ox atdın dəymədi daşa, Cavanşir.
Sən çıxış eylədin, dərin danışdın,
Tələsmədin, sərin-sərin danışdın.
Bizə salam dedin, şirin danışdın,
Söhbətin çox gəldi xoşa Cavanşir.
Sən gələndə qohum-qardaş yad oldu,
Gəlişin bizlərə böyük ad oldu.
Bu yerlərin qəlbi necə şad oldu,
Ürək döndü tərlan quşa, Cavanşir.
Qonaq gəldin yad suyunu içmədin,
Kişi oldun öz elindən keçmədin.
Qəmərlini Şahmarlıdan seçmədin,
Yaşa səni görüm, yaşa, Cavanşir.
Badi-səba xoşdur yellər içində,
Şana dövran eylər tellər içində.
Bir el seçdin ağır ellər içində,
Çəkdin Qəmərlini başa, Cavanşir.
Təyyarəçi, təyyarəni saxladı,
Neçə xain ürəkləri dağladı.
Qələmzər də sevincindən ağladı,
Sən duranda mənnən qoşa, Cavanşir.
Yada eylədin qohumunu, yadını,
Görməmişdim qohumluğun dadını.
Sən çəkəndə Aftandilin adını
Az qaldı ki, ürək coşa, Cavanşir.
CAVANŞİR
(Polis general-mayoru
Cavanşir Məmmədova
həsr edirəm)
Gələmmədim Elviranın toyuna,
Evimdə sağlıqlar dedim, Cavanşir.
Özüm biş-düş etdim haldan-hazırdan,
Sanki o məclisdə yedim, Cavanşir.
Fələk məni qoy salmasın oyuna,
Mən qurbanam balaların boyuna.
Gələrəm nəvənin sünnət toyuna,
Çağırmasan özüm gedim, Cavanşir.
Qurban olum qohumluğun dadına,
Hey düşürsən Qələmzərin yadına.
Öz evimdə Azər bəyin adına,
Mən yaxşı sağlıqlar dedim, Cavanşir.
Durna pozulmasın səmada səfdən,
Alçalma şöhrətdən, düşmə şərəfdən.
Mən sənə qohumam arvad tərəfdən,
Sənsən şirin qohum-yadım, Cavanşir.
Axı nə olsun ki mən İranlıyam,
Qohuma, qardaşa istiqanlıyam.
Acı ki deyiləm, şirin canlıyam,
Şirindir qanana dadım, Cavanşir.
Qəribəm, qürbətdə qəlbi qanam mən,
Şairəm, nə aşıq, nə ozanam mən.
Əlimdə qələmim, söz yazanam mən,
Aftandildir bil ki adım, Cavanşir.
Aftandil QƏMƏRLİ
GENERAL
Xətrini çox istədiyim, yaxın qohumum
və eloğlum polis general-mayoru
Cavanşir Məmmədova ən xoş arzularla
Şərəfli yol keçdi, çəkildi başa,
Qəhrəman atanın Cavanşir oğlu.
Canında qeyrətin, müqəddəs südün,
Göstərdi, zirvəyə aparan yolu,
Qəhraman atanın Cavanşir oğlu.
Ağılla, biliklə doludur başın,
Mənlikdə mətinsən, müdrikdi yaşın.
Vətən məhəbbətin, silah yoldaşın,
Hədəfə tuşladı düz vuran qolu,
Qəhraman atanın Cavanşir oğlu.
Xalqım səndə görür böyük ürəyi,
Möhkəm iradəni, güclü biləyi.
Qələbə arzusu, haqqın diləyi,
Hər şeydən ucadır, hər şeydən ulu,
Qəhraman atanın Cavanşir oğlu.
Qarabağdan qovun yağı düşməni,
Şuşa göylərindən dumanı, çəni.
Dizin yerə qoysun nankor erməni,
Bayrağımız ucalsın alqışla dolu,
Qəhraman atanın Cavanşir oğlu.
İlhamı, İlhamdan alın zəfərdə,
Vətənmiz güclüdü qeyrət-hünərdə.
Siz də, məlhəm olun Şuşa tək dərdə,
Azad nəfəs alaq, köksümüz dolu,
Qəhraman atanın GENERAL oğlu.
Həmid Abdulla-QƏMƏRLİ,
Gürcüstan, Başkeçid.