Baş nazir Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb –
2 min readAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb.
Görüşdə elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları da iştirak ediblər.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
Həmçinin Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasının əhəmiyyəti qeyd edilib, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb. Bildirilib ki, qəbul nəticələrinə əsasən, 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə ümumilikdə 90-a yaxın tələbə təhsil alacaq.
Görüş çərçivəsində Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.