SEVMƏK və SEVİLMƏK – ən böyük dəyərdir…
Bu dünyada heç kimsənin yanında dilim gödək, gözüm kölgəli olmadım, öz şəxsiyyətim üçün, ruhum üçün.
Şəxsiyyət bütövlüyü tam başqa bir nemətdir. Əgər birini sevdimsə, bütöv anlamda ruhumla, mənəviyyatımla, təmizliyimlə, alınaçıqlığımla sevib dəyər verdim. Mən sevgiyə həmişə inandım, o mənim həyatda tək başına ayaq üstə dimdik durmağıma səbəb oldu.
Pul mənim ömrümdə ən sonda bəlkə də heç yeri olmayan bir yerdədir. Mən insanları insan olduqlarına görə qiymətləndirirəm. Dünyada ən qiymətli baş ucalığımı, mənəviyyatımı, şəxsiyyətimi ucada daşıdım, daşıyıram, daşıyacam. İstər cüt, istərsə də tək. Həyat iki barmaq arasından çox dar görünür.
Və mən ədəbiyyat incisi olaraq qalacam. Heç nə və heç kəs toxunulmazlığıma toxuna bilməz. Kim olursa, olsun. Can yoldaşım, iş yoldaşım, yol yoldaşım, ədəbiyyat yoldaşım. Mən özüm qarşısında həmişə baş əydim.
Cəmi üç kitabım işıq üzü gördü, ikisini atam çap etdirdi birini də öz maaşımla özüm. Həmişə demişəm deyirəm ki, mənəviyyatımı heç bir şeyə qurban vermərəm, vermədim, verməyəcəm. Mən qələmin, ruhun, varlığın, əbədiliyin tamıyam. Sevginin dəyərin, şəfqətin, mənəviyyatın özüyəm, özəyiyəm. Təkəm, tənhayam, amma gücüm alnımın ağlığı, başımın dikliyidir.
Bütün çirkinliklərdən ruhumun əzəmətinə sığınıram. İnsanı yalnız özü yaxından tanıya bilir. Yaxşı ki, özümü bu qədər ali dərəcədə tanıyıram, yetişdirmişəm. Və bu çirkablı cəmiyyətin içində diri, təmiz, saf, dəyanətli, dirayətli qalmışam. Çox çətin ömrüm olub, amma varlığıma, var olan bircə ovuc nəfəsimə hər kəsin, hər şeyin qarşısında şükrüm tükənməyib.
İmanım, yalnız qazandığım şeylərdə ali və özdür.
Atam həmişə bu misalı çəkərdi: “Quşa süd qismət olsa, öz anasından olardı.” Məni heç nə xoşbəxt etmədi, yalnız içimdəki, özgürcə ucalan sevgidən başqa. Mən sevməkdən heç bir zaman yorulmayacam. Sevilmək dəyərdir, o dəyər yoxdursa, onu məcbur kimdənsə, nədənsə almaq olmur.
Ən əsası qoltuqaltı olmamaqdır, işin, cəmiyyətin, insanların, pulun, pulsuzluğun qoltuqaltısı… Mənim yer üzündə ən çox sevilməyə ehtiyacım oldu, normal qaydada təbii ki, o da olmadısa, nə etməli, özün özünü sevib dəyərləndirməlisən deyə düşündüm. Bir şeyin mahiyyəti dəyərsizdirsə, yüz il çabalasan da dəyişə bilməzsən. Ona görə insan öz çəkisini, varlığını həqiqi mənada tanıyıb, tamamlamalıdır.
Mən də bu saatda yuxudan oyanıb bu sətirləri yazıram, etiraf edirəm ömrümü.
Barmaqlarım hələ ki, işləyir.
Sevgidə və həqiqətən içdənlik dəyərində qalın.
Ömür çox qısadır, mən həyatımın ziqzaqlarında nə yaxşı ki, özümü və sevdiyim şeyləri yaşayıram, nə yaxşı ruhuna qurban olduqlarım məni bu işıqlı dünyaya gətiriblər deyirəm. Ucal ruhum, sən ucasan, sənin sevdiklərin də ucadır, səni sevməyənlərin də ucadır… Qoy beləcə olsun, bu da keçər.
Tək idin, tək qal, amma uca qal, göylərin işıq səltənəti olan əbədiyyət carçısı. Hər şeyin fövqündə haqqa yeri, ömrüm…
GÜLNARƏ İSRAFİL,
“BORÇALI” nəşriyyatının redaktoru,
“ZƏRRƏLƏR” layihəsinin
“BORÇALI” nəşriyyatının redaktoru,
“ZƏRRƏLƏR” layihəsinin
Müəllifi və rəhbəri
21. 05. 2026.
.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.
