Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

İyun 16, 2026

ZƏRƏNGİZ ŞIXLI: “MÜXTƏLİF  TALELƏR – ALIN YAZISI” (Hekayə)

Üç bacının – Almaz, Şahnaz, Solmazın “Alın yazısı” – “Tale”-ləri” haqqında:

Zəngin zəkalı, dərin düşüncəli, qayğıkeş, mehriban, mərhəmətli, işgüzar və insanlarla münasibətdə çox nəzakətli olan, üç bacının ən gəzəli Şahnaz xanımın taleyi əyani olaraq həqiqi gerçəklikdir.

Onun atası Şahbaz bəy, özü ilə bir sinifdə oxuyan Gülnaz xanımı sevərək ailə qurmuşdur. Məhəbbət xassəsinin istəyini ödəyən, Sevgi xüsusiyyətinin fəaliyyəti əsasında qurduqları ailə xoşbəxt sayılırdı…

Üç övlad ata-anası, hər ikisi özünü xoşbəxt hesab edirdi. Çünki, öz istəklərinə nail olmuş ailə sahibi idilər. Biri-birindən gözəl üç qızları olmuşdur. Biri o birindən 3 yaş fərqli olan- Şahnaz, Almaz və Solmaz bacıları.

Şahbaz bəy mühasib vəzifəsində çalışırdı. Nümunəvi ailə başçısı sayılırdı. Cəmiyyətdə və xalq arasında böyük hörmət qazanmış alicənab insan kimi tanınırdı. O, qızları ilə nəfəs alırdı. Ən çox ilk övladı Şahnaz qızı ilə sevinir, əzizləyir, onunla həmsöhbət olurdu.

Gülnaz xanım öz ana vəzifəsini ödəyir, evdarlıqla məşğul olmaqla yanaşı, dərzilik edirdi. Tanıyan, bilən, qohum-əqrəba, qonşular və demək olar ki, hamı bu ailəyə və ailədə böyüyən gözəl qızlara həsəd aparırdı. Şahnaz məktəbə gedəndə, birinci zəngi o çalmışdı.

İllər keçir, kiçik bacılar da məktəbə gedib sinifdən-sinfə keçir, böyüyürlər. Şahnaza nisbətən kiçik bacılar zəif hafizəli, adi uşaqlar idi. Şahnaz onların təlim-tərbiyəsi ilə də məşğul olurdu.

O, 9-cu sinifdə oxuyanda böyük vətən müharibəsi başlandı. Atası Şahbaz bəyi cəbhəyə yola saldılar. Ailənin vəziyyəti çətinləşdi. Gülnaz xanımın ara bir dərzilikdən olan gəliri ilə dolanmaq mümkün deyildi. Şahnaz vəziyyətdən çıxış yolu tapdı. O, zəif oxuyan kiçik sinif şagirdlərini toplayıb, öz evlərində dərs verməyə başladı. Beləliklə ailə maddi cəhətdən təmin olundu. Gələcək dolanma təminatına imkan yaradıldı.

Şahnaz 10-cu, Almaz 7-ci, Solmaz 5-ci sinifdə oxuyurdu. Ataları Şahbaz bəydən qara xəbər gəldi.  Ana və qızlar yasa batdılar. Gülnaz xanım öz sevən ürəyi ilə birlikdə, yola saldığı sevgilisini itirdiyinə görə, ağır xəstələnib yatağa düşdü. O, yaşamaq istəmədi, yemək-içməkdən imtina etdisə də, Allah yazdığı əcəl vaxtı çatmadığı üçün yaşamaqda davam edib, deyirdi: elə bilirəm ki, evimizin divarları uçub, xarabaxanaya düşmüşəm.

Şahnazı siniflərində oxuyan iki oğlan yoldaşı sevirdi. O, isə onlardan birini, öz qonşularında yaşayan Turanı sevir və onunla birlikdə tibb institutuna daxil olub həkim olmağı arzulayırdı.

Maddi cəhətdən vəziyyətləri çətin olacağını düşünür, ehtiyat üçün əldə etdiyi məvacibə güvənmirdi. Gündəlik gəlir olmasa dolanmaq mümkün deyil, bilirdi. Gülnaz xanım evdə çörək bişirib-satmaqla, maddi çətinlikdən çıxa bildilər.

Şahnaz sevdiyi sinif yoldaşı Turan ilə şəhərə getdilər və tibb institutuna imtahan verib qəbul oldular. Şahnaz sevmədiyi sinif yoldaşı, Qorxmaz, Turanın ata-anasına bildirdi ki, əgər Şahnaz onların oğluna gedərsə, onların hər ikisini də öldürəcək. Qorxuya düşmüş yazıq ata-ana oğulları Turanın razılığı olmadan, onu başqa qızla nişanladılar. Bundan xəbər tutan Şahnaz sevgilisinə xələl gəlməsin deyə ondan uzaq gəzməyə başladı. Turan, Şahnazın çuxura düşmüş solğun gözlərinin ifadə etdiyi ölmüş ruhunu görəndə tab gətirə bilmir, işgəncəli əzab dəryasında boğulur, çıxış yolunu ancaq özünü intihar etməkdə görürdü.

Şahnaz, Turanı məcbur edib, təyinatını başqa şəhərə keçirməyə nail oldu. Sevən gənclərin eşq aləmi bayquşlar ulaşan xarabaya çevrildi. Şahnaz, gənc ömrünün ilk istəyini, köksündə eşq atəşi ilə döyünən ürəyinin, məhəbbətlə sevdiyi, sevən sevgilisini itirdi.

Əziz atasını itirmiş, ana, bacılarının qayğısı ilə çarpışan məğrur, zəkalı Şahnaz xanım taleyindən küsüb, incidi.

Kursdan-kursa keçdi. Bir gün təlim zamanı, ölü üzərində əməliyyat aparan vaxt ölünün qol sinirinə toxunanda, ölünün dirsəkdən aşağı qol hissəsi qalxıb Şahnazın üzünə dəyir, o, qorxudan yıxılıb özündən gedir. Uzun müddət müalicə olunur, beləliklə oxumaqdan uzaqlaşır. Məcbur olub evlərinə qayıdır. Beləliklə taleyi onun birinci istəyi-sevgilisinə nail olmaq, ikinci əsas istəyi-həkim olmaq, qismətini yerinə yetirə bilmir.

İstənilən qismət alın yazısında verilibsə, ağılın icrasını, tale fəaliyyəti ilə yerinə yetirə bilir.

İstənilən qismət alın yazısında verilməsə, ağılın icrasını tale fəaliyyəti ilə yerinə yetirə bilmir.

Müharibənin ən dəhşətli dözülməz zamanı idi. Şahnazı dəlicəsinə sevən sinif yoldaşı Qorxmaz Hərbi Komissarlıqda işləyirdi. Sevdiyi qızın qayıtdığını eşidib onlara gəldi, hədsiz sevincini bildirdi, salamlaşıb görüşdü və toy, bayram kimi qonaqlıq təşkil etdi. Şahnaz xanım, Qorxmaza qarşı nifrət dolu qəzəbini gizlədə bilmirdi. Özünə, evlərində yer tapmırdı. Əlacı olsa idi Qorxmazı yox edərdi.

Həftələr, aylar keçirdi, Qorxmaz hər gün Şahnaz gilə gəlir və öldü var döndü yoxdur, sən mənim olmalısan deyirdi. Şahnaz xanımın səbir kasası dolub daşdı, əlindəki əşyanı onun üzünə çırpdı. Qəzəbindən vəhşiyə dönmüş Qorxmaz, Şahnaz xanıma üzünü tutub, sabahdan sən cəbhəyə gedəcəksən dedi və əsəbi vəziyyətdə çıxıb getdi. Sonrakı gün səhər tezdən Şahnaz xanıma cəbhəyə getmək üçün bildiriş vərəqi gətirdilər. Gələn insan Şahnaz xanımı yaxından tanıdığına görə, onu xəbərdar edib dedi, çalış gizlən, gələn səni tapmasın. Mən indi gedib deyərəm sən evdə yox idin.

Şahnaz xanımgilin həyət qonşusunun inəkləri var idi. Onlar heyvana yem ehtiyatı üçün zirzəmilərində ot yığını saxlayırdı. Şahnaz xanım zirzəmidə ot tayasının dalında gizləndi. 3 gün dalbadal cəbhəyə getmək üçün bildiriş vərəqi gətirdilər. Hər dəfə bildiriş gətirən insanlar Şahnaz xanımı, bütün qonşuların evində, bağ-bağçada hətta zirzəmidə də axtardılar, tapmadılar. 4-cü gün səhər tezdən şəhərə yayıldı ki, Qorxmazın ürəyi infarkt olub xəstəxanaya aparıblar. Şahnaz xanım zirzəmidən çıxdı. O, Yavaş-yavaş sakitlik tapıb özünə gəldi. Olanları yuxuda görülən nağıla bənzədirdi. Düşünürdü ki, Qorxmaz nə qədər çalışdı, taleyi, ona istəyinə nail olmağa, yol vermədi. Deməli, Şahnaz onun alın yazısında qismətində deyilmiş.

İradəli, zəngin zəkalı Şahnaz xanım, tez zaman ərzində mühasib vəzifəsinə işə düzəldi və istirahət günlərində zəif oxuyan şagirdlərə orta məktəb səviyyəsində bütün fənlərdən dərs deməyə başladı.

Ortançı bacı Almaz onuncu sinfi bitirdi, ali təhsil almaq üçün təhsilini davam etdirə bilmədi. İşə girməyi məsləhət bilib, kitabxanada işə düzəldi. Kitabxanadan maraqlı romanlardan gətirib zəkalı bacısı Şahnaz xanıma verir, onu darıxmağa qoymurdu. Şagirdlərlə məşğul olandan sonra Şahnaz xanımın rəfiqələri onun ətrafında toplaşır və maraqlı söhbətlər edir, gülür, danışır və ləzzətli samovar çayı dəmləyib içirdilər. Yayda həyətlərində olan tut ağacının altında, başqa vaxtlarda, böyük eyvanlarında toplanar, bütün qonşular onların münasibətlərinə baxıb heyran olurdu.  Xüsusi qabiliyyətə malik olan Şahnaz xanım, hər tərəfli bacarığa malik bir gözəl qız idi. Oxuduğu əsərlərin qəhrəmanlarını müqayisə edir, hamıda kitab oxumağa həvəs oyadırdı. Əl işlərinin mahir sənətkarı idi. Ona müraciət edən hər kəs, istədiyi işi ondan öyrənməyə nail olurdu.

Kiçik bacı Solmaz onuncu sinfi bitirdi. Ali təhsil almaq fikrində deyildi. İşləmək də istəmirdi. Şahnaz xanım onu məcbur edirdi ki, məşğul olduğu şagirdlərlə o da məşğul olub biliyini artırsın, ali məktəbə daxil ola bilsin. Solmaz qulaq asıb buna da əməl etmirdi. O, ev işləri ilə məşğul olur və uzaqda olan su mənbəyindən vedrələrlə su daşıyıb ehtiyacı ödəyirdi. Dolanmaları qaydaya düşmüş maddi cəhətdən çətinlikləri yox idi. Almaz kitabxana işini davam etdirir, Gülnaz xanım ara bir dərzilik işi ilə məşğul olurdu.

Bir gün Almaz işdən evlərinə gələndə gördü ki, qonaqları var. Sakitcə salamlaşıb həyətə çıxdı. Heç maraqlanıb soruşmadı ki onlar kimdir. Düşünürdü ki Şahnazın tanışlarıdır. Otağına girib paltarını dəyişdirmək istədiyi anda anası Gülnaz xanım onu başa saldı ki, qonaqlar sənin üçün gəliblər.  O, təəccüb edib soruşdu, onlar kimdir? Mən tanımıram.  Ana deyir ay qızım, mən də tanımıram gəl gör kimlərdi? Ana bala qonaqlar olan otağa keçdilər. Əyləşib oturdular. Qonaqlar üç nəfər idi. Onlardan ən yaşlı olan qadın, Almaza yaxınlaşıb qucaqlayıb öpə-öpə dedi ki, sənin oxucun, mənim oğlum, yazıçıdır, bizi buraya o, göndəribdir.  Almaz bir onlara, bir anasına, Şahnaz bacısına baxa-baxa söz tapmır deməyə. Fikirləşir ki, saysız qədər oxucusu var.  Bu kim ola bilər?

O, bir-biridən qəşəng olan oxucuları yadına salmağa çalışdı.  Anası oğlunun adını desəydi, bəlkə tanıyardı. Ancaq çox da qəşəng olmayan bir oğlanın oxucu kimi yox, yaradıcı yazar kimi məşğul olması nəzərindən qaçmadı. Onun adı Mahir idi.

Gülnaz və Şahnaz xanımlar, ana-bala bir-birinə baxıb dedilər bəs oğlan qızın razılığını almamış necə ümid edib qıza elçi göndərir? Onlar gülərək dedilər Mahir ümidlidir ki, Almaz onu ürəyində sevir, ancaq bildirmir. Şahnaz xanım deyir əgər Mahir elə düşünürsə nəyə görə öz münasibətini bildirməyir? Mahirin anası, mahir sevənlər kimi deyir, əsl sevənlərin nitqi tutulur sevgisini aşkarlaya bilmir. Əslində Almaz oğlanlara qarşı laqeyd idi. Bacısı Şahnazın taleyi onu qorxutmuşdu. Ailə qurmaq haqqında fikri yox idi.  Elçilərə razılıq vermədi. Qonaqlar çox məyus olub getdilər. Səhəri gün Almaz kitabxanaya girib, işə başlamamış görür ki, Mahir adətən həmişə oturduğu yerdə əyləşib gözlərini ondan çəkmir. Almaz özünü görməməzliyə vurub, başını qarışdırmağa çalışırdı. Ancaq qəlbində yaranan mərhəmət hissi, onu rahat buraxmırdı. Yavaş-yavaş özünü toplayıb oğlana yaxınlaşdı və bir oxucusu münasibəti bəsləyərək onunla salamlaşıb yanında əyləşdi.  Mahir əlini çırpınan ürəyinin üstünə qoydu, susmaqda davam etdi. Ona elə gəlirdi ki, ürəyinin döyüntüsünü Almaz eşidir. Qız ciddiləşib onu düşdüyü vəziyyətdən çıxarmaq üçün gülümsəyib onunla əllə görüşdü. Mahir sevgisinin eşq aləmində çəkdiyi əzabları başa düşən Almazın ömürlük vəfalı olacağına əmin oldu.  Bir cümlə ifadə edərək tez toy olmasını xahiş etdi. Səhəri gün elçilər gəlib razılıq aldılar. Bir həftədən sonra nişan taxdılar. Bir aydan sonra toy edib, gəlin apardılar. Almazın yaşam həyatındakı, ömür illəri onun alın yazısındakı həyat tərzinə uyğun olaraq davam edirdi.  O, Alın yazısındakı, taleyinin fəaliyyəti nəticəsində yazılmış qismətinə özü çalışmadan nail oldu.

Kiçik bacı Solmaz, nə təhsilini artırmaq üçün ali məktəbə getdi nə də heç bir işə düzəlməmişdi. Adəti üzrə ev işləri görmək və su daşımaqla məşğul olurdu. Yayın qızmar vaxtı idi. Yenə də qonşular, tanışlar, gözəl təəssürat kəsb edib yaddaşda qalan mənzərəli həyətdə yığılmışdı. Gülnaz xanım Solmaz qızından xahiş etdi ki, onun üçün bir az tut dərsin.  Solmaz anasına dedi: – Gedim su gətirim, sonra arxayın olub, sənin üçün nə qədər istəyirsən tut yığaram. Gülnaz xanım onu heç vaxt su gətirməyə tək qoymurdu, özü ilə birlikdə gedirdi. İndi də, narazılıq bildirib olmaz dedi. Buna baxmayaraq Solmaz vedrələri götürüb tələsik qaçdı. Sanki onu çağırırlar.

Günortadan bir az keçmişdi. Suya növbəyə duranların sayı az olduğuna görə Solmaz sevinərək tez vedrələrini doldurub yola düşüb qayıdırdı. Dincəlmək üçün yolun yarısında vedrələrini yerə qoyub dayandı. Bu vaxt uca boylu, şux qamətli, qəşəng bir gənc ona yaxınlaşıb kömək etmək istədiyini bildirdi. Solmaz etiraz edib, yox, Sən kimsən? Mən səni tanımıram! Oğlan gülüb dedi: -Sən tanımasan da olar. Ancaq, mən sənə kömək etmək istəyirəm. O, yaxınlaşanda Solmaz vedrələrdən uzaqlaşdı. Oğlan dedi sən qabaqda get, görənlər bilməsin ki, vedrələr səninkidir. Ayrı əlacı olmayan Solmaz dala baxmadan iri addımlarla evlərinə tərəf getdi. Evlərinə çatıb küçə qapısından içəri girdi. Solmazın yolunu gözləyən Gülnaz xanım həyətdən yenicə evə girmişdi ki, qızını vedrəsiz, həyəcanlı vəziyyətdə görüb, qorxdu. Ay qızım, nə hadisə baş verib? Mən demədimmi ki, getmə! Deyə, şikayətlə soruşdu və küçə qapısını aralayıb bayıra baxdı. O dolu vedrələri qapının arxasında görüb, mat qaldı.  Bayıra çıxıb bütün ətrafa baxdı heç kimi görməyib vedrələri içəri gətirməyi Solmaza tapşırdı. Solmaz hər şeyi olduğu kimi danışdı. Bilən olmadı oğlan kim idi? Haradan gəlmişdi?  və haraya getdi?

Bu hadisədən bir həftə keçmişdi Gülnaz xanım adətinə görə yenə də, Solmaz qızına onun üçün tut yığmağı tapşırdı. Ana-bala Gülnaz xanımla, Şahnaz xanım evdə, öz işi ilə məşğul idilər. Solmaz xanım da, həyətdə zümzümə edə-edə balaca vedrələrə tut yığırdı.

Küçə qapısı döyüldü, Şahnaz xanım qapını açdı. Gələnlər salam verib, gəlmək olarmı? deyə soruşdular. Gülnaz xanım yaxınlaşıb, buyurun-buyurun deyib, oturmaq üçün yer göstərdi. Bu anda Solmaz əlində tutla dolu iki balaca vedrələrlə içəri girdi. Küçə qapısının arasında dayanmış oğlanı görəndə, dərdiyi tutla dolu vedrələr əlindən düşdü. Tut bütün otağa dağıldı. O, intizarında qaldığı oğlanı, görüb həyəcanlandı, özünü tarazlaşdıra bilmədi.

Gələnlər, Solmazın su ilə dolu vedrələrini gətirən oğlan və onun anası ilə bacısı idi. Onlar qızın oğlana olan münasibətini bilmək istəyirdi. Vedrə dolu şirin tutun tökülüb dağılmazını dəyərli şirinlik əlaməti kimi qəbul etdilər. Ürəkdən sevindilər, gülüşüb, nəzakətli münasibət göstərərək əyləşdilər. Söhbətləşib ümumi mətləbə keçib, qərara gəldilər. Solmaz xanımı sevən oğlan Azərbaycandan köçmüş, Gürcüstan vətəndaşı, göz həkimi nümunəvi mütəxəssis sayılan Qoşqar Muradlı idi. O, Mehmanxanadan çıxan zaman yolda yorulub dayanan Solmaz xanımı ilk görüşdən sevmiş və onunla ailə qurmaq məqsədi ilə buraya təşrif gətirmişdi. Tökülən tutları Solmaz yığışdırmaq istəyəndə, Qoşqar ev sahibi kimi özünü irəli verdi, yığışdırıb təmizləməyə başladı. Solmaz xanım utanıb otaqdan çıxdı. Yığdıqları zibilləri atmaq bəhanəsi ilə Qoşqar da bayıra çıxdı. Eyvanda dayanmış Solmazı görüb ona yaxınlaşdı. Hər ikisi cazibəli baxışlarla qarşılaşdı. Solmaz utanırdı, çalışırdı ki, onları bir yerdə görən olmasın. O, otağa keçmək istəyəndə Qoşqar dedi: xahiş edirəm mənimlə sərbəst ol! Sənə rast gəldiyim o gündən bəri nə evdə, nə işdə rahatlıq tapmıram. Gördüyüm də, qavradığım da, dərk etdiyim də, ancaq sənsən. Istəyirəm tez toy edək. Razısansa məsələni uzatmadan məqsədə keçək. Solmaz susdu, danışmadı. O, ana-bacısını görmək, onların yanına getmək istədiyini bildirdi. Qoşqar qərara gəldi ki, susmaq razılıq əlamətidir. Hər ikisi qonaqlar olan otağa keçdilər.  Gülnaz xanım və Şahnaz xanım, Solmazı qarşılayıb onun otağına keçdilər. Sorğu-sualdan sonra məlum oldu ki, Solmaz da birinci görüşdə, Qoşqara vurulubdur.

Razılıq alındı. Nişan taxıb, tez toy ediləcək, dedilər. Gülnaz xanım qızının cehizləri hazır olandan sonra, toy vaxtını danışarıq, təklifini etdi. Qoşqar etirazını bildirdib dedi: mənim heç nəyə ehtiyacım yoxdur. Ona görə də əziyyət çəkməyin Həm də bu uzaq məsafədən yük daşımaq nəyə gərəkdir. Qonaqları yola saldılar.

Onlar razılığı əldə edib, sevincli ruhla yaşadıqları vətənlərinə qayıtdılar.

İki həftədən sonra gəlib nişan taxdılar. Yarım aydan sonra da, yüksək səviyyəli toy edib Solmaz xanımı gəlin apardılar.

İllər keçir, həyat çaylar kimi, öz axını ilə dəyişikliyə uğrayaraq axıb gedir, İnsanların ömür illəri də, düz xətt kimi getmir, dəyişir, əyri xətt kimi qalxır-enir. Hər kəs alın yazısındakı ağlı ilə düşünür, hərəkət edir, verilən taleyi ilə həyatda mövqe tutur. Yeyir, içir, yatıb-durur, İşə gedib gəlir, nəsil yaradıb törədir, kimin alın yazısında nə yazılıb, onu yaşayır.

Şahnazın bacıları öz ailəsində rahat yaşayırdı. Şahnaz xanım anası Gülnaz xanımla tək qalmışdı. Baxmayaraq ki, Şahnaz xanımın boş vaxtı çox az olurdu, yenə də darıxırdı. Anası Gülnaz xanıma çox ürək ağrısı ilə yanaşırdı. Atasının yolunu gözləyən, gələn qara xəbərə inanmayan anasının halına acıyırdı.

Bacıları özlərini xoşbəxt hesab edirdilər.  Almazın bir oğlu bir qızı, Solmazın iki qızı olmuşdu. Hər iki bacı evdar xanımlar idi.

Şahnaz xanımın istəkləri: -sevdiyi oğlan və həkimlik sənəti onun alın yazısında qismətində olmadığı uçun, taleyi onu yerinə yetirə bilmədi.

Müharibə qurtarmışdı. Əhalinin vəziyyəti yavaş-yavaş nizamlanıb düzəlirdi. Müharibə qurtarandan iki il keçmişdi. Bir gün Gülnaz xanım sərsəm yuxudan oyanıb yerindən dik durub oturdu. Onun ürəyi elə bərk döyünürdü ki, sanki sinəsindən bayıra çıxmağa çalışır. Şahnaz ufultu səsinə oyandı. Anasını ölümcül vəziyyətdə görüb qorxdu. Tez durub heç nə soruşmadan gətirib ona soyuq su içirdib üzünə su çilədi. Şahnaz anasının yuxu görüb bu vəziyyətə düşməsinə əmin idi. Qapını, pəncərələri açdı, anasının qolundan tutub, yavaş-yavaş bayıra çıxartdı. Gülnaz xanım həddindən artıq, dözülməz dərəcədə həyəcanlı idi. O, bayıra çıxan kimi ağlamağa başladı. Hıçqıra-hıçqıra əli ilə sinəsini sığallayıb göz yaşlarını axıdırdı. Şahnaz xanım, ay ana sakitləş, yuxunu mənə danış, qorxulu nə görübsən? Ana özünə gələn kimi oldu. O, dərindən nəfəs alıb otağa girmək istədi. Şahnaz xanım, anasını nisbətən sakit görüb təkrar sual verdi. Gülnaz xanım dedi ay bala, səhər açılsın suya danışım, sonra sizə açıqlayaram. Şahnaz xanımda yuxuya qarşı narahat maraq oyandı. Səhərə qədər dözə bilməyib, narahat olacağını bildirib dedi, ana yuxunu işığa da danışmaq olur, deyirlər. İndi sakitcə, gördüyün yuxunu işığa danış, deyib otaqdan çıxdı. Şahnaz xanım özündən asılı olmayan sevinc hissi ilə, lampaya baxa-baxa yuxusunu danışıb qurtaran kimi, qızını çağırdı. Şahnaz xanım anasının gülər üzünü görüb mat qaldı. Ana, ay qızım! Mən inanıram ki, bu həqiqətdir, mən yuxumda gördüm ki, Şahbaz bəy bir gənc oğlanla evimizə qayıdıb. Onunla görüşmək istəyəndə ürəyimin çırpıntısına oyandım. Şahnaz xanım bir qədər tərəddüd edib, susdu. O, eşitmişdi ki, yuxu tərsinə olur. Anasının könlünü xoş etmək üçün, dedi yalansa, gerçək olsun ay ana! Baxarsan, atam Şahbaz bəy gələcək. Şahnaz xanımın özündə olan müsbət insani xüsusiyyətləri-gözəlliyi, zəngin zəka, dərin düşüncəli dərrakə, bilik, bacarıq, işgüzarlıq qabiliyyətini o, öz zəhməti iləmi qazanmışdı? Ya da özümü yaratmışdı? Əlbət də yox, bu insani xüsusiyyətləri İlahi onun alın yazısında onunla birlikdə yaratmış və ona uyğun olan həyat tərzində yaşmağı məsləhət bilibdir.

Şahnaz xanım heç bir bədbinliyə yol vermədən qəlbinin dərinliyində kök salıb- cücərən ilk məhəbbətinin eşqi ilə xəyala dalır, Allahın ona bəxş etdiyi insani xüsusiyyətlərinə baxıb özünü ən xoşbəxt, bəxtəvərin-bəxtəvəri hesab edərək, yazılmış taleyi ilə razılaşıb, barışır. O, anası Gülnaz xanımın əhval-ruhiyyəsinə baxıb sevinir, ruhu şadlanırdı. Tez-tez öz körpələri ilə təşrif gətirən bacılarının mehriban münasibətindən zövq alırdı.

Müharibə qurtarmış və zəfərli qələbədən 4 il keçmişdi. Şahnaz xanımın bacıları ailələri ilə, rəfiqələri və qohum-əqrəbaları, onun anadan olduğu gün münasibəti ilə təbrikə toplaşmış və toy mərasimli mərəkə təşkil edilmişdi. Nədənsə də Şahnaz xanım çox kədərli görünürdü, könülsüz gülüb danışırdı. İstədiyi qismətlərinə nail olmayıb, ona görə hamı onu bədbəxt hesab edir, belə məyus halını onunla izah edirdi. Lakin bilən yox idi ki, Şahnaz itkin atasını yad edib onsuz edilən şadlığa sevinə bilmirdi. Birdən onun ürəyi bərk çırpınmağa başladı, o özünü toplayıb mərəkədən çıxmaq istədi. Bu anda qonşunun uşağı qaça-qaça qışqırır ki, muştuluğumu verin. Hamı ayağa durur, Gülnaz xanım hamıdan əvvəl darvazaya tərəf qaçır, gözlərinə inana bilmir, sevincindən ayaqları dolaşıb üzü üstə yıxılır. Şahnaz xanım yıxılan anasını qaldırmaq əvəzinə qaçıb özünü atasına çatdırır. O, gözəl qamətini itirmiş üzü-başı ağ tüklü, yorğun, zəif görünən atası Şahbaz bəyi qucaqlayıb hönkürtü ilə ağlamağa başlayır. Ay ata, qurbanın olum indiyə qədər harada idin, bizi niyə cəhənnəm odunda tüstüsüz yandırıb qovurubsan? Şahbaz bəy bircə cümlə deyir: – əsir düşmüşdüm bala!  Şahbaz bəylə əsirlikdə olan, uşaq evində böyüyüb 18 yaşına çatanda cəbhəyə göndərilmiş gənc bir oğlanı Şahbaz bəy özü ilə gətirmişdi. Gülnaz xanım heç kəsi görmürmüş kimi, utanmağı unudaraq, Şahbaz bəyi qucaqlayıb, sinəsinə sıxıb, üz-gözündən öpə-öpə ağlayırdı. Qızlar Almaz və Solmaz növbə tapıb atalarına yaxınlaşa bilmirdi. Təklif olundu ki, hamı yerində əyləşsin. Sevinclər, sevincə qarışmışdı. Şahnaz xanım özünə məxsus məğrur görkəmi ilə ayağa durub: gülə-gülə dedi: – Məni təbrik etmək üçün buraya təşrif gətirən əzizlərim, istəkli dostlarım sizə çox minnətdaram! Bilin ki, ALLAHIN ən xoşbəxt bəndəsi mənəm. Elə təsəvvür edirəm ki, atamın-doğum günüdür. Nənəmlə-babamı təbrik edirik. Atam dünyaya yenidən gəlibdir. Bundan böyük səadət, xoşbəxtlik, sevinc ola bilərmi? Əziz atam-mənim dünyam Şahbaz bəy, bilərəkdən gəlişini bu günə salıb. Hamınızla birlikdə görüşməyi məsləhət bilibdir. Bacılar uşaqlarını tamam unutmuşdu. Birdən Almazın oğlu qaçıb babasına yaxınlaşıb gülməyə başladı. Şahbaz bəy çox təəccüblə özünə oxşayan bu oğlanı qeyri-adi hərəkətlə qucağına götürüb şirin-şirin öpür və sinəsinə sıxıb əzizlədi. O, bilmirdi ki, uşaq onun nəvəsi, adı da Şahbazdır.  Balaca Şahbaz babasının adını daşıdığına, qürur duyur, öz-özünə gülüb sevinirdi.

Üç gün qonaqlıq davam etdi. Heç yoruldum deyən olmadı. Almaz və Solmaz bacılar atasından ayrılmaq istəmirdi. Nadinc uşaqlara gərə məcbur olub, evlərinə getdilər. Şahbaz bəylə gələn oğlan ailənin ən əziz nümayəndəsinə çevrildi. Adı Qalibdir, uca boylu, şux qamətli, qəşəng, ləyaqətli, hörmətcil gənc idi. Orta məktəbi qurtaran tək müharibə başlanmış və o, uşaq evindən bir başa ön cəbhəyə göndərilmişdi. Müharibənin ən şiddətli vaxtında əsir düşmüşdü. Başı çox bəlalar çəkmiş Qalib, Şahbaz bəylə rastlaşanda sonra, tez-tez ünsiyyətdə olub, görüşürdülər.  O, Şahbaz bəyə oğul kimi, Şahbaz bəy də əsl ata məhəbbətli münasibətdə oldu.

Qalib əsirlikdən evə buraxılanda, artıq 27 yaşlı gənc idi. Onun 18 yaşının üstünə 9 il əlavə olmuşdur. 5 il davam edən müharibə illəri, 4 il əsirlik və evə buraxılana qədər keçən illər. Onun vətənə qayıtmaq fikri yox idi. Fikirləşirdi ki, vətəninə qayıdanda, hansı ünvana, hansı küçədəki binaya yaxınlaşıb, hansı mənzilin qapısını döyəcək, kim onun üzünə baxıb, bağrına basıb hönkürə-hönkürə ağlayıb-sevinəcək? Çıxış yolunu ancaq olduqları şəhərdə qalmaq da görürdü. Ağlına gətirə bilmirdi ki, Şahbaz bəy onun yolunda canından keçməyə hazır olan bir ata kimi onu heç yanda qoyub öz evinə qayıda bilməz. Onların hər ikisinə buraxılış vərəqəsi veriləndən sonra görüşdülər. Qalib sevinmək əvəzinə ağlamağa başladı. Şahbaz bəy onun məyus olub ağlamağına dözməyib özü də ağlayaraq onu qucaqlayıb dedi bala, mən sənsiz yaşaya bilmərəm, sən mənimlə bizə getməlisən. Gəl gedək tez bilet alıb yola düşək. Mən evimizə xəbər vermədən qızımın ad gününə sevinc hədiyyəsi etmək istəyirəm. İLAHİNİN yazdığı taleyə bir bax, kimsəsiz qalmış insana nə xoşbəxtlik yazılıbmış? Onların hər ikisi sağ qaldıqları üçün sevinir, Allaha şükür oxuyub yola düşdülər. Qatarla 3 gün yol gələrək Şahnaz xanımın ad günündə evə çatdılar

Vətən uğrunda döyüşdən gəlmiş hər iki vətəndaş doğma ata-bala münasibətində qalaraq, bir ailə üzvü kimi yaşamaq qərarına gəldilər. Şahbaz bəy öz mühasib vəzifəsində işə düzəldi. Qalib xəcalətindən özünə yer tapmırdı. O, işləmək qazanıb özü-özünü təmin etməli idi. Şahnaz xanımın köməkliyi ilə o, bütün fənləri öyrənib gecə məktəbində oxuyub vəsiqə aldı. Atasının yanında da mühasiblik sənətini öyrəndi. Qalib artıq sərbəst ailə sahibi olmağa qadir vəziyyətdə idi. Şahnaz xanımı ilk görüşdən bəyənmiş və qəlbinin ən dərinliyində bəslədiyi sevgi-məhəbbətini qardaş saydığı bacıya elan etməyə gücü çatmır utanırdı. Şahnaz xanım öz ilk sevgilisi Turanın eşqi ilə yaşayır, onun özünü intihar etmək məqsədini unutmur, hal-hazırda da onun taleyi ilə maraqlanıb əzab çəkir, o, harada? Necədir? Yadından çıxara bilmirdi.

Qalibin kimlə xoşbəxt olacağına da, ürək ağrısı ilə yanaşır, onun özünə göstərdiyi məhəbbəti dərindən başa düşüb anlayırdı.

İlk görüş günündən Qalibin vurğun baxışlarının, mehriban münasibətlərinin şahidi idi. O, ALLAHIN ona verdiyi möhkəm iradənin, əqli silah olan dözümlü səbrin hesabına, məhəbbətinin eşq alovlu tonqalında yanan ürəyinin sızlayan ağrısına dözə-dözə, özünü ələ alıb, olanları unutmağa çalışır və vəziyyətdən çıxış yolu tapıb, qərara gəlir, bildirmək istəyir.

Qalib məqsədini kimə desin, kim ilə fikrini bölüşdürsün? Ata qəbul etdiyi Şahbaz bəyəmi bildirsin? Ya bacı sayılan Şahnaz xanımamı eşq elan etsin? Dərdini kimə desin? Şahnaz xanım fikirləşirdi ki, bu kimsəsiz, qəşəng, dəyərli gənci kim xoşbəxt edə bilər, öz sevgilisindən başqa. Yəqin, onun alın yazısındakı tale qisməti, onu öz ayağı ilə gətirib qismətinə nail edir. Odur ki, o, Qalibi vəziyyətdən çıxarmaq yolları axtarırdı. Qalibin alın yazısındakı tale qisməti Şahnaz xanım imiş ki, öz ayağı ilə gəlib, onu tapmışdır…

Şahnaz xanım çox götür-qoy edəndən sonra anası Gülnaz xanıma öz fikrini açıqladı. Ananın ürəyində sevinclə bərabər, böyük xoşbəxtlik yarandı. O. elə bilirdi ki. Şahnaz xanım ilk sevgilisi Turandan sonra heç kimə razılıq verməyəcək. Həqiqətən də Şahnaz xanım Turanı unuda bilmirdi. O, ancaq kimsəsiz Qalibin gələcəyini düşünür, onu xoşbəxt görmək istəyirdi. Ana-bala ailələrinin xoşbəxtliyini – Qalibin xoşbəxtliyində görürdü. Ata-anasız böyümüş, kimsəsiz Qalibi ayırmaq istəmirlər. Gülnaz xanım, Şahbaz bəyi əhvalatla tanış edir. Şahbaz bəyin ürəyinin dərinliyində ki, arzusu üzə çıxır. O, bundan vacib heç bir istəyim yoxdur, deyir. O, gənclərin birləşməsinə ürəkdən razılıq verir. ALLAH-dan çox razı olduğunu bildirir. Hər tərəfli razılıqdan sonra, gənclər gələcəkləri üçün planlar cızır. Qalib oxuyub ali təhsilli mütəxəssis inşaatçı mühəndis olur və öz ixtisası üzrə işə düzəlir. Ona elə gəlirdi ki, heç vaxt ata-anasız olmayıb, sadəcə onlardan ayrı düşübmüş. Hal-hazırda onlarla bir yerdədir. Qasırğalı fırtına təhlükəsi gözləyən amansız dənizdə, köməksiz qalan kapitanın taleyinə bənzəyən, kimsəsiz gənc-Qalib üçün, ayağa durub, sənəd sahibi olmaq, həyata atılıb cəmiyyət arasında yer tutmaq, ailə sahibi olmaq, nə qədər çətin olardı?! Qalib və Şahnaz xanım, görüşdükləri ilk gündən iki il keçəndən sonra, ailə qurub birləşdilər. İki oğul, iki qız ata-anası Qalib bəylə, Şahnaz xanımın belə yazılmışdı alın yazısı…

İnsanlar öz ağlı ilə idarə olunur, mənsub TALEİ ilə həyatda mövqe tutur!

TALE, sahibinin ağlına tabe deyildir, o, “Alın Yazısı”, İLAHİDƏN vergidir!

 

ZƏRƏNGİZ ŞIXLI,

ZiM.Az

 

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.