AzTU-nun təşəbbüsü ilə “ADEX-2024” sərgisində panel müzakirə keçirilib –

2 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) təşəbbüsü ilə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində “Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. 

AzTU-nun rektoru Vilayət Vəliyevin moderatorluğu ilə keçirilən panel müzakirədə Azərbaycan Milli Aviasiya Akademiyasının yeni texnologiyalar üzrə prorektoru Xəqani Abdullayev, Türk Aerokosmik Sənayesinin beynəlxalq proqramlar üzrə məhsul meneceri Yasin Kaygusuz, AzTU-nun Sənaye Sistemləri və Kibertəhlükəsizlik İnstitutunun direktoru Manafəddin Namazov, Milli Müdafiə Universiteti nəzdində Hərbi İdarəetmə İnstitutunun rektor müavini Əsəd Rüstəmov və Müdafiə Sənayesi Nazirliyi nəzdində Milli Aerokosmik Agentliyinin Məsafədən zondlamanın optik-elektron cihazları şöbəsinin rəisi Günel Əliyeva mövzu haqqında təqdimatla çıxış ediblər. Məruzəçilər  müdafiə sənayesi və avtomatika sahəsində görülmüş və görüləcək işlər, ən son trendlər, universitet-sənaye işbirliyi istiqamətində təcrübələrini bölüşüblər.

Rektor Vilayət Vəliyev AzTU-da müdafiə sənayesi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Rektor universitet-sənaye işbirliyinin inkişafından və çağdaş trendlərdən də danışıb.

Panelin sual-cavab sessiyasında rektor Vilayət Vəliyev süni intellekt və kibertəhlükəsizlik sahəsində etik çağırışlar barədə məruzəçilərlə dialoq formatında müzakirələr aparıb.

Sonda panelin moderatoru və məruzəçilərinə sertifikat təqdim olunub.

Qeyd edək ki, “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi sentyabrın 26-na kimi davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir