GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS FİRİDUN BƏY KÖÇƏRLİNİN YARADICILIĞINDA DAHİ MƏHƏMMƏD FÜZULİ ƏDƏBİ-İRSİNİN İZLƏRİ –

9 min read

Azərbaycan ədəbiyyatına yeni məzmun, yeni bədii keyfiyyətlər gətirən Füzuli yaradıcılığı Azərbaycan xalqının ictimai və bədii fikir tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Üç dildə ölməz əsərlər yaradan bu dahi sənətkar yaxın Şərqin ədəbi həyatına, Türkiyə, İran və Orta Asiya xalqlarının ədəbiyyatına dərin təsir göstərmişdir.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin həyat və yaradıcılığının bu günümüzə gəlib çıxmasında Azərbaycan mədəniyyətində xüsusi dəsti-xətti olan görkəmli ədəbiyyatşünas, dəyərli pedaqoq, folklorşünas alim Firidun bəy Köçərlinin çox mühüm rolu vardır.

F.b.Köçərli Azərbaycan mədəniyyətində ədəbiyyat tarixçisi kimi tanınır. Azərbaycan folklorunun araşdırılmasında və klassik irsimizin tədqiqatının  aparılmasında Köçərlinin zəhməti olduqca böyükdür.

Ədibin 1903-cü ildə toplayıb meydana çıxardığı “Azərbaycan türklərinin ədəbiyyatı” adlı əsəri Azərbaycan ədəbiyyatı tarixçiliyində maarifpərvər ziyalılar tərəfindən lazımınca dəyərləndirilmiş və rəğbətlə qarşılanmışdır. Kitab yığcam şəkildə olduğundan Firidun bəy onu bir qədər də genişləndirmək qərarına gəlir. Bunun üçün Köçərli Azərbaycanın bütün bölgələrini kəndbəkənd gəzərək, araşdırmalar aparır, yaxud uzaq rayonlarda yaşayan dostlarına məkrubla müraciət edərək klassiklərimiz haqqında  bildikləri və eşitdiklərini yazıb ona göndərməsini xahiş edirdi. Nəhayət toplanılan materiallar əsasında o, 129 nəfər klassik ədəbi şəxsiyyət haqqında “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı ikicildlik əsəri meydana çıxara bilir. Təəssüf ki, müəyyən qadağalar və imkansızlıq üzündən o sağlığında bu kitabı özü nəşr etdirə bilmir. Bu kitab, 1925-1926-cı illərdə  Köçərlinin ölümündən beş il sonra onun həyat yoldaşı Badisəba xanımın təşəbbüsü ilə Azərbaycan Dövlət nəşriyyatı tərəfindən çap olunmuş,  daha sonrakı illərdə isə  “Azərbaycan ədəbiyyatı” adı ilə yenidən nəşr edilmişdir

Oxucularının sevə-sevə oxuduqları və tanıdıqları Azərbaycan şair və yazıçıları məhz bu kitab vasitəsi ilə bizə gəlib çatmışdır.

Firidun bəy Köçərli özündən əvvəllər də belə bir təşəbbüsdə bulunan tədqiqatçıların Füzuli haqqında və eləcə də digər klassiklərimizin əsərləri haqqında məlumatlar əldə etmək üçün xeyli zəhmət çəkməli olmuşdur.

Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” adlı əsərində yer alan şəxsiyyətlər içərisində Azərbaycanın dahi klassik şairi M.Füzulinin də xüsusi yeri vardır. F.b.Köçərlinin bu əsəri Füzuliyə həsr edilmiş oçerklə başlayır.  Lakin, əsərdə Füzuli dühası ilə yanaşı Xəqani, Əbül Üla Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Seyid Zülfiqar Şirvani və başqaları haqqında da məlumat verilmişdir.

F.b.Köçərlinin Füzuli yaradıcılığından bəhrələndiyini və onun əsərlərinə məxsusi məhəbbəti olduğu aşkardır.

Firidun bəyin Füzuliyə dair tədqiqatında yeni və əhəmiyyətli olanı ondan ibarətdir ki, o şairin tərcümeyi-halı haqqındakı məlumatı xeyli genişləndirmiş, şairin öz ana dilində yazmasına böyük əhəmiyyət verərək “Füzuli türk oğlu olmağına binaən öz ana dilini artıcaq sevib də ona rövnəq verməyi baş vəzifələrdən birisi hesab edirmiş” deyə  qeyd etmişdir.

Təbidir ki, əsərlərində təkrar-təkrar Azərbaycan dilində şeir yaratmağın çətinliyindən bəhs edən Füzulinin bir vətənpərvər kimi doğma ana dilinə olan sevgisi və məhəbbəti Firidun bəyin diqqətini cəlb etmişdir.

Ümumiyyətlə Firidun bəyin həyat və yaradıcılığının mayəsində onun dilimizə, kökümüzə, soyumuza bağlılığı olan şairlərin yaradıcılığı dayanır. Bütün həyatını millətin maariflənməsinə, təhsil almasına, adət-ənənələrimizin qorunmasına həsr etmiş F.b.Köçərli bu fikirdə olan şairlərin yaradıcılığına böyük dəyər vermiş və özü də bu dahi klassiklərin əsərlərindən bəhrələnmişdir.

Azərbaycan dilində dünya səviyyəli əsərləri yaratmaq kimi böyük vəzifəni, bütün çətinliklərə baxmayaraq, parlaq surətdə yerinə yetirmək şairin ən böyük tarixi xidməti olduğu kimi həm də onun fitri istedadından xəbər verir.

F.b.Köçərli ədəbiyyatı millətin inkişaf səviyyəsi hesab edirdi və hətta Köçərliyə görə ədəbiyyatı millətin “qüdrət və cəlalını” göstərən tarixi vəsiqə, xalqı yaşadan vasitə hesab etmək olar.

Azərbaycan mədəniyyət tarixinin simalarının klassik ədəbiyyatımızda olması, həmçinin onların Azərbaycan xalqı tərəfindən tanınması, bu günümüzdə də o dahi sənətkarların əsərlərinə müraciət olunması Firidun bəy Köçərli və eləcə də  onun müasirlərinin zəhməti müqabilində olmuşdur.

F.Köçərli dahi şairin Azərbaycan ədəbi dili inkişafında oynadığı rolu qiymətləndirərək yazır: “Həqiqətdə demək olur ki, türk dilinə rövnəq verən və onu xar və xaşakdən təmizləyib bir göyçək və səfalı çəmənə bənzədən Füzuli olubdur və bununla biz türklərin üstə ümumən və Azərbaycan türklərinin boynuna böyük minnət qoyubdur”.

Köçərli çox haqlı olaraq qeyd edirdi ki, “Azərbaycan ədəbi dilinin yaranmasında, inkişafında və kamilləşməsində görkəmli şair və yazıçılarımızın böyük rolu olubdur. Ədəbi dilin formalaşmasında xalq yaradıcılıq nümunələri və eləcə də sadə, gözəl yazılmış əsərlər əhəmiyyət daşıyır. O, M.Füzulinin Azərbaycan dilində yazılmış əsərlərini misal gətirərək, bu dilin tükənməz imkanlara malik olduğunu göstərirdi. Xalqın daxilindən gələn fikirləri onun özünün danışdığı doğma ana dili qədər heç nəylə ifadə etmək mümkün deyil”. F.b.Köçərli daha sonra qeyd edirdi ki, “çünki, bu fikirlər təkcə dillə bağlı deyil, həm də xalqın ruhu ilə əlaqədardır.

F.Köçərlinin fikirlərində diqqəti cəlb edən əhəmiyyətli cəhətlərdən biri budur ki, o, Füzuli lirikası ilə xalqın həyatı arasında əlaqəni, Füzuli poeziyasının ictimai məzmununu, onun insanpərvərliyini doğru dərk etmiş, Füzulinin məzlumların halına yanmaq üçün yaranmış bir şair olduğunu göstərmişdir.

Ruhən Vətəninə, xalqına, dilinə, dininə, keçmişinə dərin məhəbbətlə bağlı olan Firidun bəy Köçərli Füzuli yaradıcılığında arzuladığı fikirlərini tapırdı. Bu xüsusiyyət onun Füzuli yaradıcılığına bir məktəb kimi yanaşmasında əsas cəhətlərdən biri olubdur. Bəlkə də Köçərlinin Vətənə, xalqa qəlbən bağlılığı, məhəbbəti olmasaydı, o bu tədqiqatlara ömrünü həsr etməzdi.

Füzulinin hər zaman söylədiyi “Xalqa mənfəət ver, ehtiram qazan” kimi dəyərli sözləri bunu bir daha təsdiq edir.

Orta əsrlərdə bütün Şərq ədəbiyyatında hakim olan ənənəyə görə Füzuli də öz əsərlərinin bir çoxunda Allahı, peyğəmbəri, dövrün hakimlərini tərif edərək, “Allahın yaradıcılıq qüdrətini” alqışlayır, dinə olan hörmətini göstərməyə çalışırdı. Bu Füzulinin “Leyli və Məcnun” poemasında daha aydın görünür. Şairin lirikasında tərənnüm olunan coşqun, fədakar, insanpərvər məhəbbət “Leyli və məcnun” poemasında artıq möhtəşəm bir abidə kimi ucalmışdır. Bu poemanın gözəl cəhətlərindən biri budur ki, şair ərəb ədəbiyyatına aid ənənəvi süjetin ana xəttini saxlamaqla bərabər, onu orjinal surətdə işləmişvə öz müasir cəmiyyətinin həyatı ilə bağlaya bilmişdir.

Füzulinin poemasının həyatla, xalq ilə əlaqəsini F.Köçərli yüksək qiymətləndirmişdir.

Tədqiqatlarda Füzulini Şərqdə parlayan günəşə bənzədirdilər. İngilis şərqşünası Gibb Füzuli haqqında “Heç bir türk şairi, həqiqətən Füzuli qədər gözəl qəzəllər yazmamışdır” deməsi onun “qəlb şairi” olduğunu və Füzuli lirikasında səmimiyyəti xüsusi olaraq qiymətləndirmişdir.

Çox doğru olaraq qeyd edirlər ki, “Füzuli ilhamını  hər hansı bir şairin əsərindən , öz xüsusi qəlbindən alırdı, o, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmış, bu yolda onun sələfi olmamışdır”.

F.b.Köçərlinin Füzuli yaradıcılığına olan səmimi münasibətinin kökündə də bu fikirlər dayanır.

Sovet hakimiyyətindən əvvəlki dövrdə Füzulinin həyatı və əsərləri ilə kütlələri tanış etməkdə F.b.Köçərli ilə bir sırada Abdulla Şaiqin, Fərhad Ağazadənin və digərlərinin də mühüm rolu olubdur. Bu səbədən də Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” adlı ikicildlik əsəri mühüm əhəmiyyət daşıyır. Bu əsər xalqımızın çoxəsrlik ədəbiyyat və mədəniyyətinə olan güclü məhəbbət hissilə, böyük zəhmət hesabına meydana çıxmışdır.

Hər zaman xalqın maariflənməsi yolunda çalışan, mübarizə aparan Firidun bəy Köçərlinin bu əsəri  Azərbaycan xalqına keçmişini xatırlatmaqla yanaşı, eyni zamanda klassik irsimizin nümayəndələrinin istedadını üzə çıxartdı, onları təkcə Azərbaycan xalqına deyil, dünyaya tanıtmağı bacardı.

 

PƏRİXANIM MİKAYILQIZI

“Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərinin baş redaktoru,

AJB-nin üzvü, şair, yazıçı, publisist,

F.b.Köçərlinin tədqiatçısı, dövlət qulluğunun baş müşaviri,

bir çox medal və  media mükafatları laureatı

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir