ELVİN ELXANOĞLU (1989) –

13 min read

Elvin Elxanoğlu (Elvin Elxan oğlu Alməmmədov) – 1989-cu ildə Naxçı­van Muxtar Respublikasının Şərur ra­yonu­nun Dan­yeri kəndində anadan olub.
2006-cı ildə Ş.İ.Xətai adına Dan­yeri kənd tam orta məktəbi, 2010-cu ildə Nax­çıvan Dövlət Uni­ver­site­tini bitirib.
Şeirləri “Haqqın sədası” qəzeti, “Xəzan” jurnalı; “Müəl­lif”, “Gələcəyə doğru”, “Yeni Uğur” poeziya antologi­yaları da daxil olmaqla, bir sıra mətbu orqanlarda yer alıb.
Ailəlidir, iki övladı var.
2000-ci ildən etibarən bədii yaradıcılıqla məşğul olma­ğa baş­layıb. “Mənim sevimli müəllimim” şeiri ilk qələm məh­su­lu “Tumurcuq” qəzetində çap olunmuşdur.
“Ölkəm­də sülh olar­sa…” şeiri ilk mətbu uğurudur.
“Uzaqda bir ev” adlı şeirlər kita­bının müəllifidir.

Biz də Elvin bəyə yaradıcılıq uğurları diləyir və onun yara­dıcılığından bir sıra şeirləri oxucularımızın diqqətinə çatdırırıq.

 

AZƏRBAYCAN

Tarix boyu zəfərlərə imza atan
Ulu, şanlı bir dövlətsən, Azərbaycan.
Yeraltı da, yerüstü də zəngin olan
Başdan-başa bir sərvətsən, Azərbaycan.

Tanınırsan həm neftinlə, həm qazınla,
Badamlı, Sirab, İstisu, Kəlbəcərdə qızılınla.
Dəli Kürün, Xan Arazın, muğamın, telli sazınla
Sən dillərdə əzbər olan bir şöhrətsən, Azərbaycan.

Qız qalası, Möminə Xatun bir məhəbbət qalasıdı,
Gözəl Bakı axşamları sevənlərin dünyasıdı.
Məşhur Alov qüllələri inkişafın aynasıdı.
Gündən-günə gözəlləşən bir cənnətsən, Azərbaycan.

Vətənisən həm ləzginin, həm talışın, həm avarın,
Qarabağda dastan yazdı hər millətdən oğlanların.
Qarşısında baş əyirik şəhadətə çatanların,
Sən xalqları birləşdirən bir vəhdətsən, Azərbaycan.

Naxçıvanın xoş havası, Qarabağın mənzərəsi,
Çox gözəldi təbiəti, müqəddəsdi hər bölgəsi.
Yeməkləri, müsiqisi, gözəl adət-ənənəsi –
Cənnət görmək istəyənə bir dəvətsən, Azərbaycan.

 

ZƏFƏR GÜNÜ

İllərlə səbr edib dözdü xalqımız,
Bilirdi bu həsrət bir gün bitəcək.
Qarabağ düşməndən azad edildi,
Azərbaycan, zəfər günün mübarək!

Bilsin şəhidlər və bilsin qazilər:
Tökülən o qanlar olmadı hədər.
44 günə oldu möhtəşəm zəfər,
Qarabağ bizimdi, hamı biləcək.
Azərbaycan, zəfər günün mübarək!

Qanla tarix yazdı şanlı ordumuz,
Zəfərlə taclandı milli ruhumuz.
Özünə qayıtdı cənnət yurdumuz,
Artıq Qarabağım çiçəklənəcək.
Azərbaycan, zəfər günün mübarək!

Dastan yazdı hər zabitin, əsgərin,
Dağıtdı düşmənin postun, səngərin.
Qarşında diz çökdü mənfur düşmənin,
Hər zaman qarşında tir-tir əsəcək.
Azərbaycan, zəfər günün mübarək!

Var xalqımın müzəffər sərkərdəsi,
Qılıncdan itidi onun kəlməsi.
Bəs eyləyər döyüş əmri verməsi,
Dəmir yumruq yenidən birləşəcək.
Azərbaycan, zəfər günün mübarək!

Minlərlə şəhidlər, bunca qazilər,
Nə də gördüyümüz o faciələr…
Nə qədər üstündən keçsə də illər,
Heç vaxt yaddaşlardan silinməyəcək.
Azərbaycan, zəfər günün mübarək!

Elxanoğlu deyir – Gəlin, səbr edək,
Otuz il dözmüşük, beş il də dözək.
Yenə də düşmənlər ağıllanmasa,
Ordumuzu İrəvanda görəcək.
Azərbaycan, zəfər günün mübarək!

 

ƏZİZ ŞUŞA

Əziz Şuşa, sən azadsan,
Torpağında yağı gəzmir.
Dağlarının zirvəsində
Daha qara yellər əsmir.

Səni azad etmək üçün
Bil ki, dastan yazılıbdı.
Əl uzadan düşmənlərin
Məzarları qazılıbdı.

Bundan sonra Xarıbülbül
Qorxa-qorxa açmayacaq.
Qədim Şuşa qalasına
Düşmən ayaq basmayacaq.

Gövhərağa məscidindən
Ucalacaq azan səsi.
Daşaltısı, Cıdır düzü –
Müqəddəsdi hər bölgəsi.

Əlbəttə ki, gözəl Şuşa
Qarabağın incisidi.
Mədəniyyət sahəsində
Dünyanın birincisidi.

Gözəl Şuşa, sən azadsan,
Sağalacaq yaraların.
Artıq sənə qovuşacaq
Yaxınların, doğmaların.

Mədəniyyət paytaxtıdı,
Beşiyidi musiqinin.
Vətənidi Natəvanın,
Bülbül, Nəvvab, Üzeyirin.

Yenə yarışlar olacaq
Tarixi Cıdır düzündə.
Yenidən qurulacaqdır
Məktəbin də, muzeyin də.

İsa bulağı gözündən
Daha qan-yaş tökməyəcək.
Bir də Şuşa əhalisi
Yurdlarından köçməyəcək.

Üzeyirin, Natəvanın,
Bülbülün ruhu şad oldu.
İgidlərin sayəsində
Gözəl Şuşa azad oldu.

Allah rəhmət etsin bütün
Canlarından keçənlərə,
Şəhadətə ucalaraq
Cənnətinə köçənlərə!

 

QARABAĞ ARTIQ AZADDI

Dalğalandı Qarabağda bu gün zəfər bayrağımız,
Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız.
Düşmənlərdən təmizləndi dədə-baba torpağımız,
Canlarını fəda edən şəhidlərin ruhu şaddı.
Xəbər verin Mübarizə – Qarabağ artıq azaddı!

Məhv eylədi düşmənləri, dastan yazdı şanlı ordu,
Xocalıda öldürülən hər can üçün hesab sordu.
Baxın, görün otuz ildə neçə oğul şəhid oldu,
Cənnətdədi onlar bu gün, şəhidlik ən uca addı.
Deyin Polad Həşimova – Qarabağ artıq azaddı!

Qarabağ türk torpağıdı, yenə elə qalacaqdır,
Qarabağa göz dikənlər başlarından olacaqdır.
Şanlı ordum yenilməzdi, daim zəfər çalacaqdır,
Qarabağ Azərbaycandı, gerisi cəfəngiyatdı.
Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddı!

 

ANAMIZIN QƏDRİNİ BİLƏK

Ananın yerini kim verə bilər?
Gəlin anamızın qədrini bilək.
Bizi anadan çox kim sevə bilər?
Gəlin anamızın qədrini bilək.

Yuxusuz gecələr görüb gözləri,
Qoruyub həm gecə, həm gündüzləri.
Bətnində gəzdirib axı bizləri,
Gəlin anamızın qədrini bilək.

Bizi canından çox istəyər ana,
Canı ağrısa da, gizləyər ana.
Hər gün yolumuzu gözləyər ana,
Gəlin anamızın qədrini bilək.

Bilin ki, hər evdə çiçəkdi ana,
Bütün kainata bəzəkdi ana.
Axı müqəddəs bir mələkdi ana,
Gəlin anamızın qədrini bilək.

Bircə acı sözdən sınar ürəyi,
Bir soyuq baxışdan donar ürəyi.
Ən zərif ürəkdi ana ürəyi,
Gəlin anamızın qədrini bilək.

Cənnət ilə qoşa çəkilir adı,
Anasız həyatın bilinməz dadı.
Bu dünya amansız, fani dünyadı,
Gəlin anamızın qədrini bilək.

Laylası bu gün də qulağımdadı,
Gəncliyi gözümün qabağındadı.
Göz yaşım süzülüb yanağımdadı,
Gəlin anamızın qədrini bilək.

İllər gəncliyini alır ananın,
Ağ saçlar yerini alır qaranın.
Neçə ki gec deyil, vardı zamanın,
Gəlin anamızın qədrini bilək.

Həsrəti ağırdı, çəkənlər bilər,
Anasız göz yaşı tökənlər bilər.
Məzarına bir gül əkənlər bilər,
Gəlin anamızın qədrini bilək.

 

BİRİ VARDI, BİRİ YOXDU

Biri vardı, biri yoxdu…
Uşaqlıqdan öyrəşirik
Bir şeylərin yoxluğuna –
Nələrinsə azlığına,
Nələrinsə çoxluğuna…
Kimisinin pulu yoxdu,
Bir qarın ac, bir qarın tox.
Kimisinin pulu çoxdu,
Xəstə yatır yatağında –
Var-dövlətin qabağında
Zavallının çarəsi yox…
Uşaqlıqdan başlayırıq
Nələrisə itirməyə.
Sonra həyat budu deyib
Başlayırıq özümüzdən
Bəhanələr gətirməyə…
Kiminin var anası,
Dəyərini bilmir onun.
Kimi də göz yaşı tökür,
Sarılacaq anası yox,
Dərdlərinə yanası yox.
Kiminin də anası var,
Evlənəcək yaşa gəlib,
İstəməyə atası yox…
Ailələr var,
Bir balası olsun deyə
Gecə-gündüz dua edir.
Analar var, bala üçün
Öz şirin canından keçir…
Eləsi var, körpəsini
Kimsəsizlər evinə atır
Çox böyük günaha batır.
Səbəb nədi?
Hamı oğlan gözlüyümüş,
Uşaq gəlib qız olubdu.
Bu da evdə söz olubdu,
Nə deyəsən beləsinə?
Bəzən də tam tərsi olur,
Övlad atır anasını, atasını.
Lənət olsun eləsinə…
Dünyalara dəyişmərəm
Mən atamın, mən anamın
Saçının bir tək telini.
Öpün ata-ananızın
Cənnət qoxulu əlini.
Əgər sağsa,
Əgər onun əllərindən
Öpmək mümkün olacaqsa…
Sevgilər var, hamı sevir,
Qovuşurmu gəlin görək?
Birisi vəfasız çıxır,
Birisini alır fələk.
Biri vardı, biri yoxdu…
Uşaqlıqdan öyrəşirik
Bir şeylərin yoxluğuna.
Dünya özü bir nağıldı,
Hər kəs nağıl qəhrəmanı –
Bəzən işıqlı dünya,
Bəzən də qaranlıq olur.
Nağıl var ki, şirin yuxu,
Nağıl var ki, qorxuludu.
Bir nağlın başlanğıcı
Digərinin sonu olur…

 

QOCALIQ

Tək-tənha oturub oturacaqda
Qoca dalmış idi dərin xəyala.
Gözləri baxdığı nurlu dünyada
Cavab tapmamışdı xeyli suala.

Yaşlı gözləriylə ətrafı süzür,
Cavan çağlarını xatırlayırdı.
Yaşlılıq, ağrılar qəlbini üzür,
Hamıdan gizlincə hey ağlayırdı.

Zəhmətlə yoğrulmuş iki əliylə
Çəliyə söykənib kədərlə baxır.
Həyat yüz oyunla, min hiyləsiylə
Gözünün önündən su kimi axır.

Bir keçmişə baxır, bir gələcəyə,
Yalnız cavan qalan ümidləriydi.
Həsrətlə baxırdı hər bir küçəyə,
Ona sadiq qalan tək dərdləriydi.

Ən sadiq bildiyi ayaqları da
Artıq vəfasızlıq eyləyir ona.
Sirdaşı bildiyi qulaqları da
Dostluq vəfasını yetirir sona.

Hər şeyə şahidlik edən gözləri
Nədənsə araya bir pərdə çəkir.
Dil də ünsiyyətə baxır ötəri,
Susur hər deyəndə adi bir fikir.

Fikirlər qoymadı qoca otura,
Bir an getmək düşdü onun beyninə.
Söykəndi çəliyə, ayağa dura,
Titrədi dizləri, çökdü yerinə.

Yaşlı qüruruyla gözləri doldu,
Özünü toplayıb ayağa qalxdı.
Yoldan keçənlərdən gülən də oldu,
Bu gülüş qocanı yandırdı, yaxdı.

Dedi – Yaşlanarsan bir gün, ay bala,
Ömrün yazı kimi, qışı da vardı.
Yazda bütün aləm bürünər ala,
Qışın gülü şaxta, çiçəyi qardı.

Çalış, yaşlılara kömək edəsən,
Gələcək nəsillər bizlərə baxır.
Düşünmə, sadəcə gülüb keçəsən,
Unutma, nə etsən qarşına çıxır.

 

QİSASIN ALINDI

Bu gün vətənimin qürur günüdü,
Daha göz yaşını sil, ay Xocalı.
Bu gün vətənimin məğrur günüdü,
Qisasın alındı, bil, ay Xocalı.

Mərd oğullarımız dastan yazdılar,
Düşmənin alnına damğa basdılar.
Üçrəngli bayrağı göydən asdılar,
Sən artıq azadsan, gül, ay Xocalı.

Müzəffər ordumuz dadına yetdi,
Düşməni bir gündə tarımar etdi.
İllərin həsrəti sonunda bitdi,
Çoxdan gözləyirdik, gəl, ay Xocalı.

İllərdi yol çəkir sənin gözlərin,
Sənin yaraların dərindi, dərin.
Ruhları şad olsun qoy şəhidlərin,
Gözümüz sel oldu, sel, ay Xocalı.

İllər ayrı saldı öz vətənindən,
Soyqırım görmüsən düşmənlərindən.
Bir daha heç zaman baş üzərindən
Əsməsin o qara yel, ay Xocalı.

Mərd oğullarımız hesab sordular,
Namərdlər diz çöküb təslim oldular.
Düşmənlər bu günü unudurdular,
Gözlədik gör neçə il, ay Xocalı!

 

SƏNİ SEVİRƏM

Sən mənim qismətim, sevgi payımsan,
Gündüz günəşimsən, gecə ayımsan.
Sanki gerçək olan röyalarımsan,
Sən oldun bu sevən könlümə həmdəm.
Ömrümün mənası, səni sevirəm…

evginin dadını səndə tapmışam,
Səninlə arzuma, kama çatmışam.
Sənlə sənsizliyin daşın atmışam,
Qəlbimi ömürlük sənə verirəm.
Könlümün sahibi, səni sevirəm…

Küləklər saçında gəzməsin deyə,
Səni yad baxışlar süzməsin deyə,
Kimlərsə qəlbini üzməsin deyə
Səni ürəyimdə mən gizlədirəm.
Ay mənim nəfəsim, səni sevirəm…

Sənsiz bircə günüm belə olmasın,
Sevgimiz çiçəkdi, heç vaxt solmasın.
Qəlbində heç zaman şübhə olmasın,
Hər zaman demişəm, yenə deyirəm:
“Sevgimin çiçəyi, səni sevirəm…”

Sevgin ürəyimdə ümman kimidi,
Varlığın ruhuma dərman kimidi.
Eşq iki ürəkdə bir can kimidi,
Səni damarımda mən hiss edirəm.
Ruhumun qidası, səni sevirəm…

Səni ürəyimə yaxın bilmişəm,
Səninlə ağlayıb, sənlə gülmüşəm.
Birdənəm, sevgimi sənə vermişəm,
Bunu həmişəlik bil, istəyirəm.
Ömrümün bəzəyi, səni sevirəm…

 

BIR QADIN AĞLAYIR

Bir qadın ağlayır səssiz-səmirsiz,
Göz yaşı süzülür yanaqlarına.
Bir qadın ağlayır səssiz-səmirsiz,
Güc gəlir həyatın sınaqlarına.

Bir qadın ağlayır səssiz-səmirsiz,
Qəlbində fırtına qoparır durur,
Bir qadın ağlayır səssiz-səmirsiz,
Kimlərsə onu can evindən vurur.

Bir qadın ağlayır səssiz-səmirsiz,
Üşüdüb qəlbini qış soyuqları.
O qədər əziyyət çəkib ki, onun,
Dünyadan ağırdır göz qapaqları.

Bir qadın ağlayır səssiz-səmirsiz,
İllərlə hər şeyi qəlbinə atıb,
Bir qadın ağlayır səssiz-səmirsiz,
Qəlbi göz yaşının içində batıb.

Bir qadın ağlayır səssiz-səmirsiz,
Gizlədir hamıdan göz yaşlarını.
Çoxu gülər üzlü bilir həyatda,
Görmürlər kədərli baxışlarını…

Bir qadın ağlayır səssiz-səmirsiz,
Sakitcə düşünür ötən çağları.
Bir qadın ağlayır dərddən-kədərdən,
Sığdırıb qəlbinə sıra dağları.

 

NAKAM MƏHƏBBƏT

Sənsizlik o qədər ağırdı sanki,
Dünyanın yükünü daşıyıram mən.
Unuda bilmirəm ötən günləri,
Elə bil, keçmişdə yaşayıram mən.

Səni canımdan çox sevmişdim axı.
De, indi mən səni unudum necə?
Demişdin gözünə görünməyəcəm,
Xəyalın yuxuma gəlir hər gecə…

Gedişin ömrümə qışı gətirdi,
Üşüyür qəlbimin sən olan yeri.
Bütün gələcəyi qurban verərdim,
Ötən bir günümüz dönsəydi geri.

Aradan keçibdi əzablı illər,
Görsək tanımarıq bir-birimizi.
Yalnız onu bil ki, günahkarıq biz,
Birlikdə öldürdük saf sevgimizi…

Dünyaya sığmazdı bizim sevgimiz,
Neyliyək, xoşbəxtlik olmadı qismət.
İndi bir şairin misralarında,
İkicə kəlməyik-nakam məhəbbət.

 

MƏN O QƏDƏR GÜCLÜYƏM Kİ…

Mən o qədər güclüyəm ki,
Səni sənsiz yaşayıram.
İkimizin sevgisini,
Bir ürəkdə daşıyıram.

Mən o qədər dəliyəm ki,
Səni hələ var bilirəm.
Gözümə də görünürsən,
Uşaq kimi sevinirəm.

Mən elə bir memaram ki,
Səndən zirvə yaratmışam.
O zirvəyə çatmaq üçün,
Həyatımı qaraltmışam.

Mən elə sehrbazam ki,
Hər gün ölüb dirilirəm.
Səni hər gün böyüdürəm,
Özüm daim kiçilirəm.

Mən o qədər peşmanam ki,
Lap özümü bitirmişəm.
Bu sevginin yollarında,
Gəncliyimi itirmişəm.

ZiM.Az

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir