AĞASƏF İMRAN (1942)

12 min read
Ağasəf Məmməd oğlu İmran – 15 yanvar 1942-ci ildə Azərbaycan Respublikası Masallı rayonunun Əhmədli kəndində anadan olub. 1948-ci ildə Əhmədli kənd yeddiillik məktəbinin birinci sinifinə daxil olub və 1958-ci ildə Masallı rayonundakı Təklə kənd orta məktəbinin onuncu sinifini bitirib.
1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU-nun) “İnşaat” fakultəsinə daxil olub. 1961-ci ildə həmin institutda yeni yaradılmış “Avtomatika və telemexanika” fakultəsinə keçib. 1964-cü ildə “Avtomatlaşdırma üzrə mühəndis” ixtisası almaqla həmin institutu bitirib və təyinatla Gəncə Alüminium zavoduna göndərilib. Bir il orada işlədikdən sonra, 1966-cı ildə Sovet Ordusu sıralarına çağırılıb. Bir il hərbi xidmətdə olub. 1966-cı ildə hərbi xidmətin sonunda 3 aylıq zabitlik kursunda oxuyub və ehtiyatda olan zabit kimi ordudan tərxis olunub.
Hərbi xidmətdən qayıtdıqdan sonra, 1967-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda fəaliyyətə başlayıb. 1967-ci ildən 1991-ci ilə kimi həmin institutda çalışıb, hesablayıcı maşınların operatoru vəzifəsindən mühəndis, böyük mühəndis, bölmə rəhbəri, laboratoriya müdiri, şöbə müdirinin müavini və nəhayət, elmi şöbənin müdiri vəzifəsinə yüksəlib. Bu vəzifədə çalışdığı 10 il ərzində Respublikamızda texniki-iqtisadi informasiya təsnifatlarının və unifikasiya olunmuş sənədlər sisteminin hazırlanması və tətbiqi işlərinə rəhbərlik edib, eyni zamanda SSRİ Elm və Texika və Dövlət Plan Komitələrinin tapşırıqları əsasında İttifaq əhəmiyyətli problemlərin və elmi-tədqiqat mövzularının yerinə yetirilməsində əvvəlcə icraçı, sonralar rəhbər kimi iştirak edib. Respublikamızda Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin və Avtomatlaşdırılmış İnformasiya Sistemlərinin yaradılması və tətbiqi sahəsində aparılan elmi və tətbiqi işlərin təşkilatçılarından və icraçılarından biri olub. Apardığı elmi işlərin nəticələri Respublika və İttifaq səviyyəsində yüksək qiymətləndirilmiş və xalq təsərrüfatının idarə olunması sahələrində tətbiq edilməyə layiq biliniblər. Elmi işlərin nəticələrinin tətbiqinə görə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin laureatı olmaqla üç dəfə qızıl, bir dəfə gümüş və 2 dəfə bürünc medallara layiq görülüb, SSRİ Dövlət Plan Komitəsinin yubiley medalı ilə təltf olunub. SSRİ-nin müxtəlif şəhərlərində, o cümlədən, müttəfiq respublikaların paytaxtlarında keçirilən İttifaq miqyaslı konfrans və simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxışlar edib.
1986-cı ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun ixtisaslaşdırılmış Elmi Şurasında “Planlaşdırma və idarəetmə üçün sahələrarası inteqrasiya olunmuş informasiya sistemlərinin hazırlanması problemləri (Azərbaycan SSR-in timsalında)» mövzusunda dissertasiya işini müdafiə edib, “iqtisad elmləri namizədi” alimlik dərəcəsi alıb. 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” diplomuna və elmi adına layiq görülüb.
1991-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsinə seçilib və o zamandan “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecmenti” kafedrasında çalışır. 1991-ci ildə Moskvada Ali İdarəetmə Akademiyasında ABŞ-SSRİ möştərək İxtisasartırma kurslarını “Menecment” ixtisası özrə bitirib. 1994-cü ildə ADNA-da “Beynəlxalq iqtisadi münasibətlər və menecment“ fakültəsi təşkil olunarkən bu fakültənin dekan müavini vəzifəsinə təyin olunub. Sonrakı illərdə (1996-1997) kafedra müdiri və dekan əvəzi vəzifələrində çalışıb. Akademiyanın ictimai işlərində fəal iştirak edib. Belə ki, uzun müddət ərzində (25 ildən çox) ADNA-da təşkil edilmiş nüfuzlu ictimai komissiyaların üzvü və sədri olub.
1998-ci ildə “İqtisadi fikir” İctimai Birliyini təsis edib və 18 il onun prezidenti olub.
100-dən artıq elmi əsərin, məqalə, tezis və monoqrafiyanın müəllifidir. Sovet dövründə Azərbaycan dilində tədris vəsaitlərinin və metodik materialların, eləcə də tədris proqramlarının hazırlanmasında fəal iştirak edib və indi də edir. “Menecment”, “İdarəetmə terminlərinin izahlı lüğəti”, “İnvestisiya layihələri üzrə biznes-plan”, “Müştərək müəssisə və sahibkarlıq“, “Menecmentdə motivləşdirmə“, “İdarəetmədə klassik və müasir prinsiplər”, “İqtisadi İnformatika” və digər (16 adda) kitabları və dərslikləri işıq üzü görüb. Tələbələrin və magistrantların hazırlanması ilə yanaşı elmi kadrların hazırlanmasında da fəal iştirak edir. Müxtəlif illərdə – “Təfəkkür” Universitetində, Lənkəran Dövlət Universitetində, Dövlət İdarəetmə Akademiyasında, Bakı Biznes Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasının Təkmilləşdirmə İnstitutunda dərslər aparıb.
ADNA-da və kənar elmi müəssisələrdə elmi seminarların və İxtisaslaşdırılmış Elmi Şuraların üzvü olub. 1993-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) imtahanların keçirilməsi üzrə Məntəqə sədri olub. 2005-2011-ci illərdə TQDK-da “İqtisadiyyat” bölməsi və “Menecment” ixtisası üzrə ekspert kimi fəaliyyət göstərib.
Elmi-pedaqoji fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olur. 2000-ci ildə “Qönçə çələngi”, 2006-cı, 2010-cu və 2015-ci illərdə “Rübailər“, 2008-ci ildə “Qəzəllər“, 2011-ci ildə “Bayatılar“, 2012-ci ildə “Ümid” adlı sərbəst şeirlər, 2012-ci ildə “Qəlbimin harayı” adlı lirik şeirlər, 2013-cü ildə “Biganəlik” adlı kiçik pyeslər, 2014-cü ildə “Reallığa baxışlarım”, 2017-ci ildə “Fani dönya” kimi bədii-publisistik kitabları nəşr olunub. Mətbuatda müntəzəm olaraq publisistik məqalələrlə çıxış edir. Məqalələrinin sayı – 200-dən artıqdır. Sosial şəbəkələrdə statusları və rəyləri mindən çoxdur.
Ailəlidir, bir qızı və bir oğlu var.
Həyat yoldaşı – İmranova (Kazımbəyova) Şükufə Qulamhüseyn qızı -2011-ci ildə vəfat edib (Allah rəhmət eləsin.)
Oğlu – Kamran (1982) və qızı – Mehriban (1986) ali təhsilli mütəxəssisdirlər və hər ikisi ailəlidir.
Biz də tanınmış alim, ictimai xadim və istedadlı şair Ağasəf İmrana yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

BUDUR MƏSLƏHƏT!

Açıq qapıdan girmə,
Özgələrə tor hörmə,
Bilmədiyin iş görmə.
Budur sənə məsləhət!

Yaxşılıq et – əldən tut,
Pislikləri at, unut,
Şər əməldən tez qayıt.
Budur sənə məsləhət!

Bəd əmələ girişmə,
Doğru kəsə ilişmə,
Haramı yeyib şişmə.
Budur sənə məsləhət!

İnsan elmə təşnədir,
Bilik bir xəzinədir,
Öyrən, bil, elm nədir.
Budur sənə məsləhət!

Zamandan geri qalma,
Ömrü boş yola salma,
Cəhd elə, əfəl olma.
Budur sənə məsləhət!

Öyrən həm təbiəti,
Cəmiyyəti, mühiti,
Qərarında ol qəti.
Budur sənə məsləhət!

Paltara yamaq olma,
Çobana çomaq olma,
Səfeh, ya maymaq olma.
Budur sənə məsləhət!

Ağır otur-batman gəl,
Xeyirə olma əngəl,
Adın çıxmasın dəcəl.
Budur sənə məsləhət!

Olma naqqal, ədabaz,
Ədəbin olsun az-maz,
Çoxlu dinlə, danış az.
Budur sənə məsləhət!

Düz sözün yerdə qalmaz,
Həqiqəti de və yaz,
Səni qınayan olmaz.
Budur sənə məsləhət!

Şah özün gəda sanmaz,
Gədanı heç kəs anmaz,
Çalış ki, olma qanmaz.
Budur sənə məsləhət!

Cəmiyyətə yük olma,
Öz evində tək olma,
Tumana ətək olma.
Budur sənə məsləhət!

Məğrur ol, namərd olma,
Əqrəbaya dərd olma,
Yaramaz bir fərd olma.
Budur sənə məsləhət!

Yaxşı əməl xoş olar,
Xəbis ömür boş olar.
Halal nemət nuş olar,
Budur sənə məsləhət!

Sözlərim olsun nemət
Bərəkətli bir qismət,
Götür ibrət – nəsihət.
Budur sənə məsləhət!

Ağasəf çox qocalıb,
Müdrik olub-ucalıb,
Bu həyatdan öc alıb
Götür sözündən ibrət,
Budur sənə məsləhət!
24.11.24.

ZƏFƏR BAYATILARI

Hayqırdı Boz Qurdumuz!
Zəfər çaldı Ordumuz!
Otuz illik işğaldan,
Azad oldu Yurdumuz!

Gəldi zəfər sorağı,
İtilib getdi yağı!
Qarabağ torpağndan,
Çəkildi yad ayağı!

Gəldi zəfər sorağı,
Qurtardıq Qarabağı!
Xankəndində ucalır,
Azərbaycan bayrağı!

Gəldi zəfər sorağı,
Qaçqın deməyir ağı.
Yenidən başlayacaq,
Vətənimin növrağı.

Qarabağ azad oldu,
Qəlblərə fərəh doldu.
Xalqımln intizarı,
Daha geridə qaldı!

Düşmənimiz hay oldu,
İddiası zay oldu!
İşğaldan qazandığı,
Göz yaşı, ah-vay oldu!

Azad oldu Zəngəzur!
İndi gəzirik məğrur!
Vətən oğlu, fərəhlən,
Bu ellərdə yarat, qur!

Biz qayıtdıq Ağdama,
Viran olmuş Ağdama
Elin oğlu, ağlama!
Gül əkərik Ağdama!

Söndü düşmən ədası,
Qaçıb getdi gədası!
Şuşamızdan ucalır,
Muğamatın sədası!

İşğalın buxovundan,
Qurtarıbdır Zəngilan!
Bu torpağın sərvəti ,
Bir daha olmaz talan!

Yol gedir Cəbrayıla,
El gedir Cəbrayıla!
Qaçqınlar geri dönür,
Sel gedir Cəbrayıla!

Şənlik var Qubadlıda,
Azaddır Qubadlı da!
Köçkünlər qayıdarlar,
Toy olar Qubadlıda!

Dönüş var Kəlbəcərə,
Coşub daşır Həkərə!
İndi üzlərə gülür,
Azad Laçın, Ağdərə!

Gəldi-getdi missiya,
Hər cürə komissiya.
Ordu sözünü dedi,
Zəfər gəldi masaya!

Son qoyduq axan qana!
Sülh gətirdik meydana!
Hamı alqış söyləyir,
Ali Baş Komandana!
18.01.24.

R Ü B A İ L Ə R

İnsan özü başdan-başa təzaddır!
Onda kobudluq da, sevgi də vardır!
Bir anda dəyişir baxış – davranış,
Yaratmaq-dağıtmaq, insana yardır!
* * *
Yaranan hər canlı köçür dünyadan,
Əbədi yaşardır təkcə Yaradan!
Bir ömür yaşayır insan, qonaqtək,
İstər dahi olsun, istərsə nadan!
* * *
Dövran elə dəyişib, çoxalıb əndişələr!
İnsanlıq dəyərini itirməkdədir bəşər!
Çünki dünyadakı aqressiv dövlətlərdə,
Ali mənsəb tuturlar siyasy fahişələr!
* * *
Rusiya əl çəkmir dinc Ukraynadan,
Raketlərlə vuruşur İsrail ilə İran,
Başlarsa üçüncü Cahan savaşı,
Bütün Yer kürəsi olmazmı viran!?
* * *
Dayandırmaq olarmı dövranın gərdişini?
Dəyişdirmək olarmı insanın vərdişini?
Gəlin əl-ələ verək, qoruyaq biz bəşəri,
Puç edək bəd işini, yaşadaq mərd işini!
1.11.24

Y E N İ R Ü B A İ L Ə R

Yenilik yaratmaq ilhamdır, təbdir!
Ədalət, ləyaqət, həm də ədəbdir!
Hər bir kəsə insanlığı öyrədən,
Həyat özü, ən ali bir məktəbdir!
* * *
Yayın ortasında qar ola bilməz!
Zibillikdə ətirli gül var ola bilməz!
Çirkin qəlbdə təmiz eşqə yer olmaz,
Səfehdən layiqli yar ola bilməz!
* * *
Vergidir insana sevgi, məhəbbət,
Sevgi hər adama olmayır qismət.
Qəlbi təmiz olan pak eşqə düşər,
Xəbisdən gözləmə etibar, rəğbət!
* * *
Ola xəlvət otaq, şamın şöləsi,
Ola sevdalı qız – bir gül qönçəsi,
İçəsən o qızla vüsal şərbətin,
Açıla gül kimi qızın çöhrəsi!
* * *
Açılmış gül dərilməzsə gec solar,
Eşq sevdası cavan qəlbə tez dolar.
Ölçülərsə qəlbdə sevgi qədəri,
Cavanlarda bu ölçü hədsiz olar!
* * *
İnsana yaraşıqdır ləyaqət və nəciblik!
İnsanı rüsvay edər zina və nanəiblik!
Bu həyatda qoşadır xeyir-şər, acı-şirin,
Xeyirə tərəfdar ol, qatma işə şər, biclik!
* * *
2.12.24

BUDUR HƏYAT

(mənsur şeir)

Bir saray al,
içində yaşama,
Kimə lazımdır o saray!?
Bir haray sal,
evinə oğru girməmiş.
Kimə lazımdır o haray!?
Bir əsər yaz,
Oxuyan olmasın.
Kimə lazımdır o söz!?
Bir sayt yarat,
Yalanı doğruya qat,
onu min ünvana at
Kimə lazımdır o sayt!?
Bir biznes qur,
təkbaşına qazan uğur.
Səhər- axşam şərab vur,
əyyaşlıqla ömür sür.
Kimə lazım o uğur!?
Bir səngər qaz,
Düşmən və döyüş olmasın,
Kimə lazımdır o səngər!?
Bir nüvə silahı yarat,
kütləvi qırğın törət.
Bununla barışarmı bəşər?!
Kimə lazımdır o şər!?

Ən doğru yol budur:
Şər- xətanı, pislikləri at!
Insanlıq zirvəsinə çat!
Çalış daim sülh yarat,
sərvət yarat,
xidmət yarat!
Var ikən, qur-yarat! Yarat!.. Yarat!..
Yaşa rahat!
Bax, budur həyat!
4.10.24.

İSTƏK

Atam, məni niyə əkdin?!
Anam, məni niyə doğdun?!
Niyə gəldim bu dünyaya?!
Şahid oldum aha, vaya!
Mən doğulan ildə-gündə,
gedirdi Cahan savaşı!
Heç səbəbini bilmədən,
qırırdı qardaş qardaşı!
Şahid oldum bu qırğına,
qəlbən lənət dedim ona!
Şahid oldum səfalətə, rəzalətə, möhnətə!
Şahid oldum məddahlığa,
yaltaqlığa, rüşvətə!
Bildim nədir repressiya, adaptasiya,
korrupsiya, infilyasiya,
bir də saxta “ feyk”- deyilən informasiya!
Şahid oldum ətalətə,
durğunluğa, “yenilənmə”yə!
Şahid oldum zirvələrdən yerə enməyə-
dağılmaya, sürünməyə!

Çox düşündüm: belə olmaz.,
yəqin, dövran belə qalmaz!
Bəşər oğlu – qadir insan,
qayıdar Allah yoluna .
çevrilər haqqın quluna!
Bərpa olar haqq-ədalət, oxunar İblisə lənət!
Yetişlər xalqa səadət!
İstərdim ki, şahid olum:
-ədalətə, sədaqətə, səadətə!
Son qoyulsun xəyanətə!
Şahid olum – azadlığa,
qardaşlığa, dostluğa!
Şahid olumYer üzündə bərəkətə, bolluğa!
Son qoyulub hər acıya-möhnətə!
Bəşər oğlu qədir qoyur zəhmətə!
Şahid olum, hər insana Tanrı verən qiymətə!
Hər kəs özü Dünya olsun-
Dünya dönsün hər kəsə!
Hər bir adam, şərəf-şanlı İnsan adı daşısın!
İnsan oğlu İnsan kimi yaşasın!
8.11.24.

YAŞA RAHAT!

(mənsur şeir)

Bir bağ becər,
bostan becər,
tarla becər!
Göz dolusu, ürək açan
bol məhsul dər-
Elə göndər!
Qoy Elə olsun gərək!
Budur sevinc, budur fərəh!
Dağlara get, meşəyə get, düzə get,
Çəmənzarı, laləzarı gəzə-gəzə get.,
Rayihəni uda-uda,
çiçəkləti üzə-üzə get!
Budur sevinc, budur fərəh!
Ömrün boyu oxu, öyrən:
bilik qazan,
mənsəb qazan,
ad qazan!
Fərqi yoxdur, ya şair ol, ya ozan!
Müəllim ol, mühəndis ol, həkim ol!
Xalqa xidmət işlərinə təhkim ol!
Cəmiyyətə, dövlətinə ol gərək,
Budur sevinc, budur fərəh!
Bir peşə seç, sənətkar ol, ustad ol!
Əməyinin bəhrəsinə sən şad ol!
Bir alim ol, bir məmur ol, zabit ol,.
Öz xalqına, vətəninə, dövlətinə sadiq ol!
Budur sevinc, budur fərəh!

Ən doğru yol budur:
Tələbkar ol, dəyanətli – dönməz ol!
Ədalətdə, səxavətlə sönməz ol!
Heç vaxt çaşma-
hörmət və nifrət həddini aşma!
Bəd əmələ – şər işlərə qarışma!
Şər – şeytana olma qul!
İnsan olub insan qal!
Sənin olsun uğur, kamal!
Bu həyatdan min kam al!
Belə qur, doğru həyat!
Ömrünü yaşa rahat!
11.10.24.

ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir