VƏTƏN SAVAŞINDA TARİXİ ZƏFƏR HEYDƏR ƏLİYEVDƏN İLHAM ƏLİYEVƏ

16 min read

İSA HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

Milli Məclisin deputatı, akademik,

 

 

Ölkəmizin Dağlıq Qarabağda və ətraf ərazilərdə Azərbaycan Res­publikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük tarixi hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbay­canlıların iştirak etdikləri mü­haribə və yürüşlərdə qazanılmış qələbə­lərdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tut­mamış, ümummilli əhəmiyyət kəsb etməmişdir. Dağlıq Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan ərazi na­minə, Azərbaycanın bütöv­lüyü uğrunda aparılan müharibənin par­laq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu mü­haribə haqlı olaraq xarak­teri etibarilə Vətən müharibəsi adlan­dırılır. Bu mü­haribənin Ali Baş Komandanı Azərbaycan Respublika­sının Pre­zi­den­ti İlham Əliyev, icraçısı isə müzəffər Azərbaycan Or­dusu və Azər­­baycan əsgəridir.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düş­mən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümum­milli lideri Heydər Əliyev tərəfindən qo­yulmuşdur. Belə ki, Ulu öndər Hey­­dər Əliyev Müstəqil Azərbay­can Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq təd­birlərdəki çıxışlarında Dağlıq Qa­rabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danı­şıqlar vasitəsilə həll olunmasına tərəf­dar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bil­dirsə də, müharibə yolu ilə qələbəyə nail olmaq variantını da nəzərə çarpdırmışdır. Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün beynəlxalq ictimaiyyət tərəfindən bir daha yekdilliklə tanınması və Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağdakı ərazilərimizin işğaldan azad edilməsi haqqındakı qətnamələrinin yerinə yetirilmə­sinin dəstəklənməsi ulu öndər Heydər Əliyevin apardığı müdrik siyasətin uğurlu nəticəsi idi. Görkəmli dövlət xadimi Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinin formatını müəyyən etmiş, beynəlxalq miqyasda həmin formatın obyektivliyi haqqında ictimai  rəy formalaşdırmışdır.

Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezi­denti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və ordumuzun peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. Ölkəmizin iqtisadiyyatı inkişaf etdirmək və zəruri hazırlıq işlərini aparmaq baxımından vaxt və imkan qazanması üçün atəşkəs sazişinə nail olması da ulu öndərin tarixi xidmətlərindəndir. Ali Baş Komandan kimi Heydər Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Horadizin düşməndən azad edilməsi ilə Azərbaycan torpaqlarının müharibə yolu ilə alınmasının mümkünlüyü sınaqdan çıxarılmışdır.

Bütün bunlarla bərabər, Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi mis­siyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko­man­dan İlham Əliyev həyata keçirmişdir. Bu məqsədlə Prezident İlham Əli­yev ilk növbədə Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf et­dirilmiş ölkələrin səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə ye­tirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində İlham Əli­yev Azər­­baycan Respublikasında iqtisadi cəhətdən bütün sahə­lərdə şaxə­lən­miş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Fo­rumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qu­rumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevril­di­yi­ni dönə-dönə, dəfələrlə bəyan etmişlər.

İkincisi, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının mü­dafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata ke­çirdiyi davamlı və məqsədyönlü siyasət Dağlıq Qarabağda böyük Qə­lə­bəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quru­culu­ğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvət­lən­­dirilməsi, ordumuzun müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixti­sas­lı, peşəkar zabit korpusunun formalaşdırılması Azər­bay­­cana re­gionda ən güclü orduya sahib olmaq imkanı qazandır­mışdır. Dövlət başçı­mı­zın Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirli­yi­nin yaradılması və bu qurumun normal iş fəaliyyətinin təşkil edil­məsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli ad­dım­lardan biridir. Hələ on il bundan qabaq Azərbaycan Respubli­ka­sının Dövlət Büdcəsində ordu quruculuğuna, hərbi xərclərə ayrılan vəsaitin Ermənistan Respublikasının ümumi büdcəsindən çox olma­sı­nın təmin edilməsi sülh və danışıqlar yolu ilə yanaşı, zərurət yaran­dığı təqdirdə müha­ribə versiyasının işə salınma­sına dövlət səviyyə­sində aparılan hazır­lıq­ların mühüm göstərici­lə­rindən biri idi. Buna görə də hələ neçə illər bundan qabaq ən nüfuzlu beynəlxalq hərbi ekspertlər Azər­baycan ordusunu bütün əsas gös­təricilərinə görə dün­yanın ən güclü əlli ordusundan biri hesab etmiş­dilər.  Prezident İlham Əliyev Qa­rabağ – Vətən müharibəsinə mühüm hazırlıqlardan sonra, inkişaf etmiş Azərbaycan Ordusu və vətən­pərvər Azərbaycan əsgəri ilə başla­mışdır. İlham Əliyev bundan əvvəl 2016-cı ildə Lələtəpədə və 2018-ci ildə Naxçıvanda uğurlu döyüş əmə­liyyatlarına rəhbərlik edərək, torpaqlarımızın bir hissəsini düş­mən­dən azad etməyə nail ol­maqla sonralar başlayacağı Vətən müha­ribəsinin məşqlərini keçmiş­dir. Cəbhədəki uğurlu Lələtəpə və Naxçı­van əməliyyatları və Çocuq Mərcanlı qəsəbəsinin salınması vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin Horadizi düşməndən xilas edərək, təmas xəttində normal həyatı bərqərar etməsinin yara­dıcı şə­kildə davam etdirilməsi kimi də mühüm əhəmiyyətə malik ha­disə idi.

Üçüncüsü, Azərbaycan Respublikasının Beynəlxalq nüfuzunun ar­tı­rılması, planetimizdə etibarlı müttəfiqlərin və tərəfdarların qazanıl­ması da Qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azər­baycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Bir­liyi Na­zir­lər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı möv­qelərini daha da möhkəmləndirmişdir. Beynəlxalq təşkilatlar və re­gion dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas faktorlarından biri olmuşdur. Beynəlxalq mü­nasibətlərdə illər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb masştabında da demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan Res­publikasının qa­zandığı yüksək etimad Vətən müharibəsində döv­lətimizin haqlı möv­qeyinin düzgün qavranılmasını və dəstəklən­məsini şərtləndir­mişdir.

Dördüncüsü, təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əli­yev tərəfindən qoyulmuş “Bir millət – iki dövlət” düsturu əsasında möh­kəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində səslən­dirdiyi “Tək millət – iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır.

Beşincisi, dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Res­publikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat vermişdir. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olmuşdur. Dünya­nın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Pre­zident İlham Əliyevi yüz faiz dəstəkləmişdir. Bu məqamda ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dünya Azər­baycan­lılarının qurultaylarının keçirilməsi, diaspor təşkilatlarının yaradıl­ma­sı və fəaliyyətinə dövlət səviyyəsində dəstək verilməsi etibarlı təməl rolunu oynamışdır.

Çoxmilyonlu Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möh­­kəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, də­rin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə ma­lik olması faktorları istənilən məqamda, xüsusən Vətən mühari­bə­si kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazan­dır­mışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və ta­ri­xi Zə­fər­dən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dün­yanın müx­tə­lif  ölkələrinin otuzdan çox aparıcı xəbər agentlik­lərinə Azər­bay­can, türk, rus və ingilis dillərində verdiyi müsa­hi­bə­lərdə ifa­də olu­­nan ay­dın məntiq, sərrast cavablar, xalqı­mıza, or­du­muza sarsıl­maz inam, is­tə­nilən vəziyyətdə manevr etmək qabiliyyəti mühari­bə­nin ta­leyində xüsusi rol oynamışdır. Ali Baş Komandan ki­mi İlham Əli­yev həm si­yasi-ideoloji cəbhədə və informasiya mü­haribəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sa­həsində qeyri-adi də­rə­cə­də is­te­dad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə de­mək olar ki, Pre­zi­dent İlham Əliyevin Vətən müharibəsi zamanı tək­ba­­şına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibə­sində döyü­şən ordu­da da artıq Qələbəyə xidmət etmişdir. Ali Baş Koman­dan şiddətli dö­yüş­lə­rin getdiyi ən çətin günlərdə nüfuzlu dünya infor­ma­siya agent­lik­ləri­nə verdiyi dəmir məntiqə əsaslanan dərin məzmunlu müsa­hibələrlə beynəlxalq ictimai rəydə müharibəni ud­muşdur. Dünya ölkələri Və­tən müharibə­si dövründə Azərbaycan Res­publikasının Pre­zident İl­ham Əliyevin timsalında yüksək hazır­lığa, qeyri-adi ba­carıqlara və geniş dünya­görüşə malik olan fərqli bir liderlə qarşılaş­mış­dır.

Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyətləri, dön­məz iradəsi və qətiyyəti etibarilə İlham Əliyev rəqabətdə dünya lider­lərinin mütləq əksəriyyətindən qabağa getmişdir. Həqiqi bir qüd­rətli Liderə malik olmaq baxımından isə hamıdan çox Azər­baycan xalqı qazanmışdır. Prezident İlham Əliyev nəinki dünya lider­lərinin ön sı­ra­sına çıxmış, mənsub olduğu xalqı və rəhbərlik etdiyi ölkəni də böyük xalqların və dövlətlərin cərgəsinə yüksəltməyi bacar­mışdır. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı bö­yük Zə­fər­lə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün Qalib Ali Baş Ko­mandanı və Müzəffər Dövlət Rəhbəri kimi daxil olmuşdur.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibə­sində qazanılmış Zəfər Azərbaycan xalqına təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının düşməndən azad edilməsinə, ərazi bütövlüyünün təmin olunmasına nail olmaq şansı qazandır­mışdır. İlham Əliyevin əldə etdiyi Zəfərlə Ermənistan tərəfinin uy­dur­duğu böyük Ermənistan mifi darmadağın edilmişdir. Erməni dias­poru və lobbisi haqqında mövcud olan ictimai rəyin də süni şişirt­mədən başqa heç nə olmadığı isbat olunmuşdur. Vətən mü­haribə­sində qazanılmış hərbi-siyasi Zəfərdən sonra vaxtilə  İosif Stalin, Serqo Orconikidze və Anastas Mikoyan kimi radikal millətçi bolşe­viklərin məkrli diqtəsi ilə Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış muxtariyyət statusu da artıq tarixin arxivinə getmişdir. Bundan başqa, İlham Əliyevin Vətən müharibə­sindəki tarixi Zəfəri Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanı mat vəziyyətinə salmış, onun başçılıq etdiyi başabəla öl­kəni sonu görünməyən müddətdə dərin iflasa uğratmışdır. Ermə­nistan Respublikasının mövcud hərbi-siyasi böhrandan xilas olması üçün bu ölkəyə on illiklərlə vaxt tələb olunur. Ermənistan hazırda dünyadan təcrid olunmuş, siyasi-iqtisadi və mənəvi böhranın məngə­nəsində çabalayan, məhv olmağa doğru gedən bir ölkəyə çevrilmiş­dir. Er­mənistanın hazırkı hərbi-siyasi mənzərəsində onu bu dərin böh­­randan xilas edəcək hər hansı bir “xilaskar” görünmür. Süni şə­kildə ərazi iddiaları xülyasına uymuş, koronavirusdan da betər ifrat millətçilik xəstəliyinə yoluxmuş erməni başbilənlərindən birinin digərini əvəz etməsi ilə Ermənistanda vəziyyətin əsaslı şəkildə dəyişdiriləcəyinə inanmaq mümkün deyildir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Ko­man­­dan İlham Əliyevin qazandığı Zəfərlə müstəqil Azərbaycan döv­ləti:

“Özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmişdir.

“Ərazi bütövlüyünü təmin etmişdir.

“Qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir.

“Ölkədə möhtəşəm Birliyə nail olmuşdur.

“BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçi­rilməsini təmin etmişdir.

“Dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

“Ermənistan Respublikasına, daha çox isə erməni xalqına xəyal­pərəst yuxudan ayılmaq, region ölkələri ilə qarşılıqlı etimad əsasında özünün yeni həyatını qurmaq üçün şans yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublika­sının Baş Naziri Nikol Paşinyanla imzaladıqları 10 noyabr 2020-ci il tarixli razılaşma sənədi regionda qarşıdurmalara və müharibəyə son qoyan, nahaq qanların axıdılmasını dayandıran, Azərbaycan xalqına qarşı edilmiş böyük ədalətsizlikləri aradan qaldıran, bölgədə sülh və əməkdaşlığa yol açan əhəmiyyətli bir deklorasiyadır. Razılaşma sənə­dindəki müddəalara əsasən müharibənin dayandırılması, qəhrəman Azərbaycan əsgərinin əzmi ilə azad edilmiş ərazilərdən başqa, işğal olunmuş Ağdam, Kəlbəcər və Laçın rayonlarının silah-sursat işlədil­mədən, şəhid verilmədən geri qaytarılması mühüm diplomatik qələbə və böyük tarixi hadisədir. Eyni zamanda, razılaşma sənədinin müd­dəalarına əsasən Naxçıvan Muxtar Respublikasına gedən nəqliyyat dəhlizinin açılması ölkəmizin qardaş Türkiyə Cümhuriyyəti ilə, oradan da Avropa və əksinə Asiya ölkələri ilə əlaqələrinin daha da genişləndirilməsinə, Pekindən – Londona qədər uzanan tarixi İpək yolunun yenidən bərpa edilməsinə geniş imkanlar açılmışdır. Bu, Naxçıvan Muxtar Respublikasının illərdən bəri davam etməkdə olan çətin blokada şəraitindən xilas edilməsinə və Azərbaycanın ayrılmaz bir parçası olan bu diyarın ölkəmizin digər rayonları ilə əlaqələrinin yenidən formalaşmasına xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibə­sində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əli­yevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələ­rindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Hey­dər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Dövlət­çilik baxımından son dərəcə əhəmiyyətli olan bu mühüm hadisə siyasi varislik cəhətdən də mühüm əhəmiyyətə malikdir. Fəxri xiya­ban­dakı ziyarət aktı müstəqil Azərbaycan dövlətinin yaradıcısı Hey­dər Əliyevin müstəqil dövlətçilik ideallarının hansı miqyasda və necə həyata keçirməyin bariz nümunəsidir. Müasir Azərbaycan tarixinin nadir səhifəsi olan bu ziyarət anı yeni nəsillərin ideya-siyasi və mənəvi tərbiyəsi üçün də xüsusi öyrənilməyə layiq ibrətamiz hadisə kimi də böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş 8 noyabr Zə­fər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rə­şa­dətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhu­riy­yə­tinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər Paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət – iki dövlət” strategiyasının real təntə­nəsi­dir. Böyük Zəfər Günü – gələcək daha böyük zəfərlərin bələd­çisi və təminatçısıdır. Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azər­baycan ordusunun qazandığı Böyük Zəfər Günü ölkəmizə regiona və dünyaya daha böyük zəfərlər vəd edir.

Zəfər Günün və zəfərlərin mübarək olsun, Azərbaycan!

13.12.2020.

 

ZiM.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir