RƏQİBƏ QƏVVASın yeni şeirləri
5 min readPaşayeva Rəqibə Ağa qızı (Qəvvas) – 25 oktyabr 1959-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində usta ailəsində anadan olub. 1981-1985-ci illərdə ali təhsil alıb.
Hazırda H.Z.Tağıyev adına 6 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.
1981-ci ildən dövrü mətbuatda və almanaxlarda şeir, hekayə, povest və publisistik məqalələrlə çıxış edir. “Muğandanam mən”, “Möcüzələr işığında”, “Qan iyi” və “Taleyin o biri üzü” adlı kitabların müəllifidir. AYB-nin və Mirvari Dilbazi poeziya dərnəyinin üzvüdür.
Avropa Nəşr Mətbuat Evinin “Qızıl medalı”na və diplomuna, İsa Muğanna və Nəsimi diplomuna layiq görülüb.
Biz də Rəqibə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az
VƏTƏN BOYDA OĞULLARA
BORCLUYUQ BIZ
Torpaqların ağrısını ruhu ilə duyanlara,
Başımızın papağını öz canıyla qoyanlara,
Alnımızın ləkəsini öz qanıyla yuyanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Bu dünyaya göz açmamış körpəsini qoyub gedən,
“Ata” deyən övladının ürəyini soyub gedən,
Ana-ata ağrısını əvvəlcədən duyub gedən,
Vətən boyda oğullara borcluyuq biz.
Vağzalın ürəyində çalışmamış qalanlara,
Bəxt üzüyü sevdiyinin barmağında qalanlara,
Toy xınası yaxılmamış şəhid qanı olanlara,
Vətən boyda oğullara borcluyuq biz.
Sənin, mənim balam üçün balasını yetim edən
Anaların arzusunu gözlərində qoyub gedən,
Bu quruca torpaqları al qanıyla Vətən edən,
Vətən boyda oğullara borcluyuq biz.
Bir ailəsi, bir Vətəni bizdə qalan əmanətdir,
Vicdanımız susmayıbsa, verdiyimiz zəmanətdir.
Bu dünyanın tarixində silinməyən şücaətdir,
Bundan sonra yazılacaq nağıllara borcluyuq biz,
Vətən boyda oğullara borcluyuq biz.
QƏRİB
Bu dünyaya ki, evin deyil
Yolun hayanadır, qərib.
Gözlə məni, mənim səmtim,
Həmin məkanadır, qərib.
Elə yolumuzda da birdir,
Mən getdiyim həmin yerdir,
Açılmamış bağlı sirdir,
Yolun hayanadır, qərib.
Geci, tezi var bu yolun,
Yollardadır sağım, solum,
Nabələdsən, qurban olum
Yolun hayanadır, qərib.
Bu yer ki, var məşq yeridir,
Sağ sol satan köşk yeridir,
Son mənzilə püşk yeridir,
Yolun hayanadır, qərib.
İSTƏYİR
Göylər məni yaman çəkir özünə,
Deyəsən, verdiyin geri istəyir.
Ruhum səmaları, cismim torpağı,
Payıma yazılan yeri istəyir.
Bu boyda dünyaya sığışmıram mən,
Sıxılır, darıxır ruhum bədəndə.
Deyəsən, azadlıq istəyir məndən,
Əslində yamanca yorğunam mən də.
Dünyanın şələsi elə ağırdır,
Yaman yorulmuşam, çəkə bilmirəm.
Nə qoyub getməyə ixtiyarım yox,
Nə də ətəyimdən tökə bilmirəm.
Gözlərim dikilib ulduza, Aya,
Xəyalım göylərdə piyada gəzir.
Yalın ayaqlarım qərib dünyada,
Nabələd yollarda karıxıb bezir.
Niyə cəzb eləyir məni bu göylər,
Niyə xəyalımı çəkir özünə?
Deyəsən, tapmışam yanılmıramsa,
Düşmüşəm bir “gizli yol”un izinə.
SOS
Bir qoruq yaradın, qadın qoruğu,
İsmət, namus sözü itməsin deyə.
Əsrin o tayından baxan babalar,
Birdən üz döndərib getməsin deyə
Hər şey adiləşir, namus da, ar da,
Daha tikilməyir ismət qalası.
Ayağı üstündə duran qadının,
Ayağı altında qalır balası.
Fırlanır zamanın tərs dəyirmanı,
Gözəllik uğrunda yarışdı yaman.
Qadınlıq hissilə gözəllik eşqi,
Çaşıb bir-birinə qarışdı yaman.
Telefon bu əsrin möcüzəsidir,
Yoxsa bəlasıdır çaşıb qalırsan.
Səliqə-sahmandan danışmır qadın,
Votsapdan, Yutubdan söhbət salırsan.
Qadınlıq zirvəsi əlçatmaz idi,
Getdikcə kiçildir öz-özünü.
Təpə tək döşənir ayaq altında,
Qoy acı olsa da deyim düzünü.
Mətbəxin yerini salonlar tutub,
Soyuyub evindən, ərdən, uşaqdan.
Telefon zənginə qoşulub qaçır,
Keçir balasından, isti ocaqdan.
Qatilə çevrilir ərlər, oğullar,
Atalar, qardaşlar namus yolunda.
Qəlbində bir ana, bacı sevgini,
Bəs nədir günahı qandal yolunda.
Tanrı yer üzünə iki cins verib,
Hər şeyin cütlüyü yaransın deyə.
İnsan yolun azıb, barı dəyməsin,
Dilsiz canlıların bu cütlüyünə.
Bir qoruq yaradın orda qorunsun,
“Qırmızı kitab”a düşən qadınlar.
Nəsli kəsilməsin, cinsi itməsin,
Gələcək nəsilin gərəyi olar.
VƏSSALAM
Zaman bizi
dəyirmanında üyüdüb,
Ələyində ələyib,
xəlbirindən keçirib,
Mindirir karivana
tapşırır sarivana
Göndərir gedər-gəlməzə.
Gələn qala bilməyib,
gedən gələ bilməyib.
Yığdığın aparan yox,
Dünya tamam dəyişib,
Dünyaya gələn az,
gedən çox.
Qarşıda iki yol var,
Cənnət, cəhənnəm yolu.
Hamı özü ilə aparır,
Çiynində yazdırdığı.
Bir sağı, bir də solu.
Nə var ay insan,
nə qovhaqovdu,
nə qaphaqapdı,
nə vurhavurdu,
Hamının ki yeri
Axırda gordu,
VƏSSALAM.
ZiM.Az