QƏHRƏMANLAR ANASI
9 min readAdın şərəflidir sənin ey qadın,
Dahilər anası çağırılır adın!
Səməd Vurğun
Böyük fəxr və qürur hissi ilə qeyd etməliyik ki, doğma Vətənimiz Azərbaycan dünya elm və mədəniyyət xəzinəsinə bir çox dahi şəxsiyyətlər, o cümlədən, sərkərdələr, siyasətçilər, görkəmli alimlər, şairlər, bəstəkarlar və s. bəxş etmişdir. Hətta tarixin müxtəlif cətin və keşməkeşli dönəmlərində Vətənimizin azadlığı və xalqımızın xoşbəxt və firavan həyatı naminə Vətən oğulları böyük fədakarlıq və qəhrəmanlıq göstərmişlər. Xalqımıza məxsus həmin keyfiyyətlər bu gün də nəsildən nəslə ötürülərək davam etməkdədir. Beləliklə, dünya şöhrətli Azərbaycanımız dahilər və qəhrəmanlar yurdudur.
Aqillər çox doğru deyiblər ki, insan ömrü bir kitaba bənzəyir. Bu kitab onun ömür romanı, ömür dastanıdır. Oxucuların diqqətinə təqdim etdiyimiz bu məqalədə yazıçı, şair sözün həqiqi mənasında Azərbaycan qadınına və qəhrəman analara məxsus çox zəngin mənəviyyat sahibi bir xanım barədə söz açmaq istəyirəm. Bu xanım kimdir?
Bu xanım son illər xalqımızın və respublikamızın böyük maraq və məhəbbətlə şeirlərini və məqalələrini sevə-sevə oxuduqları Nəzakət xanım Salah qızı Məmmədlidir! Bu xanım ona məxsus bütün adları bir qız övladı kimi, tələbə kimi, qadın və vəfalı qadın, qeyrətli və ləyaqətli ana, nəhayət alovlu, vətənpərvər ziyalı bir şəxsiyyət kimi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur.
Ana!.. Vətən qədər əziz, dünya qədər şirin ana! Görəsən, ondan doyan varmı?! Bu sözlər dilimizin lüğətindəki sözlərin ən gözəli, ən müqqədəsi, ən ülvisidir. Bu mənada Ana torpaq, Ana Vətən, Ana dili, Ana südü, Ana borcu, Ana nəsihəti, Ana haqqı, Ana nəfəsi və s. kimi ifadələr dilimizdə çoxmənalılıq yaratmaqla bərabər, onun semantik tutumunu və əhəmiyyətini əks etdirir.
Qeyd etməliyik ki, Nəzakət xanım həm ailədə, həm də işdə onu əhatə edən insanların böyük məhəbbətini qazanmaqla bərabər, həm də fəaliyyət göstərdiyi işlə əlaqədar olaraq Respublikada keçirilən bütün tədbirlərdə fəal iştirak edir, radio və televiziya əməkdaşlarına müsahibələr verir, öz dərin məzmunlu gözəl şeirləri ilə çıxış edir:
Qadın anamızdır, qadın bacımız,
Qadın şöhrətimiz, qadın şanımız,
Qadın eşq ümmanı, sevgi dənizi,
Qadın məhəbbəti yaşadır bizi!
Qadınsız nə həyat, qadınsız nə gün,
Qadınla açılır ömrün səhəri,
Bir günəş doğmuşdur insanlar üçün,
Qadının çöhrəsi güləndən bəri…
Böyük fəxr və qürur hissi ilə qeyd etməliyik ki, xalqımızın təşəkkül tapmasında onun dövlət quruluşunun formalaşmasında və idarə edilməsində neçə-neçə igid, ağıllı qadınların adları tariximizin qızıl səhifələrinə yazılmışdır. Bu mənada Azərbaycan qadınları təkcə öz zahiri gözəllikləri, fiziki kamilliklərilə deyil, həmçinin daxili mənəvi dəyərləri ilə fərqlənən xanımlardır. Məhz bu səbəbdəndir ki, Azərbaycan qadınları dünya qadınları arasında onunla fərqlənir ki, onlar dünya elm-mədəniyyət xəzinəsinə bir sıra görkəmli sərkərdələr ölməz düha sahibləri bəxş etmişlər. Hazırda, Azərbaycanın yüzlərlə şair, yazıçı, alim, müğənni, bəstəkar, memar, deputat və diplomat qadınları cəmiyyətimizin bəzəyinə çevrilmişlər.
Bəli! Nəzakət xanım Salah qızı Məmmədli bax belə qadınlarımızdan biridir. Nəzakət xanım əvvəldə qeyd etdiyimiz kimi öz üzərinə düşən vəzifələri böyük məsuliyyət və şərəf hissi ilə yerinə yetirir. Belə ki, Vətən torpaqlarımızın azad olunmasında o alovlu, vətənpərvər, zəngin ziyalı zövqü ilə sanki qələmini süngüyə çevirmişdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib lider hamının inandığı, güvəndiyi və sevdiyi prezidentimiz İLHAM ƏLİYEV başda olmaqla Ermənistan qəsbkarlarına qarşı aparılan II Qarabağ müharibəsindəki qələbəyə böyük inam və ümid bəsləyirdi. Mənfur, vəhşi, nankor erməni faşistlərinin xəyanətinə kəskin nifrətlər bəsləyir və şanlı qələbəmizin yaxınlaşdığına inanırdı.
Beləliklə aparılan 44 günlük Vətən müharibəsi dövründə Nəzakət xanım sanki özü də müharibədə iştirak edirdi. Çünki müharibə başlanan kimi, onun övladları da döyüşən ordu sıralarında idilər. Belə bir zamanda Nəzakət xanım sanki döyüş zonalarında komandirlərin, zabitlərin, əsgərlərin yanında idi.
Ah! Mən Nəzakət xanımı tez-tez görürdüm. O sanki Qarabağda, onun kimsəsiz qalmış meşələrində, çöllərində qəhrəmancasına döyüşən igid əsgərlərimizi seyr edir, həm də uca Tanrının, Qadir Allahın, Haqqın dərgahına inanaraq onlara nikbincəsinə dualar edirdi. Çox-çox təəssüflər olsun ki, Nəzakət xanım bir zəngin, ziyalı xanım, müqəddəs ana və qadın kimi, çox həyəcanlı görünürdü. Lakin onun gözlərinin dərinliklərində yüksək nikbinlik və böyük qələbə sevincini də görmək mümkün idi.
Şükürlər olsun ki, Nəzakət xanım və vətənimizin bütün insanları Qadir Allahın hökmünü və dövlətimizin qüdrətini gördülər. Müzəffər Ali Baş Komandan, qalib sərkərdə və dünya şöhrətli sevimli prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bütün xalq “Zəfər” bayramını qeyd etdi.
Artıq müharibədən üç il ötdü. Bu qısa müddət ərzində dövlətimizin başçısı, Ali Müzəffər Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Qarabağ işğaldan və işğalçılardan tam azad olunaraq genişmiqyaslı bərpa və quruculuq işlərinə qədəm qoymuşdu. Lakin mənfur düşmən, yırtıcı, vəhşi heyvanlar kimi, 30 ildə işğalda saxladığı Qarabağın ləzzətini yadından çıxara bilmir. Heyhat! Bunlar hamısı mənasız və boş xülyalardır. Belə ki,
Qarabağda gözəl həyat qaynayır,
Mənfur düşmən hikkəsindən çatlayır,
Zəfərinə dost ölkələr əl çalır,
Doğma Vətən görüşünə gəlirik,
Ana Vətən, təbrikinə gəlirik!
Çox-çox şükürlər olsun ki, biz şanlı qələbəmizin üç ilini – “Zəfər” bayramını böyük sevinc və atəşfəşanlıqla bayram etdik! Belə bir zamanda nəinki Azərbaycanda, hətta dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar və sülhsevər xalqlar bizim qələbəmizə, sevincimizə şərik olaraq onlar da zəfər bayramı və müxtəlif tədbirlər keçirirlər.
Yaşasın çox istedadlı, dünya şöhrətli, qalib lider və sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev, yaşasın Azərbaycan Ordusu, yaşasın Azərbaycan Xalqı!
Mən Nəzakət xanıma həsr olunmuş bu məqaləni poetik sətirlərlə bitirmək istəyirəm:
Adına layiqsən Nəzakət xanım,
Sanki bir mələksən ey afət xanım,
Səninlə fəxr edir Azərbaycanım,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Bir ölkədə doğulmuşuq,
Söhbətindən həzz almışıq,
Yubileyinə toplaşmışıq,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Hamıya bəllidir pak nəcabətin,
Qəlbin çox genişdir, iradən mətin,
Bir şair qızısan xalqın, millətin,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Kamalınla ucalmısan,
Ailəndən güc almısan,
Ürəklərə od salmısan,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Bu qədər ki, sən gözəlsən,
Cəvahirsən, yoxsa ləlsən,
İşıq saçan bir məşəlsən,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Mənalı ömrünü SƏN məğrur yaşa,
Gözəl insanlarla SƏN əyləş qoşa,
Bu ömür nədir ki, yüz il də yaşa,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
Qoy, arzular çin olsun,
Qəlblər sevinclə dolsun,
Xalqımız xoşbəxt olsun,
Sizi ALLAH qorusun,
Şair xanım, bu ad günün mübarək,
Yaşa gözəl ömrü, yüzü də görək!
İradə Gözəl
VƏLİBƏYLİ,
Filologiya üzrə
fəlsəfə doktoru,
şair-publisist,
“Qızıl qələm” media
mükafatı laureatı
ZiM.Az