ECAR layihəsi çərçivəsində Elmi İşlər üzrə komitənin işinin təşkili üçün təlimlər təşkil olunub
2 min read“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi üzrə növbəti səfər İsveç Krallığının Stokholm şəhərində baş tutub. Azərbaycanın 16 ali təhsil müəssisəsindən 32 nəfər nümayəndənin iştirak etdiyi təlimlər 27 fevral – 3 mart tarixlərini əhatə edib.
Təlimlərdə Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova iştirak edib.
KTH Kral Texnologiya İnstitutunda “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” mövzusunda keçirilən təlimlərin əsas məqsədi universitetlərdə elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi olub. Təlim proqramına uyğun olaraq İsveç Rektorlar Konfransının, İspaniya Rektorlar Konfransının, Belçikanın Avropa İdarəetmə İnkişafı Fondunun (EFMD), İsveçin Kral Texnologiya İnstitutunun rəhbər şəxsləri tərəfindən İsveç, İspaniya və ümumilikdə qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən nəşr infrastrukturu, eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə təqdimatlar edilib, müzakirələr və fikir mübadilələri aparılıb. Təlimlərin gedişində Rektorlar Konfransının fəaliyyəti ilə bağlı qrup işləri də həyata keçirilib.
Proqramın yekununda ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Elmi işlər üzrə komitənin işi çərçivəsində həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, sözügedən Komitənin gələcək fəaliyyət planı haqqında müzakirələr aparılıb.