Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

BURDAYAM…

Xəfif sərinliyə rəğmən mənə gülümsəyən günəşi izləyirəm. Zehnim bomboşdur, ağlımda heç bir sual yoxdur. Sadəcə şəfqətli günəş şüaları, mən və ətrafımda bir neçə insan.

İnsanlar buraya günəşi seyr etməyə gəliblər. Lakin, əksəriyyəti yaşlı ruhlardır. İnsanlar günəşi niyə izləyir? Bu an nə düşünürlər?

Bəlkə də heç bir şey düşünmürlər. Bəlkə bu səssiz dialoqlarının səbəbi yaşlanmış ruhlarını sağaltmaqdır?

Mənim burda etdiyim kimi, illər boyu zehinlərinə həbs olunmuş düşüncələri azad buraxmaqdır? Bir quştək qanad çalıb getməklərinə izin verməkdir?

Məncə düşüncələr – çox sevdiyimiz quşu qəfəsə bağlamaq kimidir. Onların qəfəsdə böyüməyini izləməyi, hərdən başqa insanlara göstərib öyünməyi sevirik. Bəzən o qızıl qəfəsdəki cəhcəhələri bizə onların nə qədər xoşbəxt olduğu yanılqısını versə belə, görməməyi seçdiyimiz şey onların fəryadıdır…

Hamımiz bilirik ki, azad buraxmaq onlara bəxş edə biləcəyimiz tək xoşbəxtçilik olar. Qəfəsi açıb buraxmaq qədər sadə bir şey…

Çünki, quşların təbiətində qəfəsə bağlanmaq yox, qanad çalıb uçmaq var. Mavi səmada süzülmək, buludların arasında rəqs etmək var…

Düşüncələrimiz eyni bu qapalı quşlar kimidir. Görməməyi seçdiyimiz gerçəklik isə o qizıl qəfəsi açıb buraxmaqdır.

Biz insanlarlar xudbin bir zövqlə sevirik iztirabı mənimsəməyi. Düşüncələr yükünün altında əzilməkdən, özümüzə belə etiraf edə bilmədiyimiz tərzdə tətminlik duyuruq.

Bəs Ya qəfəs açılarsa? Artıq insanın həyatını şəkilləndirəcək iki seçim qalır. Bəzi quşlar alışsa da təbiətinə zidd olan qəfəsə, içindəki ehtirasla uçar tanımadığı ənginliklərə, agah olmadığı küçələrə. Bəziləri isə heç qanad çalmadan qəfəsdəki sonlarını gözləyərlər. Xəyalını qurduqları səmalardan qaçırlar, qapı açıq olsa uçacaqları yerləri xəyal edərək yaşamalarına rəğmən…

Bəzi qanadlar heç səmada çırpınmamış qırılarlar, bəzi ruhlar heç yaşamadan ölər.

Bəlkə azadlıq qəfəsi açmaqda deyildi heç vaxt, qəfəsi bir məhdudiyyət olaraq görməməkdə idi. Məgərsə, səmanın əsl sahibləri,heç vaxt qəfəsdən qorxmayanlarmış…

 

Ofelya Sadıq qızı QAFAROVA,

Bakı şəhəri, Qaradağ rayonu,

Etibar Şirəliyev adına

274 nömrəli məktəbin

XI “j” sinif şagirdi

 

.

 

The post BURDAYAM… appeared first on .