SARAY AĞABƏYQIZI (1950)

Ağayeva Saray Ağabəy qızı – 1950-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində sadə bir ailədə anadan olub.
Bum orta məktəbinin 8-ci sinfini bitirib.
1973-cü ildə ailə qurub və Bakı şəhərinə köçüb.
Təhsilini Bakı səhərinin Xətai rayonundakı 70 saylı orta məktəbin axsam sinifində davam etdirib, X sinifi bitirib, attestat alıb.
1984-1987-ci illərdə Bakı Fəhləsi mədəniyyət evində 3 il biçmə-tikmə-dərzilik sənətini öyrənib.
1989-cu ildə APİ-də (indikin ADPU-da) 2 ay ərəb dili kursuna gedib.
5 il Gəncliyə Yardım İctimai Birliyində ərəb dili dərslərinə qatılıb.
2 il Əli Bayramov adına Tikiş Fabrikində çalışıb.
4 il “Azərbaycan” nəşriyyatında təhvilvermə sexində, 38 il Radio Zavodda anbardar müdiri, 18 il 124 saylı baxçada aşbaz işləyib.
1993-cü ildə Məkkə ziyarətinə gedib.
Gənc yaşlarından seir yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, “Borçalı” və “Şərqin səsi” qəzetlərində, “ZiM.Az”, “Zirve.info.az”, “Yurd.info.az” saytlarında, “Söz xəzinəsi” və “Qəlbimin səsi” ədəbi məcmuələrdə dərc olunub.
Biz də Saray xanıma yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə xeirini dəyərli oxucularımıza təqdim edirik.
İlhamə SABİRQIZI,
ZiM.Az
SÖYLƏ
Ulduzlar içində əgər bir ulduz,
İşıqla hər yana şölə saçırsa,
Sən ona baxanda ürəyin əsib,
Ağzında sözlərin, tez – tez çaşırsa,
Özünü sındırma topla bir az da.
Sevirəm deməyə qoy dilin gəlsin.
Sevirəm söylədin, daha tələsmə,
Özünü möhkəm tut, yarpaqtək əsmə.
AĞLAMA
Çox ağlama ,dua et sən,
Göz yaşların selə dönür.
Ot üstündə görünür çən,
Şəhid olur, cavan ömür.
Şəhid deyər, ağlamayın,
Siz də məni dağlamayın.
Göz yaşıyla doldu qəbrim.
Sulu oldu, yatan yerim.
Azad etdim torpaqları,
Gül-çiçəkli yaylaqları.
Arzum çoxdu, ümidim çox
Ürəyimə batdı bir ox.
AHIL DE
Qadına ahıl de yetmiş yaşında,
Hələ ki, bir ağ tük yoxdu başında.
Qəlbini incitmə deyib qocadan,
De ki, həm anamsan, həm də ucasan.
Gözünün yağını əridib anan,
Səni böyüdüb ki, olasan guman.
Çətinlik çəkmə sən həyatda heç vaxt,
Üzünə açılsın nurlu bir sabah.
Belə arzularla böyüdüb səni,
Gözəl görüb sənlə dünya- aləmi.
Körpə ikən səni qoç igid bilib,
Səninlə fəxr edib, səninlə gülüb.
KƏDƏR
Ürəyimdə kədər qatar-qatardır,
Günbəgün kədərim daha da artır.
Oxumaq istəyirəm, ey dostum, inan,
Səni inandırsın, səni yaradan.
Arzum yarı yolda qırılır qalır,
Bəzən də sinirim xəyala dalır.
Qaşqabaq tökürəm, olmur ki, bu da,
Guya ki, oxumaq düşməyir yada.
Başqa, bircə fikir söyləyir anam
İstərəm, od tutub mən onda yanam.
Qanım beynimdəcə çaxnaşıb durur,
Fikirlər nitqimi lap tezcə yorur.
Danışa bilmirəm, tutuluram mən,
Gözümdən yaş axır yağış tək dən-dən,
Arzularım heçə çıxdı, neyləyim?
Bu dərdi bilmirəm, kimə söyləyim.
BAKIDAYAM
Gəlmişəm, Bakıya nur diyarına,
İşıqlı lampanın gur diyarına.
Baxıram hər tərəf üzümə gülür,
Neçə cavan qəlbdə Bakı sevilir.
Bulvarı gəzirəm gəlirəm cuşa,
İnsan istəyir ki, keçə yüz yaşa.
Faytonlar gör necə verib, baş-başa,
Ürəklər döyünür, insan sevinir.
ZiM.Az
.