SEVİNC AZADLI (1975)
10 min readSevinc Azadlı (Səbzəliyeva Sevinc Səbzəli qızı) – 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra Bakı Asiya Universitetinin “Maarif, Tarix və İctimaiyyət” fakültəsində ali təhsili alıb. On üç illik pedaqoji fəaliyyətindən sonra muzey sahəsində işı başlayıb.
Hazırda Naxçıvan Xatirə Muzeyinin əməkdaşıdır.
Ailəlidir iki övladı, dörd nəvəsi var.
Yeniyetməlik vaxtlarından ədəbiyyatı sevib, poeziyaya könül verib. Məktəbli vaxtlarında şeir və məqalələri “Şərq qapısı” qəzetində mütəmadi dərc olunub. Ailə vəziyyəti ilə əlaqədar ədəbi dairələrdən uzaq qalsa da, bədii yaradıcılığını davam etdirmişdir. Son dörd il ərzində aktiv şəkildə mətbuatda yenidən görünən Sevinc xanımın ölkəmizdə və xaricdə müxtəlif qəzet və jurnallarda, almanaxlarda 150-dən çox nəzm və nəsr nümunələri, bədii və publisistik yazısı işıq üzü görüb.
Naxçıvan şəhərində fəaliyyət göstərən “Zərif Qadınlar” Ədəbi Birliyinin və Ağsu rayonunda yaradılan “Ağsu Yazarları” Ədəbi Birliyinin, eləcə də “Nur Ocağı”, “Natəvan”, “Zərif Kölgələr”, “Söz Mülkü”, “Mirvarid Dilbazi Poeziya Məclisi”, “Aşıq Pəri” kimi ədəbi məclislərin üzvüdür.
“Real reklam” qəzetinin Naxçıvan müxbiridir.
“Yazdıqlarımı şeir adlandırmaq olarmı, bilmirəm. Bircə onu bilirəm ki, şeirlərim ruhumun doğurduğu körpələrimdir. Onlar mənə Rəbbimin əmanətidir”- deyir yazar.
Biz də Sevinc xanıma cansağlığı və yaradıcılıq uğurları arzu edir və onun kövrək duyğularından müəyyən məqamları dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
ZiM.Az
BİR VƏTƏN VAR AZƏRBAYCAN ADINDA
Bir vətən var Azərbaycan adında,
Şöhrətinə tarix özü şahiddir.
Hər həmlədə dəmir yumruq altında
Kor qoyulmuş düşmən gözü şahiddir.
Bir vətən var Azərbaycan adında-
Əsrlərin sınağına tab gələn.
Qadınları, kişiləri ərdir, ər,
Yaradandan yurd-yuvaya bab gələn.
Bir vətən var Azərbaycan adında,
Havasına, çörəyinə doyulmaz.
Torpağının hər qarışı candır, can,
Ət-dırnaqdır insanından soyulmaz.
Bir vətən var Azərbaycan adında,
İgidləri dastan yazıb, ad qoyub.
Zəfər çalıb, bayrağını ucaldıb,
Düşmənlərə dağ çəkdirib, od qoyub.
Bir vətən var Azərbaycan adında,
Tövrat, İncil, Zəbur, Quran dayaqdır.
Nə basılmaz, nə tapdanmaz heç zaman,
Bir yenilməz ordusu var – oyaqdır.
07.08. 2023
NAXÇIVAN
Tarixi qədimdir, yaşı uludur,
Atdığı hər addım haqqın yoludur.
Azərbaycanımın vuran qoludur,
Canımdan bir parça candır Naxçıvan!
Qorxmaz övladları igiddir, nərdir,
Düşmənlə döyüşdə yenilməz ərdir.
Ağır sınaqlara çox sinə gərdi,
Xalqıma şöhrətdir, şandır Naxçıvan!
Ey dünya, yurdumun rənginə boyan,
Qalmayıb cahanda adını duyan.
Oyan, ey kar qalmış cahil, qalx, oyan,
Eşit, gör necə bir sandır Naxçıvan!
O, odlar yurdunun öz balasıdır,
Basılmaz, keçilməz bir qalasıdır.
Ruhum ancaq ondan can alasıdır,
Damarımdan axan qandır Naxçıvan!
Anadır, bizlərə o qucaq açan,
Alar ağuşuna istəsək haçan.
Sabaha bu gündən şəfəqlər saçan
Üfüqdən sökülən dandır Naxçıvan!
23.01.2024
AZADLIQ BƏXŞ ETDİ AZƏRBAYCANA
O gecə Bakının göyü tutuldu,
O gecə Bakının yeri inlədi.
Xəzər öz səsini içinə çəkdi,
Şəhərdən yüksələn ünü dinlədi.
Axdı xalqın qanı, axdı Xəzərə,
Qış günü dənizin suyu bulandı.
Çırpındı çarəsiz, gah lal dayandı,
Xəzərin masmavi gözü sulandı.
Duyduqca fəryadı, dəhşətli ahı,
Od tutdu Xəzərin ciyəri yandı.
Sanki düşmənləri o gətirmişdi,
Özünü hamıdan günahkar sandı.
O gecə hürriyyət doğurdu Bakı,
Xəzər gah sevinir, gah ağlayırdı.
Dalğalar vururdu sahillərinə,
Ləpələr sancıdan hey çağlayırdı.
O gecə tarixdə olmayan oldu,
Zülmətin bağrından günəş boylandı.
Töküldü günahsız millətin qanı,
O qanda əsarət özü quylandı.
Xalqın haqq səsini ucaltmaq üçün,
Oğullar qorxmadan girdi meydana.
Beləcə o Qanlı 20 yanvar
Azadlıq bəxş etdi Azərbaycana.
20.01.2024
DESƏM Kİ, DARIXMIRAM
AĞ YALAN OLAR ADAM
Sən gedəndən pərişan olubdur xəyallarım,
Desəm ki, darıxmıram, ağ yalan olar adam.
Əldə bayraq eyləyib qüruru, heysiyyatı,
Desəm ki, darıxmıram, ağ yalan olar adam.
Bir addım irəlidə, ikisi geridəyəm,
Kül olub xanimanım, göyə sovrulub dəyəm.
Bilmirəm ki, hardayam, yerdəyəm, ya göydəyəm,
Desəm ki, darıxmıram, ağ yalan olar adam.
Ayaqda qalmaq üçün çırpındım, çabaladım,
Mənasız günlərimi bir birinə caladım,
Özümə qəsd elədim, ürəyimi taladım,
Desəm ki, darıxmıram ağ yalan olar adam.
Öldürməyə çalışdım xatirənin çoxusun,
Kəsməyi istədikcə burnumun sən qoxusun.
Gözüm üzə dirəndi, qarışdırdı yuxusun,
Desəm ki, darıxmıram, ağ yalan olar adam.
Yaxşıca tanıtdırdın darıxmağın dadını,
Qəlbimə qazıdaraq ax, vəfasız adını.
Etirafa sövq etdin sonda yorğun qadını,
Desəm ki, darıxmıram, ağ yalan olar adam.
30.06.2024
ANA DİLİM
Mən bu dildə göz açmışam bu dünyaya,
Məhz bu dildən ilham alır mənim səsim.
Mənim üçün ən alidir ana dilim,
Üzərində titrəyirəm əsim-əsim.
Bu dildəcə öyüd verib atam mənə,
Canım, gözüm qurban olsun, dilim, sənə!
Ötüşsə də çox əsrlər, qərinələr,
Sən ol, yetər, ana dilim, mənim bəsim!
Əcdadlarım tariximi sənlə yazdı,
Şərəfinə nə yazılsa, yenə azdı.
Hər bir sözün bir musiqi, xoş avazdır,
Sənlə laylay deyib anam, doğma kəsim.
21.02.2024
XOCALIM
Azğın düşmən quduzlaşdı o gecə,
Qana batdın sən o səhər, Xocalım!
Olmamışdı belə vəhşət, müsibət,
Talan olan şəhid şəhər, Xocalım!
Sağalmadı, istəmirəm sağalsın,
Bu sən adlı dərdim mənim, Xocalım!
İnildəsin, sızıldasın, susmasın,
Dost olmasın qoy düşmənim, Xocalım!
İstəmirəm şəfa tapam, nə də ki,
Yaralarım qaysaq tutsun, Xocalım!
Ya ürəyim sinəmdəki bu dağla
Nə barışsın, nə unutsun, Xocalım!
26.02.2024
GÜNAHIM, SAVABIMSAN
Bitab düşən qəlbimə yerli-yersiz verdiyim
Mənasız suallarım, məntiqsiz cavabımsan.
Ömür boyu özümə heç rəva bilmədiyim
Bağışlanmaz günahım, olmayan savabımsan,
Hər iki dünyama da yetəcək əzabımsan.
Od düşübdür içimə elə yandırıb yaxır,
Qanım alov alıbdır damarlarımdan axır.
Gözümdə gözlədiyim şimşək, ildırım çaxır,
Çox uzaqdan işaran ilğımım, sərabımsan,
Hər iki dünyama da yetəcək əzabımsan.
Əlac eyləyir guya hər gələn bir söz deyir,
Pis nəfəsə gəlmisən, üstündəki göz, deyir.
Özü düşən ağlamaz, dözə bilsən, döz, deyir,
Sona çatmış, tükənmiş taqətimsən, tabımsan,
Hər iki dünyama da yetəcək əzabımsan.
Yazdığım hər şeirin hər sətri sən qoxuyar,
Yaddaşım çözələnib xatirələr toxuyar.
Düşünmə ki, nə vaxtsa bu göz səni oxuyar,
Bircə dəfə açılıb bağlanmış kitabımsan,
Hər iki dünyama da yetəcək əzabımsan.
Səmadakı mələklər bir məhkəmə quracaq,
Şahidəm deyərəkdən suç üzümə duracaq.
Vicdanım azmış kimi, bir də ənkir soracaq,
Sən mənim o dünyada axirət hesabımsan,
Hər iki dünyama da yetəcək əzabımsan.
05.06.2024
DƏRD QOŞUNDUR MƏNSƏ TƏK
Ayağım üzülmüşdü yer üzündən elə bil,
Bir cüt qanad taxmışdım bir baxışından sənin.
Ovsunlanmış kimiydim, dilim lal, qulağım kar,
Gözlərim kor olmuşdu üz naxışından sənin.
Necə çırpdınsa məni göyün yeddi qatından,
Yerin bağrı yarıldı, qanlar axdı çatından.
Bəxtsizlik yüyrək oldu bəxtin kəhər atından,
Özümə gələmmirəm son çıxışından sənin.
Adil deyil bu döyüş, dərd qoşundur, mənsə tək,
Çəkilməzdir ağrısı, çəkə bilsən, buyur, çək.
İkiyə bölünmüşəm şimşək vurmuş ağactək,
İldırımtək gurlayıb bir çaxışından sənin.
16.06.2024
BOYNUMA KEÇİRDİYİN İPİNDƏN SALLANMIŞAM
A zalımın balası, ay insafsızın biri,
İntizarın yandırıb oduna qalanmışam.
Həsrətə fərman verib, gömmüsən diri-diri,
Varrımdan yox olmuşam, elə bil yalanmışam.
Bir zaman alov saçan eşqin çırağı sönüb,
İnam məndən gen düşüb, ümidin üzü dönüb.
Nə yaman qarğınmışam, bəxtim tərsinə çönüb,
Düşmən torpağı kimi çapılıb, talanmışam.
Günahsız hisslərimə dar ağacı qurulub,
Can çəkişən gümanım çırpınmaqdan yorulub.
Ayrılıb vücudumdan ruhum çıxıb, durulub,
Boynuma keçirdiyin ipindən sallanmışam.
Dərdin yük olsa belə sevdim, heç vaxt atmadım,
Qürurun kölgəsində daldalanıb yatmadım.
Arzuma, istəyimə, muradıma çatmadım,
Daş çatladan səbrdən nə yaman kalanmışam.
21.05.2024
YOL YORĞUN, YOLÇU YORĞUN
Yol acı bağırsaqtək uzandıqca uzanır,
İkisi də yorulub, yol yorğun, yolçu yorğun.
Yola verir bir-birin, ötüşürlər birtəhər,
İkisi də yorulub, yol yorğun, yolçu yorğun.
Yaradan çəkib sanki ikisin də sınağa,
Yola deyibdir, yol ver bəndə adlı qonağa.
Əgər yola getməsə gələcəklər qınağa,
İkisi də yorulub, yol yorğun, yolçu yorğun.
Birgə addımlasa da, qoşa getsələr hara,
Yol döyməkdən yolçunun ayağı olub yara.
Tapdanmaqdan yolların özü də gəlib zara,
İkisi də yorulub, yol yorğun, yolçu yorğun.
Müsibətələr çəksə də bu yolda onun başı
Uzun illər yol olub yolçunun dərd sirdaşı.
Doğmlaşıb yolçuya yolun torpağı, daşı,
İkisidə yorulub, yol yorğun, yolçu yorğun.
11.06.2024
KAŞ
Kəbətək dövrəmdə təvaf edərdin,
Yanağından axan yaş olardım kaş.
Yarıb var qüvvənlə insan selini,
Öpmək istədiyin daş olardım kaş.
Rəbbimdən özünə məni dilərdin,
Ömründən ömrümə bir nur çilərdin.
Sənsiz öldüyümü, zalım, bilərdin,
Arzular içində baş olardım kaş.
Alnına tökülən telin olardım,
Əlini qoyduğun belin olardım.
Yurd-yuvan, bir doğma elin olardım,
Gözünün üstündə qaş olardım kaş.
05.05.2024
MƏKTUBUNU OXUDUM
Məktubunu oxudum,
Soruşursan: Necəyəm?
Günə həsrət dolanan
Qaranlıq bir gecəyəm.
Sənə intizar gözüm
Məktubunu gözləyir.
Məktubundan duyulan
Nəfəsini özləyir.
İlk əlimə alanda
Qəlb yarpaqtək titrəyir.
Sonra oxumaq üçün,
Arzu, istək kükrəyir.
Başdan-sona oxuyub
Əvvəlcə ağlayıram.
Sonrasa əlin dəyib
Deyə sığallayıram.
Təkrar-təkrar göz atıb
Çək-çevir eyləyirəm.
Heç özüm də bilmirəm,
Düzü, mən neyləyirəm?!
19.06.2024
SƏN DƏRMAN
UMDUĞUM DƏRDİN
Gedim durum yolun üstə,
İşdir birdən mənə baxdın.
Bəlkə dərdin tər bənövşə –
İpək tellərimə taxdın.
Nə ağırmış həsrət belə,
Yolum saçım, verim yelə?
Axırda gətirdin dilə,
Gözü kordur belə bəxtin.
Yar, əğyarə könül verdin,
Hansı ləbdən busə dərdin?
Sən dərman umduğum dərdin,
Onu da üzümə çaxdın.
Bir sevinib, bir ağladıq,
Gecəni cüt sabahladıq.
Peyman ilə əhd bağladıq,
Sən əhdə naxələf çıxdın.
Nə yaman naxələf çıxdın!
04.06.2024
DANIŞ GÖRÜM NECƏSƏN?!
Sən aça bilmədiyim
Sirr dolu bir gecəsən.
Nə susmusan, a zalım,
Danış, görüm necəsən?
Kimdən gözlədin sənə
Könül süfrəsin sala?!
Barmaqların batdımı
Məndən ayrı yağ-bala?!
Görən kimlər gözünə
Mənim kimi baxdı ki?!
Sırğa edib sözünü
Qulağına taxdı ki?!
Kimlər durdu səcdənə
Mənim durduğum kimi?
Sonsuz xəyallar qurdu,
Mənim qurduğum kimi…
Məncə mənsiz ömrünü
Xərcləmisən heçə sən.
Atma içinə, adam,
Danış, görüm necəsən?
18.06.2024
ZiM.Az
The post SEVİNC AZADLI (1975) appeared first on .