Xocalı soyqırımı bəşəriyyətə qarşı ən böyük cinayət idi –
6 min readErmənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Xocalı onların yolu üstündə böyük bir maneəyə çevrilmişdi. Ona görə ki, Xocalı özünün coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral şose yolunun, həm də dəmiryolunun üstündə yerləşirdi. Həm dəmiryolu Xocalının içindən keçirdi, həm də hava limanı Xocalıda idi. Buna görə də ermənilər hər cəhdlə Xocalını köçürməyə, məhv etməyə çalışırdılar. 1991-ci il dekabrın 15-də 110 evli Cəmilli kəndi yandırıldı.
Dekabrın 24- nə keçən gecə 60 evli Meşəli kəndi bir gecənin içində tamamilə yandırıldı. 60 ailədən 27 nəfər şəhid oldu. 91-ci il dekabrın 28-də 350 evli Kərkicahan qəsəbəsi yandırıldı. Kərkicahan Stepanakertlə Şuşanın arasında mühüm strateji mövqedə yerləşir. Kərkicahanı yandırmadan, almadan, dağıtmadan Şuşaya tərəf getmək mümkün deyildi. Ermənilər Kərkicahanı məhv etdilər.
1992-ci ilin fevralın ortalarında ermənilər Xocəvənd rayonunun Qaradağlı kəndinin54 sakininin vəhşicəsinə öldürüb silos quyularına atdılar. 1992-ci ilin fevralın 25-də isə erməni hərbi birləşmələri sovet ordusundan qalma xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı alayın köməyi ilə dinc xocalı əhalisinə hücum etdilər. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan sonralar Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin “müdafiə naziri”olmuşdu) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. (“Xocalının işğalına dair istintaq materiallarından”).
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə xanım erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar”.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı haqqında demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Şükrlər olsun ki, xocalıların qanı yerdə qalmad. Qüdrətli Sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük müharibədə döyüş meydanında Xocalıların qisasını aldı. Bir günlük antiterror əməliyyatı nəticəsində isə xalqımızın qədim torpaqlarından olan Xocalı azad edildi. İlahi və tarixi ədalət bərpa olundu.Xocalıda törədilmiş cinayətlər ayrı-ayrılıqda və ya təsadüfi akt deyil, Ermənistanın geniş yayılmış və sistemli etnik təmizləmə siyasətinin və təcrübəsinin tərkib hissəsidir.
Xocalı soyqırımı İkinci Dünya Müharibəsindən sonra Avropada günahsız dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli kütləvi qırğın idi.
Xocalı soyqırımı beynəlxalq ictimaiyyətin tam sükut və laqeydliyi şəraitində baş verib. Xocalı qurbanlarının ədalətini Azərbaycan dövlətinin özü təmin edib. Xocalı 2023-cü ilin sentyabrında işğaldan azad edilib və bu cinayətin bir qrup təşkilatçısı və icraçısı tezliklə məhkəmə qarşısına çıxarılacaq. Bundan sonra biz Xocalının yenidən çiçəklənməsinin şahidi olacayıq.
Əyyub Kərimov,
AzTU-nun “Humanitar fənlər” kafedrasının
professoru, fəsəfə elmləri doktoru