“VƏTƏN MƏNİM RUHUMDUR, NƏFƏSİMDİR!”

9 min read

Əliyeva Ramilə Zahid qızı – 1977-ci il dekabrın 13-də Bakı şəhərində do­­ğulub. Orta təhsilini 1995-ci ildə bi­­­tirib, elə həmin ildə Bakı Dövlət Üni­versitetinin biologiya fakultəsinə qə­­bul olunub. Bioloq-fizioloq ixtisa­sı­na yiyələnib. Ailəlidir. 3 övladı var.

Ədəbiyyata olan dərin marağı, öz duy­ğu və dü­şün­cələrini mis­ralara çevirməyə imkan verib. 2021-ci ildən da­vamlı şeirlər yaz­mağa başlayıb. İlk şeirini anasına ünvanlayıb. Analı dün­ya­sı­nı misralara köçürüb.

Azər­baycan ədəbi fikrinə yeniliklər gə­tirmək arzusunda olan Ramilə xanımın duyğu və düşüncələrini ifadə edən şeirləri müx­­təlif dövrü mətbuat orqanlarında, o cümlədən, “Bütöv Azər­­baycan”, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərində, “Tur­k­ay” aylıq ədəbiyyat dərgisində, zim.az, zirve.info, zir­ve.in­fo.az, zefer.info.az, yurd.info.az və s. internet saytla­rında, “Zir­və” və “Zəfər” ədəbi-bədii, elmi-publisistik məcmuələrin­də, “Şam işığı” ədəbi-bədii məcmuəsində, “Nur ocağı” ədəbi-bədii məc­lisinin antologiyalarında, “Kəlağayı əlvan-qıy­qacı”, “Anam kəlağaylı bir muğamıydı” və s. kitablarda çap olunub.

Qəmgin naxışlara tuş gəldi ömrüm,

Mən baharda xəzan ömrü yaşadım.

Cəhd elədim ağlamayım, hey gülüm,

Xəyalları pozan ömrü yaşadım.

– deyən Ramilə xanım hazırda “Borçalı” nəşriyyatının re­dak­­toru, “Yurd.info.az” saytının şöbə müdiridir.

“Abdulla Şaiq”, “Xurşidbanu Natəvan”, “Zirvə”, “Zəfər” “Qızıl qələm” mükafatları lau­reatlarıdır.

Biz də Ramilə xanıma yeni-yeni uğurlar arzulayırıq və aşa­ğı­da onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

ZiM.Az

 

UCAL, AZƏRBAYCANIM!

Ana yurdum, çiçəklənən diyarım,
Sənə bağlı duyğum, xoş arzularım,
Qoy var olsun elim,obam,mahalım,
Sabahından güc al, Azərbaycanım!
Ucaldıqca, ucal, Azərbaycanım!

Sən qəlbimin alovusan,odusan,
Sən eşqimin əzəl-axır adısan,
Sən dilimin bal ləzzəti, dadısan.
Keçmişinlə qocal, Azərbaycanım!
Bu gününlə ucal, Azərbaycanım!

Dağlarının zirvəsində qar gözəl,
Yamaçlarda gül toplayan yar gözəl,
Bağ-bağçanda heyva gözəl, nar gözəl.
Gözəllikdən bac al, Azərbaycanım!
Yüksəklərə ucal Azərbaycanım!

Çox yanlışlar durdu sənin qəsdinə,
Doğruları itirməyin qəsdi nə?
Mən qurbanam duruşuna, şəstinə.
Düşmənindən öc al, Azərbaycanım!
Sən tarix yaz, ucal Azərbaycanım!

Ey Vətənim, Ey Yenilməz millətim,
Var-dövlətim, şan-şöhrətim, sərvətim,
Sənlə dolu saf duyğum, xoş niyyətim.
Zirvələrdə tac ol, Azərbaycanım!
Güdrətli ol, güc ol, Azərbaycanım!

AZƏRBAYCAN DİYARI

Bir anam var Azərbaycan diyarı,
Odur ruhum, odur eşqim, harayım.
Mən vətəni qarış-qarış arayım,
Yorulmaram, bükülməyən dizim var,
Ocağında atəşim var, közüm var.

Vətən eşqi,qoy, güç versin bizlərə,
Bu eşq sığmaz deyimlərə,sözlərə.
Sevinc qonsun kədər dolu gözlərə ,
Hər uğurda gözəllik var,düzüm var,
Qələbəndə cəsarət var, dözüm var.

Vətən, sənin adın ilə ucaldım,
Qələbədən mən ruhlandım,güc aldım,
Tarixlərin yaddaşında qocaldın.
Hələ neçə deyilməmiş sözün var
Zəfərlərdə silinməyən izin var!

VƏTƏN

Yenə kədərlidir, yenə qəmlidir,
Ruhumu titrədən bu anın, Vətən.
Həsrət qoxuludur, gözü nəmlidir,
Yüksək zirvələrdə dumanın, Vətən

Şəhid xəbəriylə açıldı səhər,
Yenəmi gözyaşı,yenəmi qəhər?
Yenə ölməzliyin kitabın yazdı,
Vətən sevdalısı olan Şəhidlər.

Bir Vətən sevgisi ürəyimizdə,
Sanki bir məşəlli yoldu bu sevgi.
İsti otaqlardan, rahat yataqdan,
Soyuq səngərlərə doldu bu sevgi.

Oğullar Vətənçün qurban getdilər,
Deməyin heç zaman öldü Şəhidlər.
Uca bir millətin, yenilməz xalqın,
Zəfər salnaməsi oldu Şəhidlər.

Vətən, açılacaq nurlu sabahlar,
Kədər yox olacaq, bitəcək həsrət.
Müqəddəs ruhların məskən saldığı,
Torpaq gülüstana dönəcək, əlbət!

VƏTƏN MƏNİM RUHUMDUR,
NƏFƏSİMDİR!

Dünya sirli bir nağıla bənzəyir-
Acısı da, şirini də bizimdir.
Vətən eşqi ruhumuzu bəzəyir,
Vətən çoşqun harayımdır, səsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!

Anaların laylasıyla böyüdük,
Qəlbdə Vətən sevgisiylə öyündük.
Vahid idik- parçalandıq, bölündük,
Hünərin var, bu həsrətə döz indi,
Vətən mənim ruhumdur, nəfəsimdir!

Düşündükcə vətənimi, yurdumu,
Vəsf elədim ocağımı, odumu.
Xatirələr dilləndirdi duyğumu,
Vətən mənim yaşamaq həvəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!

Biz dünyada nələr görüb gəlmişik..,
Bir həsrətin soyuğunda dinmişik.
Zərrələrə, qətrələrə dönmüşük,
Cığırında itib-batan izimdir,
Vətən mənim ruhumdur, nəfəsimdir!

Ana yurdum, çiçəklənən diyarım,
Sənsən fikrim,ən şirin duyğularım!
Xoşbəxt olsun elim, obam, mahalım,
Ağrı, acı kifayətdir, bəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!

 

O ŞƏNBƏ GECƏSİ, YANVAR SƏHƏRİ

(20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunub)

Azadlıq ruhuna köklənən bir xalq,
Bir şənbə gecəsi nigaran, oyaq.
Susur düşüncələr, durğundur fikir,
Bu xalq azadlığın həsrətin çəkir.

Meydan insanlarla qaynayır, daşır,
Şüarlar səslənir, tələblər coşur.
Bir anda qaranlıq çökür hər yerə,
Bu nə fəlakətdir, bu nə zəlzələ.

Azad dövlət üçün çalışan millət,
Sipər edər köksün tanklara əlbət.
O şənbə gecəsi verir hökmünü,
Mümkünə çevirir çox namümkünü.

Güllə yağışına tutulur şəhər,
Hər yerə tökülür giliz, qəlpələr.
Matəm libasına bürünür Bakı,
Dan yeri sökülür fəryadla sanki.

O gecə çox şeylər olur aş(i) kar,
Bilindi bu xalqın böyük əzmi var.
Azadlıq verilmir,alınır bəli,
Buna şahid oldu Yanvar səhəri.

XOCALIM

Can Xocalım, qan yaddaşım,
Sızlayır torpağım,daşım,
Qəm, kədərdir yol yoldaşım.
Mən bu dərdə necə dözüm?
Qəm yüklənib düzüm-düzüm

Sarsıldı könlüm sarayı,
Eşidən varmı harayı?
Qatı düşmən, yoxdur tayın.
Bitib-tükənibdi sözüm,
Kədər,həsrət düzüm-düzüm.

Anaların ah-naləsi,
Hanı bu dərdin çarəsi?
Tərs dövr edir yer kürəsi,
Qan içində yolum-izim,
Qəm yüklənib düzüm-düzüm

Köməksizdən öc aldılar,
Şərəfsizlər bic oldular.
Xocalıda qocaldılar.
Körpəm,cavanım,əzizim.
Acı həsrət düzüm-düzüm.

Ana yurdum, ucal hər an,
Qalib olsun Azərbaycan!
Biz bir olaq,vahid bir can!
Ay Xocalım, qəm dənizim,
Kədər bitsin, gülsün üzüm.

ŞƏHİD KƏNAN

Şəhid Müzəffərli Kənan
Azər oğlunun ruhuna
ithaf olunur.

Bir ana ağlayır tutub üzünü,
Köksündə bir Kənan həsrəti qalıb.
Bir ata yollardan çəkmir gözünü,
Yollarda bir oğul qisməti qalıb.

Ananın qəlbindən bir fəryad qopur,
Torpaq da ağlayır,daş da ağlayır.
Atanın ruhuna bir kədər hopur,
Quru da ağlayır, yaş da ağlayır.

Bir oğul böyütmək asan deyil ki,
Qəlbinin odunu qoyasan gərək.
İgidlik dastanı yazan deyir ki,
Vətəni ruhunda duyasan gərək.

Bir Şəhid boylanır xatirələrdən,
Üzündə təbəssüm, əlində qələm.
Vətən harayına yetişən gündən,
Qələm silah oldu, dəyişdi aləm.

Məqamın ucadır, ey Şəhid Kənan,
Dağtək əzəmətli oğulsan,ərsən.
Əminəm yenə də igid olardın,
Dünyaya yenidən Kənan tək gəlsən!

ŞƏHİDİM

Məğrur-məğrur dayanıbsan zirvədə,
Vətənə əmanət olan Şəhidim.
Qürur verdin bu xalqa, bu millətə,
Gənc yaşda baharı solan Şəhidim.

Bir dövlətin yenilməzlik qalası,
Bu torpağın mərd, qəhrəman balası.
Şücaətin tarix boyu qalası,
Cəsarət himnini çalan Şəhidim.

Vüqarından düşmən bağrı yarıldı,
Qəmli gözlər yollarında yoruldu.
Şəhid oldun,bayrağına sarıldın,
Anası saçını yolan Şəhidim.

Vətən eşqin tükənmədi qəlbində,
Cəsur oldun, yenilmədin hərbində.
Anaların naləsində, dərdində,
Nəm olub gözlərə dolan Şəhidim.

Nicat tapdı sənlə sönmüş diləklər,
Vətən deyib cuşa gəldi ürəklər,
Məzarını bəzəyidir çiçəklər.
Cənnət bağçasında dolan,Şəhidim !
Əbədi Cənnətdə olan Şəhidim!

BİR ANANIN İKİ ŞƏHİD BALASI

(İki şəhidimiz Mehman və Vaqif Bayramov qardaşlarının anası Zeynəb anaya həsr olunub)

Bir ananın iki şəhid balası,
Bir ürəyin iki həsrət laylası,
Vaqif, Mehman yenilməzlik qalası.
Əzəmətdi, fəxarətdi, yurduma,
Uca Allah, güc-qüvvət ver orduma!
***
Bu dünyaya mərd oğullar gətirdin,
Gül bağçanda tər çiçəklər bitirdin,
Vətən eşqin qəlblərinə ötürdün.
İki şəhid oğul verdin xalqıma,
Qadir Allah, güc-qüvvət ver orduma!
***
Zeynəb ana Mehmanını arzular,
Vaqif üçün gör, nə qədər arzu var…
Bu ananın əzəməti xan çinar.
Kök salıbdır vətənimə, yurduma,
Uca Allah, güc-qüvvət ver, orduma!
***
Zeynəb anam, gözün yaşla dolmasın,
Gül bağçanı daha xəzan almasın,
Vətən, daha qoy, şəhidin olmasın.
Gözəl günlər nəsib olsun xalqıma,
Qadir Allah güc-qüvvət ver orduma!

 

“Zəfər”

 

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir