“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib

3 min read

Azərbaycan Texniki Universiteti (AzTU) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.

Tədbirdə universitetin və nazirliyin rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.

AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş sovetlər ittifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi.

MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilisiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. Nazirlikdə müdafiə sənayesi sahəsi üzrə ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğu diqqətə çatdırılıb.

Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri Ələkbər Hüseynov, Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri Rasim Bəşirov, Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov, Xüsusi texnika və texnologiya fakültəsinin magistr tələbəsi Amin Mamedov ulu öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki,  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, Azərbaycanın müdafiə təyinatlı məhsullarının şöhrəti artıq dünyada geniş yayılmaqdadır.

Bildirilib ki, regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsi olan AzTU müdafiə sənayesi sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində MSN-lə sıx əməkdaşlıq edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir