AzTU-da qida tullantılarının təkrar emalına həsr olunan dəyirmi masa keçirilib

3 min read

AzTU-da universitet-sənaye əməkdaşlığı kontekstində dövlət – akademiya – biznes və ictimai təşkilatların nümayəndələrinin birgə iştirakı ilə “Qida tullantılarının təkrar emalı” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada Hacettepe Universitetinin professoru Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən “Ilgınlar” şirkətinin tədqiqat və inkişaf məsələləri üzrə məsləhətçisi Behzat Gürkan və şirkətin təmsilçisi Osman Ilgının geniş təqdimatları dinlənilib.

Tədbirdə AzTU, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Azad İstehlakçılar Birliyi, “Sun Food” MMC, “Təhlükəli Tullantılar” MMC, “Təmiz Sumqayıt-Kənan” MMC, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, İqtisadi Elmi Tədqiqat İnstitutu, Azərbaycan Standartlaşma İnstitutu, “Təmiz Şəhər” ASC, Azərsun Holding, İqtisadi Zonaların İnkişafı Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan İnvestisiya Şirkəti, Veysəloğlu Şirkətlər Qrupu, “Azərbaycan Supermarket” MMC, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələri geniş müzakirələr aparıblar.

Türkiyə Sənaye və Texnologiyalar Nazirliyi tərəfindən maliyyləşdirilən “Qida tullantılarının təkrar emalı” layihəsinin operatoru “Ilgınlar” sənayeyönümlü qida emalı və yem maddələri şirkətinin bu sahədə uzunmüddətli təcrübəsi müzakirələr zamanı böyük marağa səbəb olub. Qeyd olunub ki, vaxtı keçmiş və ya zay olmuş qida məhsullarının çeşidlənməsi, qida tullantılarının qiymətləndirilərək üzvü gübrə, şəkər tozu, etil spirti (sənaye məqsədli) və digər təkrar emalın aparılması ölkəmiz üçün də son dərəcə əhəmiyyətlidir.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev son illər universitetdə magistratura səviyyəsində yerinə yetirilən dissertasiya tədqiqatlarında sosial-iqtisadi inkişafın problemlərinə həsr olunan mövzuların seçilməsini və qida tullantılarına dair bir neçə magistr işlərinin yerinə yetirildiyini vurğulayıb. Qeyd olunub ki, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi və universitetlərin sənayenin bu sektorunda iştirakı gələcək zaman üçün gözlənilən tələblərdir. Bu çağırışların fonunda AzTU-da akademik bilik və təcrübənin sənayeyə inteqrasiyası, dünyada istifadə olunan ən yaxşı təcrübələrin ölkəmizə gətirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində əhəmiyyətli iş aparılır.

Qeyd edək ki, sözügedən mövzu istiqaməti ötən il AzTU rektorunun Türkiyəyə səfəri çərçivəsində aparılan müzakirələr zamanı meydana gəlib. Bu istiqamətdə işlər AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi tərəfindən koordinasiya edilir.

“Ziya”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir