AzTU-da Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib –
2 min readAzərbaycan Texniki Universitetində (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Vətənimə gedən yol” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində Xocalı faciəsinə həsr olunan rəsm sərgisinə baxıblar.
Sonra Xocalı soyqırımı qurbanlarının və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli Xocalı soyqırımının bəşər tarixinin ən dəhşətli faciəsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Tarixçi Vasif Qafarov builki anım tədbirində kədər və qürur hissələrinin eyni anda yaşandığını və Xocalı qurbnlarının ruhunun şad olduğunu qeyd edib. Vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü və yenilməzliyi sayəsində ötən il keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycanın hər yerində, o cümlədən Xocalıda Azərbaycan bayrağı dalğalanır.
Çıxışlardan sonra tələbələrin ifasında Xocalı soyqırımına həsr olunan şeirlər səsləndirilib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.