AzTU-da 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib
2 min readAzərbaycan Texniki Universitetində (AzTU)Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU HİK sədri Elvin Bəxtiyarlı Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. Elvin Bəxtiyarlı ölkədə aparılan gənclər siyasəti və gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, AzTU-da da il ərzində tələbə və gənc müəllimlərin bilik və bacarıqlarının, həmçinin innovativ ideyalarının təşkmilləşdirilməsi istiqamətində müxtəlif tədbirlər, interaktiv yarışlar keçirilir.
Sonra çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev və rektorun strateji məsələlər üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək gəncləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar və hər zaman öz üzərlərində çalışmağı arzulayıblar.
Daha sonra Elvin Bəxtiyarlı qeyd edib ki, Gənclər Günü ərəfəsində bu il də HİK tərəfindən “AzTU Gəncləri-2” müsabiqəsi keçirilib. Müsabiqədə il ərzində namizədlik disseratasiyası müdafiə edən, elmi məqaləsi nəşr olunan, sosial aktivlik nümayiş etdirən, nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar iştirak ediblər.
Müsabiqənin nəticəsinə görə, Şəbnəm Hətəmova “İlin gələcək vəd edən gənci” nominasiyası üzrə III yerə, Günel Məmmədli “İlin peşəkar gənci” nominasiyası üzrə II yerə, Nuran Süleymanova isə “AzTU-da ilin gənc müəllimi” nominasiyası üzrə I yerə layiq görülərək “AzTU Gəncləri-2” müsabiqəsinin qalibi olub. Çıxışlardan sonra müsabiqənin qalibləri, eləcə də il ərzində nizam-intizamı və universitetin fəaliyyətinə verdiyi töhfəyə görə fərqlənən gənc əməkdaşlar fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Bundan başqa, THİK-in və universitetin ictimai-sosial həyatında fərqlənən tələbələrə də AzTU THİK tərəfindən fəxri fərman təqdim olunub.