QAYIT GÜLÜM, DARIXMIŞAM SƏNİNÇÜN! –
Bəzi acılar var ki… heç vaxt qaysaq tutmayacağını zaman keçdikcə daha çox hiss edirsən. Hər kəs torpaq uğrunda Şəhid olan qəhrəmanların xatirəsini əziz tutur, müqəddəs bilir .
Amma siz bir də Şəhidi onun doğmalarından soruşun: bitməyən acılardan, yarım qalmış arzulardan və tamamlanmamış Şəhid həyatından sizə hekayələr danışsın.., qəlbinin ağrısını, yanğısını dilə gətirsin…
Belə qəmli hekayələrə könlünü sipər etmiş bir çox Şəhid yaxınları,anaları, ataları, bacıları və s doğmaları, əzizləri var. Köksünü övlad acısı, şəhid həsrəti ilə dolduran belə qəhrəman analarımızdan biri də iki Şəhid anası Zeynəb anadır. O,Şəhid övladlarının ağrı-acısını qəlbində yaşadaraq hər zaman məğrur dayanmağı bacaran Azərbaycan xanımı,Azərbaycan anasıdır. Lakin zaman-zaman bu qəm,bu kədər könül dünyasının qapılarını açıb vərəqlərlərə tökülür və ananın kövrək həsrətinin ifadəsinə çevrilir. Aprel ayının 1-i Zeynəb ananın ilk Şəhid övladı Mehman Bayramovun mövlud günüdür. Ananın aprel ayının 1-də dünyaya gəlib 21 il sonra iyul ayının 1-də qəhrəmancasına şəhid olan Mehman balasına ünvanlanmış həsrətini siz oxucularımızın diqqətinə çatdırırıq.
RAMİLƏ ƏLİYEVA
ZiM.Az
QAYIT GÜLÜM, DARIXMIŞAM SƏNİNÇÜN!
Əlimdən gəlsəydi əgər mənim də,
Bir şeir yazardım mən Mehmanıma,
Səpərdim əriyən ürək yağımı,
Axan göz yaşımla misralarıma!
Atan son xəbəri eşitmək üçün radionu işə saldı. Hələ tez idi deyəsən. Həzin bir musiqi sədaları yayıldı evə, müğənni sanki qəlbimin səsini yayırdı aləmə:
“Gecə də, gündüz də axtarır gözüm səni.
Dilimdə bir adın, gəzirəm özüm səni”
Mehman balam, sən 1 apreldə, dünyanın zarafat, gülüş və aldatma günündə dünyaya göz açmısan. Mənə elə gəlir ki, yenə də zarafat edirsən. Sən 1 apreldə hamını aldatsan da, heç zaman ananı aldatmazdın. İndi gəlməməyin də kaş bir zarafat, aldatma olaydı. Kaş 1 apreldə evinə gəlib ana səni aldadırdım, zarafat edirdim deyəydin. Sağ olsaydın 34 yaşını qeyd edərdim, lakin sən həmişə cavansan ağac kimi 21 yaşında olacaqsan,21 yaşında qalacaqsan…
Mənim 21 illik qonağım, Mehman balam!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada
Deyən Səməd Vurğun bu şeri həm də sənin kimi dünyada tez köcənlərə həsr edib.
Müğənni bu mahnıdan başqa mahnıya keçir:
Qəlbimdə ahu-zarım var,
Hər səbri qərarım var.
Artıq səbrim tükənib, illər keçdikcə məndən daha çox uzaqlaşırsan, Mehman balam!
Qoyub bizi intizarda neyçün gəlməz, mənim balam?!
Sənsiz heç nəyin dadı-duzu qalmayıb, mənim balam. Qara uzun gecələrim, nəmli gözlərlə açdığım sabahlarım haraylar səni.., “Hardasan?”
“Harda ahu mələsə bil ki, o, mənəm sənsiz!”
Bəlkə şirin bir yuxuya getmisən ona görə eşitmirsən mənim fəryadımı?
“Könlüm fəryad eləyir, nə yatmısan, oyan, gül!”
Ya da uzaq bir səfərə çıxmısan, əbədi bir səfərə getmisən deməyə dilim gəlmir. Səni yıxılmış görüb ağlayır gözlərim.Amma sən yoxsan deməyə dilim gəlmir hələ də… Çünki ümidlə yaşayıram. Yoxluğuna İnandığım gün sənin yanina köçəcəm, Mehman balam! 2 il əsgərlikdə oldun, 6 ay döyüşdə. Ona görə də elə bilrəm ki, harasa getmisən yenə nə vaxtsa gələcəksən.
Ümid dolu gözlərim yoluna dikilib səni gözləyir.Ətrin burnuma gəlir, ürəyim yaman istəyir səni, Mehman balam!
Qayıt gülüm darıxmışam səninçün,
Qayıt gülüm anan ölür səninçün.
Uzun ayrılıqdan, həsrətdən sonra,
Deyəsən ayrılıq daşını atdın.
Özünü gözlədik, nədən, ay oğul
Binamıza daş olaraq qayıtdın..?

İKİ ŞƏHİD ANASI –
BAYRAMOVA ZEYNAB ƏSGƏR QIZI
ZiM.Az
